Ağbulaq İstirahət Mərkəzi hər fəsildə qonaqlarını qarşılayır

268

İnsanların asudə vaxtının düzgün təşkil olunması onların yaradıcı enerjisindən daha səmərəli istifadəyə, məşğul olduğu işindən möhkəm yapışmağa və həyatdan zövq almağa imkan verən ən sınanmış vasitələrdəndir. Bu baxımdan muxtar respublikamızda da regionun zəngin turizm ehtiyatlarından istifadə olunaraq fəal istirahətin təşkili məsələləri hazırda diqqət mərkəzində olan sahələrdəndir. Muxtar respublikamızın zəngin və rəngarəng təbiəti turizmin hərtərəfli inkişafına əlverişli şərait yaradır. Bu sahədə rayonumuzu xüsusilə qeyd etmək olar. Rayonumuzun əsrarəngiz təbiət gözəllikləri ilə əhatə olunan Batabat yaylağı, Ağbulaq, Kükü, Biçənək, Nursu, Keçili və başqa kəndləri turizm üçün ən gözəl ünvanlardır. İlin müxtəlif fəsillərində insanlar istirahət etmək üçün başqa-başqa şəhərlərə, kəndlərə, mənzərəli yurd yerlərinə, arana, yaylağa üz tutduqları kimi, ən gözəl istirahət üçün Şahbuz rayonunu da özlərinə ünvan seçirlər. Çünki rayonun tarixi abidələri, gəzməli-görməli yerləri, təmiz havası, mineral müalicəvi bulaqları, zəngin dərman bitkiləri, kənd təsərrüfatı məhsulları istirahət arzusunda olanların diqqətini daha çox çəkir. Elə buna görə də Batabat yaylağı ilə yanaşı, adlarını çəkdiklərimiz kəndlər də bu gün əsl turizm zonası kimi məşhurdur. Son illərdə istifadəyə verilən Ağbulaq İstirahət Mərkəzində yaradılan şərait burada turizmin inkişafına mükəmməl şərait yaradıb. İstirahət mərkəzinə dünyanın bir çox yerlərindən sənət, peşə sahibləri, iş adamları, dövlət xadimləri gəlirlərsə, deməli, bu məkanda insanların marağına, istəyinə uyğun nələrsə var. Yazda, yayda olduğu kimi, payızda və qışda da turizmə maraq göstərən insanlar bu yerlərə üz tuturlar. Günlərlə rayonumuzun qonağı olan turistlər həm də kənd sakinlərinin xidmətlərindən istifadə etmək imkanı qazanırlar. Kənddə istehsal olunan yerli məhsullardan-qatıq, süd, qaymaq, şor, kərə, ət, yumurta, meyvə almaq arzusunda olan turistlərə həmin məhsullar münasib qiymətlərə istədikləri qədər təklif olunur. Bütün bunlar isə istehlakçının öz məhsulunu elə evindəcə istədiyi qiymətə realizə etməsinə şərait yaradır. Deməli, turizmin inkişafı həm təbliğatımız, həm də qazancımız üçün real imkanlar yaradır.

                      Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: