3 sentyabr 1991-ci il – müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün

136

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilmişdir.

Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.

Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışları isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.

XX əsrin 60-cı illərinə qədər dövlət idarəçiliyinin müxtəlif və məsuliyyətli mərhələlərində çalışmış ümummilli lider Heydər Əliyev üçün 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövr yeni bir mərhələ olmuşdur. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirmişdi. Onun ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi.

Ümummilli liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovetlər İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycan milli dövlətçilik tarixinin ən mühüm hadisəsi, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.

“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. … Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu öndərimiz Heydər Əliyev 3 sentyabr 1991-ci ildən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirdi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü.

Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirmişdir. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası doğma Naxçıvanda qoyulmuşdur. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilmişdir.

Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan xalqının ümummilli lideri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atmış, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdu.

Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən  mühüm amil olmuş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır.

Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.

“…Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən” – deyən ümummilli liderimiz muxtar respublikanın o zamankı ağır vəziyyətində – soyuq iş otağında, çıraq işığında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaratmışdır.

Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi 1991-1993-cü illərdə Naxçıvanda ümummilli liderimiz tərəfindən taleyüklü addımlar atılır, Azərbaycanın gələcək müstəqilliyini təmin etməyə yönəlmiş qərarlar qəbul olunurdu. Bu isə ölkəmizin müstəqilliyini istəməyənləri razı salmırdı. Antimilli qüvvələr  siyasi mübarizə məntiqinə sığmayan vasitələrdən istifadə etməyə çalışırdılar. 1992-ci il oktyabrın 24-də o zamankı iqtidarın təhriki ilə bir qrup silahlı şəxs Naxçıvanda ilk dövlət çevrilişi cəhdinə əl atdı. Lakin Heydər Əliyev dühasına inanan, onunla həmrəy olan xalqın qətiyyətli mövqeyi nəticəsində çevriliş cəhdi tam iflasa uğradı. Bu hadisə bir daha göstərdi ki, naxçıvanlılar ölkəni məhvə sürükləyənləri yox, məhz ümummilli lider Heydər Əliyevi dəstəkləyirlər.

Qeyd etmək lazımdır ki, ulu öndərin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar ulu öndərimizə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Ona görə də vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ümummilli lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”. Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunmuşdur. Bu gün əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası ulu öndərin arzusunda olduğu inkişafa və tərəqqiyə qovuşub. Bütün bunlar isə ümummilli liderimizin dövlətçilik yolunun Naxçıvanda davam etdirilməsinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin istər Ali Məclisin Sədri işlədiyi,  istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalmışdır. Çətin və mürəkkəb dövrdə dahi şəxsiyyət yorulmaz mübarizəsi ilə yeni bir epoxa yaratmışdır. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

Rauf Kəngərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: