QİÇS-ə yoluxma səbəbləri və xəstəliklə mübarizə yolları

219

Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də qazanılmış immun çatışmazlığı sindromu-QİÇS-dir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir. İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi “İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası” termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandıranlar da var. Bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Dünyada və ölkəmizdə tibb elminin qarşısında bir sual kimi durur bu “sakit ölüm”ün müalicə yolları.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada QİÇS-lə yoluxma halları durmadan artır. Elə buna görə də xəstəliyin tibbi, sosial aspektləri bütün ölkələrdə tədqiq olunur. İlk növbədə, xəstəliyə tutulanların şəxsiyyəti, nə ilə məşğul olmaları öyrənilir. Xəstəliyə tutulanların əksəriyyəti narkomanlar, alkoqoliklər, qeyri-normal, əxlaqsız  həyat tərzi yaşayan kişi və qadınlar olurlar. Bəzən isə xəstəliyə günahsız insanlar da özləri bilmədən, diqqətsizlik nəticəsində yoluxurlar. Virus daşıyıcıları ilə yaxından təmasda olmaq, onun əşyalarından istifadə etmək, xəstə donorların qanının istifadəsi, stomatoloq, kosmetoloq və ginekoloqların pasiyentlər haqda məlumatsızlıqları üzündən “virus yükü”nü tutmuş alətlərin istifadəsi zamanı yoluxma halları baş verir.

QİÇS virusları ətraf mühitə qarşı dözümsüzdür. 57 dərəcədə 2 dəqiqəyə, 100 dərəcədə isə ani müddətə tələf olurlar. Eyni zamanda bütün dezinfeksiyaedici maddələr və günəş şüası vasitəsilə asanlıqla ölür, xəstəliktörədici qabiliyyətini itirir. Müşahidə və tədqiqatlar göstərir ki, bu xəstəliyə  tutulmamaq üçün müalicə və müayinə zamanı tibbi alətlərin birdəfəlik istifadəsinə nail olmaq lazımdır. Şübhəsiz ümumi antisanitariya tədbirləri də mütləq lazımdır. Onunla ciddi mübarizə hər kəsin həm şəxsi, həm ictimai borcudur.

Xəstəliyə tutulanlarda nə istilik 39-40 dərəcəyə qalxır, nə üşütmə, nə əzələ ağrıları, nə öyümə, qusma, nə sayıqlama, nə nəbzin sahmanını itirməsi, nə də kəskin baş ağrıları nəzərə çarpmır. Onun törədicisi bir neçə növ virusdur. Həmin viruslar yüksək mutasiyalılığı (çoxalması) ilə fərqlənir. Daxili üzvlərin fəaliyyətində heç bir pozğunluq nəzərə çarpmır. Bütün başqa xəstəliklər “gəlişini” öz əlamətləri ilə bildirirsə, QİÇS heç bir əlamətlə müşahidə olunmur. Orqanizm bütövlükdə heç nədən əzab çəkmir, funksional və orqanik dəyişiklik baş vermir. Bu xəstəlik  çox sakitcə  orqanizmdə öz inkişaf dövrünü keçirir və qısa zaman ərzində  bədəni ölüm tüğyanı bürüyür, xəstə ani müddətdə, deyə-gülə “sönür”.

Bir cəhəti də qeyd etmək lazımdır ki, adətən bütün xəstəliklər irsi-anadangəlmə və qazanılan-sonradan yaranma olmaqla 2 qrupa bölünürlər. Hər bir xəstəliyin mikrobunun orqanizmə keçməsi üçün spesifik “qapısı” olur. Lakin haqqında danışdığımız xəstəliyin dəqiq yaranma və inkişaf mexanizmi yenə də bir sirr olaraq qalır.

Hər birimizə məlumdur ki, xəstəliklər üçün nə zaman, nə sərhəd, nə də qadağa yoxdur. Diqqətsiz, laqeyd, biganə, tüfeyli, narkoman, alkoqol asılılığı  olan bir insan istər ən ucqar dağ kəndində yaşasın, istərsə də dünyanın ən inkişaf etmiş şəhərində, fərq etməz. Hər kəs seçdiyi həyat tərzi ilə ya bəlalara, xəstəliklərə qucaq açır, ya da sağlamlığına, uzunömürlülüyünə təminat yaradır.

Ləyaqətini gəncliyindən qorumağa qadir olmayanlar gələcəyini itirənlərdir, özlərini sabahsız qoyanlardır.  Böyük rus yazıçısı Anton Çexov deyirdi ki, rəqibinə qalib gəlmək istəyən insan öz şərəfini gözləməli, nəfsinə qalib gəlməyə qadir olmalıdır. Və ya, atalarımız demişkən, hər kəs yüz il yaşamasa, günah onun özündədir.

                  

Təmleyxa Cəbiyev

                                               həkim

“Oğuz səsi”qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: