Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində konfrans keçirilib

471

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans təşkil edib.

Konfransda  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvanda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, hazırda ümumtəhsil məktəblərinin kitabxana fondunda  3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat var.

Rəhman Məmmədov muxtar respublika ümumtəhsil məktəblərinin kitabxanalarının fəaliyyətindəki nöqsanlardan da danışıb. Bildirilib ki, kitabxanalar fəaliyyətini düzgün qurmayıb, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər lazımi səviyyədə təşkil olunmayıb, kitabların uçota alınması və qorunmasına lazımi diqqət yetirilməyib,  eyni zamanda sənədləşmə işləri düzgün aparılmayıb, tədbirlər formal olaraq təşkil edilib.

Vurğulanıb ki, 2018-2019-cu tədris ili məktəb kitabxanalarının fəaliyyətində ciddi dönüş ili olmalı, kitabxanalar fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda şagirdlərin kitabxanaya cəlbinə diqqəti artırmalı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına çalışmalı, həmçinin oxuculara xidmət işini yüksəltməli, kitabların elektron kataloqu yaradılmalı, sənədləşmə işləri mövcud təlimata uyğun aparılmalıdır.

Qeyd olunub ki, metodiki kabinetlər məktəb kitabxanalarına metodiki köməklik göstərməli, nümunəvi iş planları hazırlamalı, kitabxana işçilər üçün davamlı kurslar təşkil etməli, qabaqcıl iş təcrübəsi öyrədilməlidir. Bununla yanaşı, kitabxanalarda şagird və müəllimlərin iştirakı ilə ədəbi -bədii tədbirlər, kitab müzakirələri, müsabiqələr, poeziya gecələri, həmçinin vətənpərvərlik mövzusunda söhbətlər və görüşlər, oxucu konfransları təşkil edilməli, şagird və müəllimlərin oxunması zəruri olan kitabları mütaliə etməsi istiqamətində iş aparılmalıdır.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının şöbə müdiri Nüşabə Seyidova və Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov çıxış ediblər. Ümumtəhsil müəssisələrində kitabxana işinin təşkili, kitabxanaçıların vəzifəsi, şagirdlərin kitabxanalardan istifadə qaydaları, məktəb kitabxanalarında kütləvi tədbirlərin təşkili ilə bağlı ətraflı məlumat verilib.

Konfrans interaktiv əlaqə vasitəsilə muxtar respublikanın 200-dən çox ümumtəhsil  müəssisəsində izlənilib.

Konfransın sonunda ümumtəhsil müəssisələrinin kitabxanalarına “Məktəb kitabxanalarının fəaliyyət planı” və “Kitabxanaçı üçün yaddaş” kitabçaları paylanılıb.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: