Azərbaycanın taleyində payız

167

1991, 1993, 1995-ci il. Əslində keçmişə söykənən belə rəqəmlər bizə ilk olaraq doğum tarixlərimizi xatırladır. Lakin hər bir xalqın tarixində də belə unudulmayan, xüsusi olan rəqəmlər var. Hansı ki, onlar da yaxşı, ya da pis, öz əlamətdarlığı ilə seçilir, yaxud da müəyyən bir uğurun təməli hesab edilir.

Ölkəmiz, xalqımız üçün təqvimimizdə qırmızı çərçivəyə salınmış şanlı günlər biri-birindən daha vacib, daha əlamətdardır. Bu günlər sayılmaqla, haqqında danışılmaqla bitməz. Mövzunun məqalənin başlığına aid hissəsi barədə bir-neçə cümlə ilə kifayətlənməli olacağıq. Payız Azərbaycana nə verib və ya payızda Azərbaycanda nələr olub?

Ölkəmiz üçün olduqca mühüm hesab edilən tarixlə başlayaq sözə. 1918-ci ilin 9 noyabrı. Xalqımızı bir arzuolunana qovuşduran tarix. Təqvimin bu günündə tamaşa edilmişdi səmanı boylayan o üçrəngli heyranedici bayrağa. Bizi tamamlayan atributumuz təsdiq edilmişdi. Bu, əslində Azərbaycanın da müəyyən mənada özünütəsdiqi idi,    desək, yəqin ki, yanılmarıq. Məgər bir ölkəni ölkə edən də məhz onun rəmzləri deyilmidir?

1988-ci ilin 17 noyabrı. Azadlıq üçün “Azadlıq” meydanında ayağa qalxan xalqın qələbə tarixi-Milli Dirçəliş günü. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağ iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. 
Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, bundan sonrasında isə hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. 

1990-cı ilin 17 noyabrı. Məhz bu payız günündə 70 il əvvəl süqut edən bir dövlətin bayrağı yenidən günəş kimi onun göylərində doğdu. Onu yenidən  yüksəlməsi ilə xalqın azadlıq eşqi dənizə döndü. 

1991-ci ilin 18 oktyabrı-Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunduğu gün. Özü-özünə sahiblik hissinə nail olmağa aparan yol və arzu edilən azadlığa qovuşulan tarix.

1993-cü ilin 3 oktyabrı. Xalqımızı ağır təlatümlərdən, ölkəmizi məhv olmaqdan xilas edən şəxs-Heydər Əliyev məhz bu gündə dövlət başçısı seçilib. Həmin gün xalqımız seçimi ilə özünün gələcək taleyini, müqəddəratını həll etdi.

15 oktyabr 2003-cü il. Azərbaycanda Prezident seçkilərinin keçirildiyi tarix. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ilk dəfə məhz elə 2003-cü ilin bu tarixində xalq tərəfindən Prezident seçilib. 

1995-ci ilin 12 noyabrı. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Ümumxalq referendumu ilə qəbul edilən bu Konstitusiya respublikamızın müstəqilliyinin bərpasından sonra qəbul edilən ilk Konstitusiyası idi.

Bundan əlavə ölkə üçün əhəmiyyətli sayılan nə qədər qurumun peşə bayramı, mühüm sənədlərin qəbul olduğu tarix payız fəslinə təsadüf edir.

Poetik tərəfdən isə payız yaradıcılıq fəslidir. Yağışın bol olmasındanmı, ayaq altında xışılayan, sarı karvanı xatırladan yarpaqlardanmı, hər nədirsə,  yaradıcı insanların ruhuna toxunur bu fəsil. Dahi Nizami, Hüseyn Cavid, Məmməd Araz kimi misralarına ruhunu, kövrək hisslərini, Vətən sevgisini qatan şairlər bu fəsildə dünyaya göz açıb. 

Yeni yaşa qədəm qoyanda bəzi düşüncələrə qapılırıq: Ağrılı, acılı, şirinli bir yaşı daha geridə qoyduq. Ölkə olaraq da, bu fəsildə müxtəlif əlamətdar, bəzən də məyus olacağımız hadisələrə şahidlik eləmişik.

Nəinki təqvimin bu 3 ayı, ilin, ayın önəmi olmadan, açılan hər səhərin  Azərbaycanın taleyinə xoş qədəmlərlə gəlməsi diləyilə    

  Fatma BABAYEVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: