Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib

55

Mayın 7-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, daimi nümayəndəliyin kollektivi əvvəlcə Fəxri xiyabana gedərək, ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətindən bəhs edib. O bildirib ki, 1918-ci ildə müstəqilliyin əldə olunması çox böyük tarixi hadisə idi. Bu, xalqımızın gələcəkdə var olması, dövlətçilik prinsiplərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün böyük bir töhfə idi. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının müstəqilliyi tarixi hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox uzun yaşaya bilmədi. Bunun da səbəbləri var idi. Xalqımız uzun illər müstəqillik qazanmaq arzusunda olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçilik tarixinin ikinci, daha məsuliyyətli dövrü başlandı. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Bununla belə, Ulu Öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna böyük diqqət yetirirdi. Biz ulu öndər Heydər Əliyevi çox böyük fəxarətlə, vətənpərvərlik və milli hisslərlə yad edirik. Bu gün biz çox xoşbəxt xalqıq ki, Azərbaycana Ümummilli Liderin layiqli varisi İlham Əliyev rəhbərlik edir.

Qeyd edilib ki, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz məhv olmaqla üz-üzə qaldığı illərdə həyatını təhlükə qarşısında qoyaraq cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib. Ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırıb. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaq.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə Heydər Əliyevin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni dövrünə qədəm qoyub. Ötən 20 il ərzində həyata keçirilmiş böyük işlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikası 2017-ci ilin investisiya reytinqində lider seçilib. Bu gün Naxçıvan Muxtar Respublikasında 400 adda məhsul istehsal olunur. Enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, muxtar respublika bu gün qonşu dövlətlərə də enerji satışı ilə məşğul olur. Bütün bu misilsiz nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Ulu Öndərin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu layiqli bir insanı – Heydər Əliyevə sədaqət məktəbinin öncülü olan Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağı sövq edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycana tarixi uğur və xoşbəxtlik gətirdiyini qeyd edib. O deyib ki, Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Bu, çox böyük hadisə idi. Çünki Azərbaycan təkcə iqtisadi deyil, həmçinin mədəniyyət, incəsənət sahələrində və digər sahələrdə birinci yer tutdu. Dahi lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz inkişaf etdi.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti və onun rəhbərliyi ilə həyata keçirilən strateji əhəmiyyətli layihələr nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.

Milli Məclisin deputatı Elmira Axundova dahi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O vurğulayıb ki, ölkəmizin bugünkü inkişafı, əldə etdiyimiz uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə elm və təhsilin inkişafında, yüksəksəviyyəli kadrların hazırlanmasında xidmətlərindən danışıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Elşən Musayev, Jalə Əliyeva, Aqil Abbas və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Tədbirin sonunda Xalq Artisti Fidan Hacıyeva musiqi parçası ifa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: