Ana dilimiz ən əsas milli dəyərimizdir. Çünki milli varlığımızın ilkin təməlini məhz ana dilimiz təşkil edir. Əgər ana dili yoxdursa, demək, xalq da yoxdur. Türk dilləri ailəsinə mənsub olan ana dilimizin min illərlə yaşı var. Bu dildə ən zəngin fikirlər ifadə olunub. Zəngin və məzmunlu xalq ədəbiyyatımız yaradılıb. Atalar sözləri və məsəllər, şirin, məzəli lətifələr ana dilimizin müdrikliyindən, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi dastanlar isə həm xalqımızın, həm də ana dilimizin qəhrəmanlığından yaranıb. Dilimizdə Həsənoğlu, Nəsimi, Şah babamız Xətai, dahi Füzuli, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqa nə qədər görkəmli şeir-sənət adamları mənəvi xəzinə yaradıblar.
Ana dilimiz xalqımızın mənəvi varlığı, mövcudluğudur. Görkəmli Azərbaycan ziyalısı Firudin bəy Köçərli yazırdı ki: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir”. Ana dili xalqın keçmişini, qədimliyini özündə əxz edir. Min illər keçsə də, söz yaşayır, özü ilə barabər xalqı, onun həyat və düşüncə tərzini də yaşadır. Bu gün haqlı deyirlər ki, xalq ölər, dil yaşar. Dil ölsə, xalq da ölər, yaşamaz. Latınlar bu gün harda və necə yaşayırlar heç kimə bəlli deyil. Amma latın dili vaxtilə qüdrətli bir xalqın var oluşundan xəbər verir. Lakin bu gün bu dil olmadığından, yaşamadığından latın xalqı da yoxdur. Məhz bu mənada dil hər bir xalqın taleyidir. Azərbaycançılığın məşhur kəlamının müəllifi olan ümummilli liderimiz Heydər Əliyev ana dilimiz haqqında da deyirdi ki: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu əhəmiyyətindən irəli gəlirdi ki, görkəmli şair və ədiblər ana dilimizə məhəbbət əsərləri yazaraq onu sevməyi, qorumağı və yaşatmağı vəzifə biliblər. Belə vətənpərvər şairlərimizdən biri də Bəxtiyar Vahabzadədir. Onun yaradıcılığı ana dilimizə məhəbbət ideyası ilə zəngindir. Bu mövzu şairin “Ana dili” adlı şeirinin əsas mövzusudur. Böyük şairimiz yazır:
Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiztək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Göründüyü kimi, şair ana dilini milli ruh, insanları doğmalaşdıran vasitə, nəsilləri bir birinə bağlayan tarixi yaddaş və s. kimi təqdim edir.
Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu başlıca yerdə gəlir. “Ana dili”, “Anamın kitabı”, “Mənim anam”, “Neo”, “Latın dili”, “Hörümçək tor bağladı”, “Lal-kar” və başqa şeirlərində məhz ana dilinin xalqın taleyindəki rolu əks olunub. Onun hər bir əsərində ana dilinə məhəbbət ön planda dayanır. Şair “Mənim anam” şeirində gerçək ana ilə tərbiyəedici ana olan ana dilinin vəhdətini yaradıb:
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib.
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
“Neo” adlı şeirində isə dili ola-ola dilini danışa bilməmək dərdi əks olunub:
Yaman dərddir,
Dilin ola, nə danışıb, nə dinəsən.
Yaman dərddir,
Ağlın ola, özgəsinin ağlı ilə düşünəsən…
Şairin “Hörümçək tor bağladı” şeirində isə ana dili milli ruh olaraq təqdim edilib:
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu,
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
“Latın dili” şeirində isə cəsarətli şair ana dilinin rəsmi məclislərdən kənar edilməsinə etiraz edir. Ana dilinə istiqlaliyyət, azadlıq istəyi ilə çıxış edir:
“Mən azadam, müstəqiləm” sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?..
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin
Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim?..
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə… onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?
…Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur.
…İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
Göründüyü kimi, ana dilinə məhəbbət Bəxtiyar Vahabzadə yaradıcılığında əsas yerlərdən birini tutur. Ümumiyyətlə, istiqlal şairi olan Bəxtiyar Vahabzadə xalqımızın taleyi məsələsini öz yaradıcılığında əhatəli şəkildə təqdim etməyə nail olub. “İstiqlal” ordeni ilə mükafatlandırılan böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə ana dilimizdə istiqlal duyğularımızı bəyan edən şairdir.
Suat Qasımlı
Naxçıvan şəhər 8 nömrəli tam orta
məktəbin 7-ci “A” sinif şagirdi