AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Bioresurslar İnstitutunun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev və Naxçıvan Dövlət Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” kafedrasının əməkdaşı Leyla İbrahimovanın həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliyində torpaq mühitinin qorunması” adlı monoqrafiya işıq üzü görüb.
Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan nəşrdə Arazboyu düzənliyi torpaqlarının eko-coğrafi qiymətləndirilməsinin nəzəri, metodiki və metodoloji xüsusiyyətləri, regionun torpaq fondunun müasir istifadə vəziyyəti, coğrafi yayılması, münbitliyinin pozulmasına təsir edən mənfi təbii və antropogen amillər və onların aradan qaldırılması yolları işıqlandırılıb.
Müəlliflərin apardıqları tədqiqatların nəticələrini özündə əks etdirən və çoxsaylı cədvəllərin yer aldığı monoqrafiyadatorpaq kadastr rayon, yarımrayonları və torpaqları xüsusilə yem bitkiləri altında istifadənin aqrotexniki qaydaları ətraflı şərh olunub. Arazboyu düzənliyində torpaq mühitinin qorunması və artırılması üçün istiqamətlər müəyyənləşdirilərək, bir neçə tövsiyə və təkliflər verilib.
Arazboyu düzənliyində əkinəyararlı ərazilərdə torpaqların münbitliyinin qorunması, bərpası, artırılması ilə əlaqədar hazırlanan yeni nəşrnəzəri və praktiki cəhətdən olduqca dəyərlidir.