Ölkəmiz QİÇS virusu infeksiyasına görə dünyada ən aşağı göstəriciyə malikdir

132

Artıq dördüncü ildir ki, ölkəmiz Avropa İİV test həftəliyinə qoşulub. Hər il noyabr ayının son günlərinə təsadüf edən həftəlik bu il noyabrın 23-dən 30-dək davam edib. Onu da qeyd etməyə dəyər ki, Azərbaycan İİV-infeksiyanın ən az yayıldığı ölkələr sırasındadır. Regional bölgü üzrə Şərqi Avropa və Mərkəzi Asiyada yer tutan Azərbaycan hər 100 min nəfərə düşən QİÇS virusu infeksiyasına görə, ən aşağı göstəriciyə malikdir. Belə ki, ölkəmizdə bu problemə hər 100 min şəxsdən 5,8-də rast gəlmək mümkündürsə, Rusiyada bu göstərici 42 nəfər təşkil edir. Azərbaycanın dünyada İİV infeksiyasınin ən az yayıldığı ölkələr sırasında yer tutduğu Dünya Səhiyyə Təşkilatı, BMT-nin İİV Proqramı və Xəstəliklərə Nəzarət Mərkəzinin Avropa bürosunun hesabatında da öz əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov məlumat verib.

O, bu sahədə mövcud vəziyyət barədə deyib: “Hazırda QİÇS-lə Mübarizə Mərkəzində 6111 nəfər qeydiyyatdadır. Ölkəmiz həmin virus infeksiyasına qarşı ABŞ, Kanada, Böyük Britaniya, Norveç və s. kimi inkişaf etmiş ölkələrdə tətbiq edilən müasir strategiya əsasında mübarizə aparır. Bu o deməkdir ki, xəstəyə diaqnoz qoyulan gündən onun müalicəsinə başlanılır. QİÇS elə xəstəlikdir ki, onunla mübarizə zamanı istifadə edilən dərmanlar ömürlük qəbul edilməlidir və bu, kifayət qədər maliyyə vəsaiti tələb edir. Onu da qeyd etmək lazımdır ki, həmin dərmanların hamısı dövlət vəsaiti hesabına ödənilir.

İİV-virusu əsasən qan və cinsi yolla ötürülür. Əhalini bu barədə məlumatlandırmaqla onları qorumaq başlıca vəzifələrdən biridir. Xəstəliyin müalicəsi zamanı fasiləyə yol verilməməli və bu proses davamlı şəkildə aparılmalıdır ki, virusun qanda konsentrasiyası daim aşağı vəziyyətdə qalsın. Hazırda 20-25 il əvvəl İİV-virusu ilə qeydə alınan xəstələr normal həyatlarına davam edirlər. Məqsəd ölkəmizdə həmin epidemiyanın səviyyəsini sıfıra endirməkdir. Buna nail olmaq üçün kifayət qədər maliyyə dəstəyi, kadr ehtiyatı və maddi-texniki baza var. 2013-cü ildən başlayaraq digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə artım yoxdur, qeydiyyata götürülən xəstələrin sayı stabil olaraq qalır”.

Şöbə müdirinin verdiyi məlumata görə, 2012-ci ildən Səhiyyə Nazirliyinin göstərişi ilə respublikamızın 50 regionunda könüllü məsləhət və müayinə kabineti açılıb. Müraciət edən hər bir vətəndaş narkoloji və vərəm dispanserlərində, narkoloji kabinetlərdə yoxlanılaraq qısa vaxt ərzində virusa yoluxub-yoluxmadığını öyrənə bilər. Həmin dispanser və kabinetlərdə müayinə ən müasir testlər vasitəsilə aparılır və nəticəni bir neçə dəqiqə ərzində öyrənmək mümkündür.

Natiq Zülfüqarov daha sonra deyib: “Dünyada həmin virusa yoluxanların 79 faizi müalicələr qəbul edir. Dünya Səhiyyə Təşkilatı göstərir ki, 2020-ci ilədək həmin rəqəmi 90 faizə çatdırmaq mümkün olsa, 2030-cu ildən sonra epidemiyanı geri qaytarmaq mümkündür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: