Bizə “toy tutan” toylar - Sahil Tahirli yazır

147

Bu qış bizi yamanca qısnadı. Yaz gəlib, havalar isinəndən elə bil adamın buzu əriyir. Şəhərə də baxırsan ki, hər yer  qaynayır. Adamlar gəzintiyə çıxır, təmiz hava alır, ruhlarını  dincə qoyurlar. Arada bir imkan düşəndə elə mən özüm də şeytanın “qıçını” qırıram…

Dünən səhər Kitab evinin önündə uşaqlıqdan tanıdığım Təmkinlə qarşılaşdıq. Qarşılaşdıq deyəndə ki, elə bil qəfildən göydən paraşütlə düşdü önümə. Elə uşaqlıqdan bir yerdə durmağı yox idi. İndi də kənddə 40-50 qoyun-quzusu, əkin sahəsi var. Təhsili olmasa da, təsərrüfatdan başı çıxır. İş budur ki, onu harda görsəm, həmişə möhkəmcə gülmək istəyirəm. Çünki səbri çatmayıb bu dünyaya 2 ay yarım tez gəlib. Nədənsə adını “sürət”, “dinamika” yox, məhz Təmkin qoyublar. Uşaqlıqda olduğu kimi, indi də başının tükləri biz-bizdi və yeriyəndə deyirsən bəlkə “Ləzginka” oynaya-oynaya hərəkət edir.

Uzun sözün qısası, xoş-beş-onbeşdən sonra dedi ki, bəs məlllımm, (müəllim yox ha,məlllımm) mənə bir “dayılıq” elə, banklardan birinə de 2 min manat kredit götürüm.

…Sevindim ki, təsərrüfatını genişləndiririr.

Dedim bunu banklara xahiş eləmək lazım deyil ki, Naxçıvanda hamıya kredit verirlər, özü də aşağı faizlə. Gördüm, yox bunun dərdi başqadı.

Nəsə, birdən özü “F-1” qumbarası kimi açıldı:

– Məlllımm, bilmirsən e, özümü salmışam  40 arşın quyunun dibinə, 2 ildi çabalayıram. Özümə şəhər irestoranında toy elədim. O vaxtdan elə bil şaxta vurub məni, donum, qırışığım açılmır.

Əslində, mən hara, irestoran hara? Həyətimdə gül kimi yerimiz var. Ağaclar boy-boy düzülüb. Dədə-baba qaydasında toyumu edəcəkdim. Saman altından su yeridən qonşularımız “qaz” verdilər ki, indi kim kənddə toy eyləyir ki, siz də edəsiz?!

Beləcə, bir də baxdım ki, oturmuşam indiyəcən oturmadığım irestoranın yumşaq bəy kreslosunda. Bir şəkilçəkən də dişlərini ağarda-ağarda ramkaya salınmış şəklimi qoyub qabağıma şit-şit mənə baxır. Məlllımm, öz aramızdı, mən ramka görmüşəm, qarson görmüşəm, kreslo görmüşəm?! Cibimdəki axırıncı 50 manatı da verdim şəkilçəkənə. Toya da 250 nəfər çağırdım, 80-i gəlmədi, heç pul da göndərmədilər. O vaxtdan vəziyyət xarabdı…

Hə dostlar, bu cür məsələlər indi təkcə bizim Təmkin “müəllim”i yox, cəmiyyəti narahat edən məsələyə çevrilib. 10-15 nəfər çit tumanlı nənə lazımdı ki, oturub Əliabad çeşməsinin qənşərində bu məsələyə dilnən ağlasın.

Təsəvvür edin, bu günlərdə mətbuatda oxudum ki, Bakıda bir nəfər toyuna gəlməyən və pul yazdırmayan 50 nəfəri məhkəməyə verib. İşə baxın ki, indi insanın ən sevincli anının-toyunun məsələsi məhkəmələrə qədər uzanır.

Gəlin, məsələyə bir az sadə yanaşaq, görək toy nədir… İlk növbədə iki gəncin birliyi, xoşbəxtliyi, cəmiyyət üçün doğulan və böyüdülən uşaqlar, hüzurlu və mehriban bir ailənin təməli, milli-mədəni məzmun kəsb edən bir anlayış. Toy həm də bir dəyərdir. Daha doğrusu min illərdir ki, formalaşıb bu günə gələn milli adət-ənənə, milli dəyər, folklor, xalq yaradıcılığı, xalq deyim və duyumları, mərasim nəğmələri, “Haxışta”, “Gülümey”, “Tənzərə”, qara zurna, saz, nağara, kaman, tar, yallıdır…

Sizə də elə gəlmirmi ki, biz bu dəyərləri yavaş-yavaş, bəlkə də çox sürətlə dəyərsizləşdiririk?!

Stəkanda boğulmaq, dənizdə boğulmaqdan daha acınacaqlıdır

Əvvəllər çox sadə, təmtəraqdan uzaq təşkil olunan toy mərasimlərinə gündə bir yamaq yamanır, toylar mədəni və milli mahiyyətindən çıxıb, kiməsə özünün maddi imkanlarını, cəmiyyətdəki “mövqeyini”, “bərkgedən” ətrafının və ya qohumlarının olmasını göstərmək, sözün qısası“şöhrətpərəstlik”vasitəsinə çevrilib.

20-25 il əvvəl biz turizm deyəndə ağacın altında kabab yemək başa düşürdük. İndi turizmin nə olduğunu birtəhər başa düşmüşük. Amma toy deyəndə yenə də restoranda kabab yemək, o ki var içmək, və ya “vurmaq”, 100 nəfərin eyni vaxtda qulaqbatıran gurultu ilə “Papito-çikolata” oynamağı gəlir gözümüzün qabağına. Hələ “vurandan” sonra bəlağətli şəkildə “Ana”, “Vətən” şeirləri demək də var. Bu yerdə bir yapon atalar sözü yadıma düşür. Boyları balaca olsa da başları yaxşı işləyən yaponlar deyirlər: “Stəkanda boğulmaq, dənizdə boğulmaqdan daha dəhşətlidir”.

Qısası, toylarda yamaq yamağın üstünə vurulur. İndi bu yamaqlar barədə qısaca danışaq, görək bunlar nədir?

Bu narahatçılıqların əsası toylardan heç də geri qalmayan nişan mərasimlərindən başlayır. İki məsud gəncə üzük taxmağı böyüdüb edirlər başağrısı. İsrafçılıq, əlavə xərclər, yorğana görə ayaq uzatmamaq prinsipi ailə büdcələrini “laxladır”. Nənələrimizin, babalarımızın bir cüt üzüklə çatdıqları vüsala, xoşbəxtliyə indi tabaq-tabaq, ləvin-ləvin qızıl-zinətlə yaxın düşə bilmirik.

Hələ bir də xınayaxdısı var. Yaşlı insanlar daha yaxşı bilir, əvvəllər xınayaxdı mərasimi çox sadə idi. Gəlin və onun yaxın ətrafı barmaqlarına, əlinə təbii otlardan hazırlanan xına qoyardı. Səmimi təbriklər, səslənən folklor nümunələrimiz, milli oyun havaları, qaval rəqsləri, ağbirçək xeyir-duası bu mərasimə ayrıca bir rəng qatardı. İndi isə xınayaxdı təşkil edən xüsusi və hətta vergidən də yayınan işbaz qruplar peyda olub. Həmin işbazlar bu milli adət və mərasimi tamamilə süniləşdirblər. Bayağı səhnəciklər, şit mahnılar adamları bezdirib. Məbləği artırsınlar deyə, xınayaxdıya o qədər arxa qapıdan gəlmə “adətlər” sırayıblar ki…  Bakını demirəm, hələ Naxçıvanda bu işə az olanda1500-2000 manat pul xərclənir, təmtərağın baş alıb getdiyi mərasimlər təşkil edilir, xınayaxdı da nişan kimi az qala toydan fərqlənmir, hələ onlara az qala bir təpik də vurur. Axşamın istisində xaşdan, “cızbız”dan o ki var mədəyə doldurub təzyiqi, şəkəri qalxa-qalxa “besetka”da “Can-cana” oynayanların ardı-arası kəsilmir. Bəzən də belələrinə təcili yardım çağırmalı olursan.

Sadəlik gözəllik olsa da, nədənsə biz hər şeyi getdikcə mürəkkəbləşdirir, ikrah doğuracaq həddə gətiririk. Nədi ki, deyərlər filankəsin toyu “elə-belə” idi, onda üzüyümüzün qaşı düşər…

“Gözəl” olan Gözəlağa bir də çiçək çıxarır

Hələ bir də toyqabağı fotosessiya peyda olub. Fotosessiya deyəndə ki, 200-300 manata şəhərin ayrı-ayrı yerlərində, dostundan yalvar-yapış eliyib bir günlük “arenda” götürdüyü maşının altında, üstündə, yanında, arxasında şəkil çəkdirmək. Hətta başını maşının “lyuk”undan çıxarıb o qədər şəkil çəkdirən cütlüklər var ki… Yazıq “İnstaqram” bu şəkillərin əlindən bir gün mərmi kimi partlayacaq…

Bunu da hamımız görürük: Bəy-gəlin maşınlarının-“Toyota-Prado”ların, “ML300”-lərin bəzədilməsinə və istifadəsinə 300-500 manat, gözəllik salonlarına və geyimlərə 500-1500 manat arası pul sərf olunur. Pul dərd yarı, deyək ki, kimin imkanı nəyə çatır onu edir, amma iş budur ki, oğlanın, qızın imicini dəyişib elə günə salırlar ki, bəzən onları tanımaq belə olmur. Hə dostlar, bu gözəllik salonları yaxşı iş tapıblar: adamların xeyli pulunu alırlar, sonra da onları gözəlləşdirmək əvəzinə əcaib-qəraib formaya salıb buraxırlar. Necə deyərlər, “gözəl” olan Gözəlağa bir də çiçək çıxarır.

Sabah toyuq yemək bu gün yumurta yeməkdən yaxşıdır

Bu yerdə yadıma ingilis ədibi Tomas Fullerin bir aforizmi düşür. O deyir: “Sabah toyuq yemək, bu gün yumurta yeməkdən yaxşıdır”. Yəni, yumurtanı israf etməyin, çünki o sabah toyuq olacaq. Bu, bir dahinin sözüdür (dahilik xəstəliyinə tutulanın yox ha, dahinin). İndi də gəlin, bizə baxın: Toylarda israfçılığın “nümunə”sini yaratmışıq. Bəzən cehizi belə şan-şöhrət xatirinə verib ifrata varırıq. Şan-şöhrət üçün verilən cehizlər isə evli cütlərə səadət gətirmir, əksinə bəzən onların ailələrinə yük, əlavə xərc olduğu üçün evlənənlərin də başına qaxınc olur. Böyük elmi və mənəvi məzmun kəsb edən İslam dini, peyğəmbərimiz belə israfçılığa qarşıdısa, onda bəs biz niyə israf edirik görəsən…

Müqəddəs kitabımızda deyilir ki, “Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur” .(İsra,27)“Şübhəsiz ki, Allah israf edənləri sevmir” (Ənam, 141; Əraf, 31; )

Ata-babalarımız da deyib ki, meşədə yaşasan belə, bir ağacın qədrini bil. Biz isə süfrəyə onlarla cür “inteligent” yeməkləri düzür, milli yeməklərimizi çox vaxt unuduruq. “İnteliget” demişkən, bu yerdə Sabirin “Ürəfa marşı” yada düşür:

İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Hələ, onlarla cür salat, spirtli və spirtsiz içkilər, qiyməti əl yandıran çərəzlər və sair və ilaxır. Uzatmıram, çünki bunları  hamınız bilirsiz. Yazıq mədə neyləsin?! İmkanı olsa dil açıb deyəcək ki, bəsdirin axı, yazığam, əl çəkin məndən, qoyun yaşayım da özüm üçün…

Bu hesabla şadlıq evlərində stulun birinin qiyməti 50-100 manatı keçir. İndi yazıq toya çağırılan qonaq nə etsin?!Bir nəfər öz ailəsi ilə toya getsə, məcburi 150-200 manat pul salmalıdır, ya yox? Beləcə, toylarımız ictimai-mədəni mahiyyətindən çıxıb başağrısına, qanqaraçılığına çevrilir. Başağrısı demişkən, bayağı musiqilər, ifa və rəqslər, qulaqbatıran gurultu, əttökən sağlıqlar adamı lap təngə gətirir. “Süleymani”ni “Can-cana”, “Naz eləmə”ni “Papito-çikolata”, “Heyvagülü”nü “Qarabala” əvəz edir. Həzin, ruha dad verən musiqilərimiz yada da düşmür.

Bu yerdə görkəmli rəssamımız Bəhruz Kəngərlinin ruhu qarşısında baş əyməmək və onu xatırlamamaq olmur. Onun ötən əsrin əvvəllərində çəkdiyi “Naxçıvan toyu”  tablosunda o qədər millilik, səmimiyyət, milli ifa və musiqi, xəlqiliklə yanaşı, bəşərilik duyulur ki, söz tapıb deyə bilmirsən. Maraqlıdır, görəsən müasir dövrün rəssamları toylarımıza tablolarda həyat vermək istəsələr, nə göstərəcəklər?! Təbii ki, heç nə. Çünki biz milli geyimi də, milli mətbəxi də, milli adət-ənənələri də toy və şənliklərimizdən didərgin salmışıq. Yumşaq desək, şadlıq evlərinin girovuna çevirmişik. Dəbdəbə və göstəriş istəklərimiz sərhədləri aşıb.

Durun gedək, əl çalaq, kirvələr oynasınlar…

Hələ bir həngamə də sünnət-kiçik toylarda qopur. Mərhum sənətkarımız Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində dediyi kimi:“Dəsgahdı ye vallah”… İndi kiçik toyların böyük toylardan fərqlənən bir adı qalıb. Yenə şit, qulaq batıran mahnılar, ağızınacan dolu salonlar, bir də çəkiliş kamerasını görəndə tikəni ağzında gizlədən, əslində isə nəyi var “tıxan” adamlar. İndi mənə maraqlıdır ki, görəsən bu qədər vur-çatlasın sünnət etdirilən o uşaqlara və ya ailəyə nə verir? Kiçik toya 600 nəfər qonaq çağırıb 500 manatlıq da “bəy maşını” bəzədəndə uşaq professor olur, ya şahmat üzrə dünya çempionu?! Vallah, heç birindən olmur. Sadəcə biz öz ailə səviyyəmizdə edəcəyimiz bir tədbiri qlobal problemə çeviririk. Nədi ki, mən 15 il bundan qabaq Fatmanisənin beşinci qızından olan üçüncü nəvəsinin sünnət toyuna 2 “şirvan” yazdırmışam. Bəs, ürəyim partlayar axı, o  2 “şirvan” “ölsə”.

Hə, bax, indi çox az adam “şirvan”ından keçib şəxsi nümunə göstərir. Ancaq bu məsələdə də şəxsi nümunə göstərməyə, kiçik toyları yığcam, olduqca sadə və ən əsası ailə səviyyəsində keçirməyə ciddi ehtiyac vardır. (Yeri gəlmişkən, mən özüm bu nümunəni artıq göstərmişəm).

Şəxsi nümunəyə və maarifləndirməyə ciddi ehtiyac var

Günümüzdə toy mərasimlərindəki ifrat dərəcədə olan israfdan hər kəs danışır. Əslində hər kəs bu israfı görür, qınayır, etiraz edir, lakin bununla yanaşı heç nəyi dəyişmirlər. Toya gedən hər kəs getdiyi yerdən mütləq narazı gəlir: “Toyda o qədər adam vardı ki, aləm bir-birinə dəymişdi”, “Musiqinin səsi başıma düşdü”, “Flankəsin toyu daha yaxşı idi, bu toyda yeməyə, – baxmayaraq ki, bütün şadlıq evlərinin menyusunda 30 dan çox yemək çeşidi var, – heç nə tapmadım”… kimi sözləri hər gün eşidirik. Hər kəs narazıdır. Amma  hər kəs də sadəcə özünü haqlı sayır.

Təbii ki, od varsa, ocaq var, yol varsa, deməli yolçu da var. Bəs yol nədir? Yol odur ki, Naxçıvanımızda milli dəyərlərin, adət-ənənələrin, xalq yaradıcılığının, tarixi-mədəni irsin qorunub yaşadılmasındakı nümunəni biz hər birimiz – cəmiyyətin bütün üzvləri toylarımızın timsalında yaşadaq, itib-batmağa qoymayaq. Axı toylarımız da iki gəncin səadəti ilə yaşadılan dəyərimizdir.

İlk növbədə bu toy biznesinin  hər kəs üçün zərərli olduğunu, cəmiyyətə fayda vermədiyini başa düşməliyik. İş budur ki, hamı da palaza bürünüb elnən sürünür. İmkanı çatdı-çatmadı… Qısası, əvvəl özümüz bunu anlamalı, sonra ziyalılar, dünyagörmüş insanlar şəxsi nümunə göstərməklə ətrafımızı da öz yolumuzla aparmalıyıq. Necə ki, artıq bir neçə ildir ki Naxçıvanda yas mərasimləri hədsiz sadələşib, islami qaydalara uyğunlaşdırılıb. Aparılan maarifləndirmə işi, dövlət və cəmiyyətin birliyi, yekdil fikri və qərarı, məsələnin mahiyyətinə uyğun addımların atılması bütün əhaliyə böyük fayda gətirib.

Bu işdə də şəxsi nümunə sadə, təmtəraqdan uzaq, milli ənənələrə uyğun toylar etməkdir. Elə dədə-babamızdan gördüyümüz kimi: Çox sadə yeməklərdən ibarət məclis və milli musiqi. Belə olan halda israfçılıqdan ümumiyyətlə, söhbət getməz. Ona görə də toya yığılan pul, verilən hədiyyələr də  şadlıq evi sahiblərinin cibinə getmir. Yeni ailə quran gənclərin qayğılarına, ilkin ailə həyatlarına sərf olunur. Fikrimcə, biz də cəmiyyəti tədricən bu prosesə hazırlamalı, ciddi maarifləndirmə işi aparmalıyıq. Bununla yanaşı, şadlıq evləri və restoranlarda milli yeməklərdən ibarət sadə menyuların, milli musiqi və rəqslərimizdən ibarət repertuarların tətbiqinə də ehtiyac vardır. Hər halda bu barədə düşünməyin məncə vaxtı çatıb.

P.s. Deyirlər şan-şöhrətə görə evlənən, ömür boyu zillət çəkər. Vay bizim Təmkinin halına…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: