Arı südünün istehsalı və müalicəvi əhəmiyyəti

109

Arıçılıq iqtisadi cəhətdən gəlirli sahə olduğu kimi, qida və müalicəvi əhəmiyyət baxımından da xeyirli və faydalı təsərrüfat sahəsidir. Şahbuz rayonunda da arıçılığın inkişaf etdirilməsinə maraq böyük olduğundan indi əksər kəndlərdə insanların məşğuliyyət sahələri sırasında arıçılıq mühüm yerlərdən birini tutur. Göstərilən dövlət qayğısından ruhlanan arıçı sahibkarlar ilbəil arı ailələrinin sayını artırırlar. Belə bir şey də var ki, rayonun zəngin təbiəti arıçılığın inkişafı üçün əlverişlidir. Xüsusilə Batabat yaylağı, Kükü, Biçənək, Kolanı, Gömür, Keçili, Külüs, Nursu dağlarının zəngin bitki örtüyü, min bir rəngdə gül-çiçəyi, yaxşı baltutarlarının olması bu sahə ilə məşğul olanlara geniş imkanlar yaradıb. Bu səbəbdən də Şahbuz balı öz şöhrətini muxtar respublikanın hüdudlarından kənarda tanıda bilib. Bu gün ümumilikdə rayon üzrə 20 mindən artıq arı ailəsi saxlanılır. Arıçıların zəhməti, qayğısı sayəsində bal, çiçək tozu, arı südü, vərəmum, güləm kimi arıçılıq məhsullarının istehsalı artıb. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi əhəmiyyəti böyükdür. İstərdik ki, bu yazımızda dünyada artırılması ən çox zəhmət tələb edən arı südü  və onun müalicəvi əhəmiyyəti barədə məlumat verək. Təcrübəli arıçılar deyirlər ki, arı südü ailədə yalnız ana arı və bala arıların qidalanması üçündür. Ana arı yaşadığı müddət boyunca arı südü ilə qidalanır. Digər arılar isə balaykən ilk 3 gün arı südü ilə bəslənirlər. İlk 3 gündən sonra isə bal və polenlə qidalanmaya  başlayırlar. Arı südünü bir həftəlik gənc işçi arılar yaradır. Gənc işçi arılar həyatlarının ən məhsuldar zamanlarında, yəni bir həftəlik olandan həm özləri, həm də insanlar üçün möcüzəvi faydaları olan arı südünü hazırlayırlar. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində əmələ gəlir. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur. Arı südü istehsalı və ana arı yetişdirilməsi eyni yolla, iki üsulla-təbii və süni üsküklər qoymaqla aparılır. Əgər süd alınırsa, o gözdə olan sürfə çıxarılır, inkişafın sonuna qədər gözləməklə sürfədən pup və yetkin ana arı əmələ gəlir.

Arı südü su, bəhməz və ya süddə həll edilərək istifadə  edilə bilər. Ən məşhur olanı balla qarışdırılandır. Bal həm bir az turş olan arı südünün daha rahat alınmasına kömək olur, həm də qoruyucu xüsusiyyəti ilə arı südünün xarab olmasının qarşısını alır.

Arı südünün dəyəri çox bahadır. Belə ki, arı südünün 1 qramının dəyəri 5 manatdır. Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin, zəif acıtəhər dada malik xamaya bənzər arı məhsuludur.

Arı südü şan gözcüklərində sürfə əmələ gəldikdən 48-72 saat sonra götürülməlidir. Hər gözdən çıxarılan südün miqdarı 50-300 milliqram arasında olur. Südün alınması və saxlanması diqqət və zəhmət tələb edən bir işdir.

Arı südü mütləq soyuducunun  buzxanasında saxlanmalıdır.

Saxlanma şəraiti-otaq temperaturunda, quru yerdə, günəş şüalarının birbaşa təsirindən qorunmalıdır.

Arı südünün tərkibi  su, zülallar (arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır), karbohidratlar, vitaminlər və müxtəlif maddələrlə zəngindir.

Arı südünün müalicəvi əhəmiyyətini  saymaqla bitməz. Güclü antivirus xassəlidir, uşaqların böyüməsinə kömək edir, qanyaratmanı yaxşılaşdırır, insulin yaranmasını tənzimləyir, qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarını azaldır və fosfolipidlərin miqdarını artırır. Qan dövranını yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır və orqanizmin qocalmasını ləngidir, saç problemlərinin qarşısının alınmasında, yaddaşı möhkəmləndirməkdə və endokrin vəzilərinin funksiyasını stimullaşdırmaqda, immun sisteminin gücləndirilməsində əvəzsiz rol oynayır. Hüceyrə yeniləmə xüsusiyyətinə görə xərçəng hüceyrələri yox edir.  Mədənin rahatlamasını təmin edər. Xora qastrit kimi mədə xəstəliklərini və mədə yanmasının qarşısını alır. Ürək və damar sisteminə yaxşı təsir edir. Arı südünün xüsusilə damar tıxanıqlığını asanlıqla aradan qaldırdığı, qanın damarlarda yaxşı dövr etməsini tənzimləyir.  Arı südünün təbii bir insulin kimi qandakı şəkəri yandıraraq enerjiyə çevirdiyi və insulin ehtiyacını azaltdığı təsbit edilib.

Uşaqlarda isə böyümə və inkişafa, əsəb sisteminin sakitləşdirilməsinə, mərkəzi sinir sisteminin funksional pozğunluqlarına müsbət təsir göstərir.

Kosmetikada da onun əhəmiyyəti böyükdür. Hüceyrə yeniləmə xüsusiyyəti sayəsində dəri qırışıqlıqlarını aradan qaldırmada istifadə edilir. Maska  olaraq da istifadə olunan arı südü insan dərisinin gözəlləşməsinə inanılmaz təsir göstərir.

Təcrübəli peşəkar arıçılar balla yanaşı arı südü istehsalı ilə məşğul olurlar. Bununla onlar ailə büdcəsinə əlavə gəlir gətirir, həmçinin insanların sağlamlığına müsbət təsir edən arı südü istehsalının çoxalmasına öz töhfələrini verirlər.

    Arzu Əhmədov

“Oğuz səsi ”qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: