Qədim Naxçıvan torpağının yetişdirdiyi böyük İslam alimi Baba Nemətullah Naxçıvani haqqında nə bilirik?
Məşhur sufi şeyxi və filosof Baba Nemətullah Naxçıvani qədim Naxçıvan şəhərində dünyaya göz açıb və həyatının çox hissəsini burada keçirib. Sonradan İran və Türkiyədə yaşayan alim bəzi mənbələrdə Şeyx Əlvan, Ülvanəl Ağşəhri, Baba Nemət, Baba Nemətullah, Baba Naxçıvani kimi xatırlanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli məlumat verib.
Fəxrəddin Səfərli qeyd edib ki, qədim Naxçıvan torpağının yetişdirdiyi böyük alim Baba Nemətullah Naxçıvani həyatının çox hissəsini hicri-qəməri təqvimi ilə IX, miladi təqvimi ilə XV yüzillikdə yaşayıb. Naxçıvani uşaq yaşlarından islami elmləri öyrənməyə başlayıb, həmin vaxtlardan özünün əqli, zəkası və digər müsbət keyfiyyətləri ilə diqqəti cəlb edib. Uşaqlıq və gənclik illərində, Uzun Həsənin dövründə (1467-1478-ci illər) zəmanəsinin bir çox alimlərindən, o cümlədən məşhur alim Xacə Mahmud Parsandan dərs alıb, Ağqoyunlu Sultan Yaqub zamanında (1478-1490-cı illər) Naxçıvan mədrəsələrində müəllim işləyib, qısa bir zamanda dövrünün tanınmış alimlərindən birinə çevrilib, zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanıb. Bu sahədə də mükəmməl bilik aldıqdan sonra Naxçıvandan ayrılıb, İslam aləminin bir çox önəmli mərkəzlərini gəzib, bir müddət Təbrizdə yaşayıb, görkəmli sufi şeyxi Ömər Rövşəni ilə burada görüşüb. Təbrizdə qısa müddət qalmasına baxmayaraq, Azərbaycanın bu qədim elm və mədəniyyət mərkəzində yaşayan alimlərlə, xüsusilə Ömər Rövşəni ilə görüşləri və söhbətləri onun elmi dünyagörüşünə və sufilik baxımından daha da kamilləşməsinə böyük təsir göstərib. Təbrizdə yaşadığı dövrdə zəmanəsinin görkəmli sufi şeyxlərindən “Nəqşibəndiyyə” təriqətinə mənsub Sunullah Kuzəkunani (1523-cü ildə vəfat edib) və onun xəlifəsi Dərviş Əxi Hüsrəvşahi (1530-cu ildə vəfat edib) vasitəsilə həmin təriqətə daxil olub. Ona şeyxlik məqamının Dərviş Əxi Hüsrəvşahi tərəfindən verildiyi də məlumdur. “Nəqşibəndiyyə” təriqətinin “Xəlvətiyyə” qoluna daxil olan Baba Nemətullah Naxçıvani bundan sonra həyatının çoxunu tənhalıqda keçirib. Müasirləri tərəfindən “Gizlənən dərviş” adlandırılan Baba Nemətullah Naxçıvaninin həyatı haqqında məlumatın azlığı da bununla əlaqədardır.
“Baba Nemətullah Naxçıvani hicri-qəməri təqvimi ilə 905-ci ildə (miladi 1499) Təbrizi tərk edərək Anadoluya gedib, Qaraman vilayətinin Ağşəhər qəsəbəsində məskunlaşıb. Qısa müddətdə Ağşəhər camaatının xüsusi hörmətini qazanıb və bir təkkə (xanəgah) quraraq ətrafına müridlər toplayıb, çoxlu tələbələr yetişdirib. Həmçinin o, xalqa həqiqi, doğru yol göstərilməsi istiqamətində bir sıra addımlar atıb. Məhz bunun nəticəsidir ki, o, zaman keçdikcə xalqın sevgi və etimadını qazanıb”, – deyən AMEA-nın müxbir üzvü bildirib ki, bu səbəbdən, hətta Ağşəhər camaatı arasında onu əlvan (ulvan) şeyx kimi çağırıblar. Qaynaqlarda “Əlvanül-Ağşəhri”, yəni “Ağşəhərin qüruru” kimi təqdim olunub və qurmuş olduğu təkkənin şeyxi olduğu üçün “Şeyx Əlvan” ləqəbi verilib. Ağşəhərdə, təxminən, 15 il yaşayan Baba Nemətullah 1514-cü ildə vəfat edib və orada da dəfn olunub.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru vurğulayıb ki, Baba Nemətullah Naxçıvani zəmanəsinin tanınmış alimi, filosofu, məşhur sufi şeyxi olub. Əhməd bin Mustafa Taşköprüzadə “Şəqayiqün-Nömaniyyə” əsərində onun adını Sultan Bəyazidxan Fazi zamanının (1481-1512-ci illər) məşhur şeyxləri sırasında qeyd edərək yazır: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah Naxçıvani özünü xalqdan gizlədirdi. O, rəbbani (ilahi) elmlərdə dərin bilikli olmuşdur. O, Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarələr və bəlağətli ifadələrlə aydınlaşdırmışdır”. Bu fikir onun “Nəqşibəndiyyə”nin Xəlvətilik qoluna mənsubluğundan və yüksək elmə, biliyə malik olmasından irəli gəlirdi. Sufiliklə bağlı ədəbiyyatlardan məlumdur ki, dörd idrak mərhələsini (şəriət, təriqət, mərifət, həqiqət) keçən adamlar o dərəcədə yüksək elmə, savada malik olurdular ki, onlar elm dəryasında özlərinin çox az bildiklərini və ya bildiklərinin naqis olduğunu dərk edirdilər. Ona görə də onlar camaat arasına çox çıxmır, tərki-dünya, xanənişin həyat keçirir, öz hücrələrində tək-tənha oturaraq günlərini ibadət və zikrlə keçirirdilər. Baba Nemətullah Naxçıvaninin də özünü xalqdan gizlətməsi bununla izah olunmalıdır.
Fəxrəddin Səfərli deyib: Məşhur sufi şeyxi və filosof həyatı boyu bir neçə qiymətli əsər və bəzi orta əsr müəlliflərinin əsərlərinə şərh yazıb. Onun günümüzə gəlib çatan əsərləri aşağıdakılardır: “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”), “Hidayət əl-İxvan” (təsəvvüfə dair əsər), Mühyiddin ibn Ərəbinin “Füsusəl hikəm”inə yazdığı təsəvvüfi bir şərh, “Əl-Kadi təfsiri haşiyəsi”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” adlı təsəvvüfə dair farsca əsərinin eyni dildəki şərhi, Qazi Beyzavinin “Ənvar ət-Tənzil və əsrar ət-Təvil” əsərinə haşiyə (qeydlər) və sair. Ancaq təəssüf ki, belə bir görkəmli şəxsiyyətin həyat və yaradıcılığı keçən yüzillikdə bəzi ictimai-siyasi səbəblər üzündən diqqətdən kənarda qalıb, sistemli tədqiqat obyektinə çevrilməyib, onun haqqında elmi ictimaiyyətə və xalqa məlumat çatdırılmayıb.
Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Baba Nemətullah Naxçıvaninin yaradıcılığının öyrənilməsi və tədqiqi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 oktyabr tarixdə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzaladığını qeyd edən AMEA-nın müxbir üzvü vurğulayıb ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planı ilə muxtar respublikamızın müvafiq müəssisə və təşkilatlarının qarşısında mühüm vəzifələr qoyulub. Sərəncamın icrası ilə əlaqədar Nemətullah Naxçıvani yaradıcılığının tədqiqi ilə bağlı elmi və təşkilati tədbirlərin görülməsi, “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının nəşr edilməsi, alimin irsinin araşdırılması məqsədilə Türkiyəyə tədqiqatçı-mütəxəssislərin göndərilməsi, onun qəbrinin bərpa olunması, Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərinin tərcümə olunaraq nəşr edilməsi, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.