GÜL KİMİ KÖRPƏLƏRİMİZƏ GÜL KİMİ ADLAR QOYAQ

315

               Ona ad gəzirdilər, beşik axtarırdılar,

              Başına dönürdülər, qadasın alırdılar,

              Nənəsi asta-asta yeriyirdi dalınca,

              Uşaq sakit, astaca baş qoymuşdu balınca,

              Bütün aləm elə bil bu lövhəyə dalırdı.

              Bir ana qucağında br körpə aparırdı.

Xalq şairi Cabir Novruzun  bu şeiri yəqin ki, çoxlarının yadındadı. Hər biriniz mənimlə şərik olarsınız ki, ailədə körpə dünyaya gələn kimi hamı ona ad axtarır. Ad insanın yaşamı boyu özü ilə gəzdirdiyi kimliyidir. Hər zaman, hər yerdə özünü təqdim etdiyi ifadədir. Məni bu yazını yazmağa vadar edən bir insan adı oldu.  Amma, heç bilmirəm buna insan adı demək olar, yoxsa yox?

Bu yaxınlarda qonşu kəndə yolum düşmüşdü. Kəndarası yolla yavaş-yavaş addımlayırdım. Bir həyətin yanından keçəndə birdən qulağıma belə bir səs gəldi: Fəlakət, Fəlakət! Duruxdum və yerimdə donub qaldım. Səs qadın səsi idi, özü də həyəcanlı idi. Dedim, görəsən, nə fəlakət baş verib? Tanımadığım həyətə keçməyə də qalmışdım məəttəl. Bəs nə edim?

Qadın da dayanmadan elə fəlakət, fəlakət deyib hay salmışdı. “Haya getmək savabdı”, – deyib girdim həyətə. Gördüm bir qadın, , böyük bir qazanı ikiəlli tutub durub evin qapısında- fəlakət, fəlakət deyə çığırır.

-“Ay bacı nə olub, nə bədbəxtlik üz verib”, -deyə həyəcanla soruşdum.

Qadın dönüb məni görəndə qazanı yerə qoydu, iki əlini böyrünə vurub dedi:

-Heç nə olmayıb! Adıbatmış oğlumu- Fəlakəti çağırıram ki, gəlsin qapını açsın, əlimdə qaynar qazan var idi, aça bilmirdim.

Yerimdəcə donub qaldım. Elə bil arvadın əlindəki o qazandakı qaynar suyu başıma tökdülər. Nə edəcəyimi bilmədim. Elə kor-peşiman qapıdan qayıtdım və özümü danladım ki, sənin orda nə işin var idi ki? Sonra qadının qarasınca o ki, var söyləndim: Pir olmuşlar, ad tapıblar uşağa qoymağa- Fəlakət, yox bir….

İndi bu yazını qələmə alanda da bir sual məni çox düşündürür. Görəsən bu adı uşağa  qoyanda ata-ana bu adın mənasını fikirləşiblər, ya yox? Bu yazını yazmaqda məqsədim odur ki, gözəl- göyçək Arif, Oğuz,  Pərvin, Beyrək, Elxan, Elgün, Murad kimi  adlarımızı qoyub, uşaqlarına Fəlakət, İmdad, Fəryad, Üsyan, Kürən, Sarı, Samovar, Şabalıd kimi mənasız, gülünc adlar qoyan ata-analara bir ağsaqqal sözü, ağbirçək nəsihəti eliyəsiz.

Deyir, adı gözəl olanın, özü də gözəl olar. Hələ o vaxtlar sovet hökümətinə xoş gəlsin deyə, uşaqlarına Kolxoz, Traktor, Kombayn, Samovar, Sovet kimi adlar qoyanlar da vardır. Maraqlı burasındadırki, qız uşağı çox olan ailələrdə yeni doğulan qızlara Qızyetər, Qızqayıt, Qızbəsti, Qıztamam kimi adlar verərdilər. Nə var, nə var, qız uşağı çox sevilmirdi ailələrdə. Axı niyə? Sağlam və xeyirli qız uşağının nəyi pisdir? Şair demiş:

Əzizim üzün olsun,

Şəkərin, duzun olsun,

Fərsiz oğuldandısa,

Yüz dənə qızın olsun.

Təki qızınız olsun, adını Günay, Günel, Nərmin, Fatimə, Selcan, Nurlana, Samirə, Elmira, Xalidə, Təranə, Sevgi, Arzu qoyun ki, uşaq böyüyəndə utanmasın adından.

Hətta İslam peyğəmbəri Hz. Məhəmməd s.v.s. deyib ki, hər bir valideynin övlad qarşısında iki borcu var- biri ona yaxşı ad, biri də yaxşı tərbiyə verməkdir.

Deyir, çox vaxt qoyulan ad insanın xasiyyəti, ruhu ilə bağlı olur. Onun daxili aləmini açıb göstərir. Ona görə də insanın adı mənalı və gözəl olmalıdır ki, hər kəsə, elə o adı daşıyan insana da xoş gəlsin.

Əvvəllər oğlan uşağı dünyaya gələndə ona ad qoymazdılar. O, böyüyər, cavan bir oğlan olanda igidlik göstərər və el ozanı, el ağsaqqalı Dədə Qorqud  ona ad verərdi. Əgər yadınızdadırsa, el bilicisi Dədə Qorqud Qazan xanın adını qoyarkən belə demişdi:

-Oğul, meydanda hünər göstərdin, uğur qazandın, həmişə uğur qazan! Adın da Qazan olsun. Adını mən verdim, yaşını tale versin.

Demək, ad qoyanda onun mənasına ciddi fikir vermək lazımdır. Əvvəllər cahillikdənmi, nədənsə gülünc adlara daha çox rast gələrdik. Amma indi şükürlər olsun ki, muxtar respublikamızda uşaqlara şəxsiyyət vəsiqəsi veriləndə adların mənasına, əcnəbi ad olub-olmamasına ciddi fikir verilir. Bu, Azərbaycanın digər bölgələri üçün də nümunə olmalıdır.

“Oğlan kamalı ilə, qız camalı ilə sevilər”,-deyib atalarımız. Təki hər bir evə Allah övlad nəsib eləsin. Oğlan, ya da qız, fərqi yoxdur. Təki xeyirli, sağlam övlad olsun! Siz də sevib-seçdiyiniz, ürəyinizə yatan ən gözəl adları yaraşdırın övladınıza. Adları ilə qoşa böyüsünlər.  Gəlin, gül kimi körpələrimizə gül kimi adlar qoyaq ki, böyüyəndə adından, kimliyindənutanmasınlar.

Təranə  Əliyeva

Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: