Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı ümummilli lider Heydər Əliyevin təşəbbüs və qayğısı ilə 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatı kimi yaradılıb və qədim diyarda musiqi sənətinin yüksəlişinə stimul verib.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova söyləyib.
Nazir bildirib ki, ötən 40 il ərzində təşkilat muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak edib, milli musiqi mədəniyyətinin zənginləşməsi yolunda səmərəli fəaliyyət göstərib. Müstəqillik illərində muxtar respublikada təşkilatın fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onun sıralarına yeni üzvlər qəbul edilib. Bu illərdə Naxçıvan bəstəkarları əhəmiyyətli uğurlar qazanıb.
Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb, mədəniyyət və incəsənətimizə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova mədəniyyət ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək qeyd edib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsi yolunda uğurlu fəaliyyət göstərir. Təşkilatın ötən illərdəki hesabat konsertlərindən söhbət açan Yaşar Xəlilov bildirib ki, naxçıvanlı bəstəkarların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin marağına səbəb olub. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi dəfələrlə böyük konsert salonlarında səslənib. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirib, yeni əsərlər yaratmağa ruhlandırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub.
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımovun “Sönməyən Günəşim” əsəri ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri səsləndirilib.