Muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri təqdim olunub

788

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. İnfrastrukturun yenilənməsi, səhiyyə tibbi-informasiya sisteminin yaradılması, icbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının etibarlı təminatına səbəb olub. Bu gün yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlərin davamıdır. Niyazi Novruzov muxtar respublikanın səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, əhalinin sağlamlığının qorunması sahəsində məsuliyyətlə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın səhiyyə təşkilatlarına təcili tibbi yardım avtomobillərinin təqdim olunması münasibətilə kollektivləri təbrik edərək deyib: Ölkəmizdə və muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlər əhaliyə nümunəvi tibbi xidmət göstərməyə imkan verəcəkdir. Ölkə başçısının diqqət və qayğısı ilə yeni xəstəxanaların tikilməsi, müasir tibbi avadanlıqların və təcili tibbi yardım avtomobillərinin alınması, həkimlərin ixtisasının artırılması və həyata keçirilən digər tədbirlər səhiyyənin inkişafına səbəb olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, səhiyyə sistemindəki problemlər, şəraitsiz xəstəxanalar, dərman çatışmazlığı insanların sağlamlığı üçün böyük təhlükələr yaradırdı. Lakin o günlər keçmişdə qalıb. Bu gün Azərbaycan inkişaf edir. Ölkəmizdə digər sahələr kimi, səhiyyə də inkişaf edir, tibbi xidmətin keyfiyyəti yüksəldilir.

Ali Məclisin Sədri deyib: Hər bir ölkə üçün ən vacib sahələrdən biri də səhiyyədir. Çünki bu sahə insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Muxtar respublikada da səhiyyənin inkişafı istiqamətində tədbirlər görülür, yeni xəstəxanalar tikilir, tibbi kadrlar hazırlanır, ən müasir avadanlıqlar alınaraq istifadəyə verilir. Görülən işlərin nəticəsidir ki, hər ay muxtar respublikanın səhiyyə müəssisələrində minlərlə insan ambulator və stasionar müalicə olunur. Muxtar respublikada ana və uşaq ölümü minimum səviyyədədir. İnfeksion xəstəliklərin qarşısı alınır. Artıq muxtar respublika əhalisi öz səhiyyə müəssisələrimizə və həkimlərimizə etibar edir. Bütün bunlar səhiyyə sahəsində qazanılan nailiyyətlərdir.

Bu nailiyyət münasibətilə səhiyyə işçilərini təbrik edən Ali Məclisin Sədri deyib: Muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlər bundan sonra da davam etdiriləcək, müasir şərait yaradılacaq, yeni tibbi avadanlıqlar alınacaq, kadr hazırlığı aparılacaqdır. Bu gün feldşer-mama məntəqələrindən, həkim ambulatoriyalarından muxtar respublika təyinatlı xəstəxanalara qədər tibb müəssisələrinin 96 faizi tamamilə yenidən qurulub, müasir iş şəraiti yaradılıb. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi yenidən qurulur, tələbələrin ixtisaslı kadr kimi yetişməsi üçün lazımi şərait yaradılır.

Ali Məclisin Sədri deyib: Səhiyyə sahəsində ən mühüm məsələlərdən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Ona görə ki, xəstəyə vaxtında tibbi xidmətin göstərilməsi onun həyatını xilas edir. Vaxtında və düzgün tibbi xidmət göstərilmədikdə isə insan həyatı üçün təhlükə yaranır. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada təcili tibbi yardım xidmətinin təşkili diqqətdə saxlanılır. Bu gün 15 təcili tibbi yardım avtomobilinin muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunması da bu sahədə xidmətin keyfiyyətini yaxşılaşdıracaqdır. Səhiyyə sahəsində yaradılan şəraitdən, alınmış tibbi avadanlıqlardan və təcili tibbi yardım avtomobillərindən səmərəli istifadə olunmalı, əhaliyə bundan sonra da keyfiyyətli tibbi xidmət göstərilməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın səhiyyə işçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimova minnətdarlıq edərək deyib: Sədərək rayonunda tibbi xidmətin təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Muxtar respublikada ilk dəfə icbari tibbi sığortanın Sədərək rayonunda tətbiqi həm sakinlər, həm də tibb işçiləri tərəfindən razılıqla qarşılanır. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlib. Sədərək Rayon Mərkəzi Xəstəxanasına da təcili tibbi yardım avtomobilinin təqdim olunması bu sahədə fəaliyyətin səmərəli təşkilinə imkan verəcəkdir.

Sonra Ali Məclisin Sədri təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.

Baxış zamanı məlumat verilib ki, Türkiyə istehsalı olan təcili tibbi yardım avtomobillərində xəstələrin təxliyəsi zamanı ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılması üçün lazımi şərait yaradılıb. Avtomobillər oksigen balonları, hərəkətli araba və xərəklər, ilkin tibbi yardım çantaları, dərman vasitələri və digər avadanlıqlarla təchiz olunub. Salonda havalandırma, isitmə, soyutma və işıqlandırma sistemləri quraşdırılıb. Yüksək texniki imkanlara malik olan təcili tibbi yardım avtomobilləri istənilən hava və yol şəraitində xəstələrin təhlükəsiz təxliyəsinə imkan verəcəkdir.

Yeni təcili tibbi yardım avtomobilləri Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Mərkəzi Uşaq Xəstəxanasına, Təcili Tibbi Yardım Mərkəzinə, Şərur Rayon Uşaq Xəstəxanasına və bütün rayon mərkəzi xəstəxanalarına təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: