İƏT Xəbər Agentlikləri Birliyinin saytında Cümhuriyyətin 100 illiyinə dair məqalə yerləşdirilib

112

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, məqalənin müəllifi Hazim Əbdu yazıda ərəb dilində çapdan çıxan kitab haqqında ətraflı məlumat verib. Yazıda ölkəmizin dövlətçilik tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, xalqımızın müstəqillik yolunda qarşılaşdığı çətinlikləri dəf edərək bu gün inkişaf etmiş ölkələr sırasında özünə layiqli yerini tutması barədə ətraflı söhbət açılıb.

Məqalədə kitabın 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə etməsi, beş fəsildən ibarət olması xüsusi vurğulanıb. Nəşrin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və onun nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çapdan çıxması diqqətə çatdırılıb. Qeyd olunub ki, birinci fəsildə Azərbaycanın coğrafi mövqeyinə, təbii sərvətlərinə və strateji əhəmiyyətinə, həmçinin ölkəmizlə bağlı geostrateji, geoiqtisadi və geosiyasi məsələlərə toxunulub.

“Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika (1918-1920)” adlı ikinci fəsildə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından söhbət açılıb. Cümhuriyyətin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz iz qoyduğu, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilib. Bu fəsildə, həmçinin erməni təcavüzü, 31 Mart soyqırımı, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasəti barədə məlumat verilib.

“Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlı üçüncü fəsildə Cümhuriyyətin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın üzləşdiyi problemlər, eləcə də ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə qazanılan nailiyyətlər, habelə 1988-ci ildə yenidən başlayan erməni təcavüzü və işğalı, qanlı 20 Yanvar hadisələri ilə bağlı məlumatlar əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə müstəqilliyin ilk illərində ölkə həyatının bütün sahələrində baş verən siyasi və iqtisadi böhran, yaranan təhdidlər, ərazilərimizin 20 faizinin işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, bu dövrdən başlayaraq Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoyması və əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Nəşrin sonuncu – beşinci fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi sürətli inkişaf dövrü, ölkəmizin müxtəlif sahələrdə qazandığı nailiyyətlər, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və s. məsələlər barədə ətraflı məlumatlar oxuculara təqdim edilib.

Məqalənin ərəb dilindəki tam mətnini bu link vasitəsilə oxumaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: