Hələ ötən əsrin yetmişinci illərində həmyerlimiz şair Cavad Cavadlı “Azərbaycan təbiəti” jurnalında yazırdı ki, dünyanın heç bir kəndində Havuşdakı qədər şəlalə, zəngin bitki örtüyü yoxdur. Burada hündür dağların zirvəsindən tullanan irili-xırdalı 12 şəlalə mövcuddur, cəviz, alma, yabanı armud,zirinc, yemişan, itburnu, ardıc, dağdağan, əppəkli, qaraca, böyürtkən, ağacları və kolları, bumbuz bulaqlar, güllü-çiçəkli yamaclar adamı heyran edir.
Axura kəndindəki “Yuxarı bulaq”dan Havuş kəndinədək olan yol 12 kilometrdir. Dağların yamaclarında salınmış və üzüyuxarı uzanan enişli-yoxuşlu, sərt döngəli bu yolu əvvəllər hər avtomaşınla qət etmək mümkün deyildi. Muxtar respublikamızda dağ və sərhəd kəndlərinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan Havuşa da pay düşmüşdür. Son illər yolun hamarlanması, sel və daşqınların yol yatağını yumaması üçün lazım olan yerlərdə sukeçərlərin düzəldilməsi kəndə gediş-gəlişi asanlaşdırmışdır. Ona görə də 15-20 il bundan əvvələ qədər Yeni Havuş kəndinə və rayonun digər yaşayış məntəqələrinə köçmək istəyində olan havuşlular artıq doğma kəndlərində məskunlaşmağa daha çox üstünlük verir, yeni mənzillər inşa edir, istifadəyə yararsız olan tikililəri bərpa edirlər.
Havuşluların əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq və bağçılıqdır. Yaşlı sakinlərin dediyinə görə bir vaxtlar burada cəvizliklər geniş ərazini tuturdu. Səksəninci illərin sonu – doxsanıncı illərin əvvələrində qış aylarında mənzilləri qızdırmaq, digər məişət qayğılarını həll etmək üçün yabanı bitkilərlə yanaşı, cəviz ağaclarının da çoxu kəsilib yandırılmışdı. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərinin bir hissəsi kimi Havuşda da yeni bağların salınması nəticəsində artıq cəviz ağaclarının sayı xeyli artıb. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdən aldığımız məlumata görə hazırda Havuşda cəviz bağları 4 hektardan artıq ərazini tutur, həyətyanı sahələrin də hər birində 4-5 ədəd köklü cəviz ağacı vardır.
Havuşda yetişən cəvizin ləpələri həm daha çox dadlı, həm də yağlı olur. Ona görə də kənddə cəvizliklərin sahəsini genişləndirmək nəzərdə tutulub. Bunun üçün bir neçə gün bundan əvvəl daha 4 hektar sahədə yeni cəviz bağı salınıb. “Göl yeri” deyilən geniş ərazidə salınan bağa iqlimə uyğun 390 ədəd kətanköynək cəviz tingi, hər tingin dibinə isə iki cəviz toxumu basdırılıb. Toxumların basdırılması yeni tinglərin yetişdirilməsi məqsədi daşıyır. Bu xeyirxah tədbirdə rayonun əksər kəndlərindən könüllü gəlmiş şərurlular da həvəslə çalışıblar.
Qeyd edək ki, yeni cəviz bağının salındığı ərazi “Çıraxana” deyilən gur bulağın suyu ilə suvarılır. Gələn yazda Havuşda yeni cəviz bağlarının salınması və cəviz bağlarının ümumi sahəsinin20 hektara çatdırılması nəzərdə tutulub.
“Şərurun səsi” qəzeti