Astanada verilən dərs: KTMT Ermənistana yerini göstərdi

124

Rəsmi İrəvan xeyli vaxtdır ki, “fərqli” xarici siyasət yeritdiyindən və “uğurlar” əldə etdiyindən dəm vururdu. Hakimiyyətə qulluq edən KİV də müxtəlif aspektlərdə Ermənistan rəhbərliyinin “uğurları”ndan yazırdı. Bütün bu yalançı təsəvvürlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində sabun köpüyü kimi dağıldı. Astanadan erməni nümayəndə heyəti məyus qayıtdı. Onlar Ermənistanın mövqeyinin təşkilatda nəzərə alınmadığından gileylidirlər. Əslində isə təşkilat üzvləri reallığa və hüquqi normalara uyğun hərəkət ediblər. Ermənistana anladıblar ki, kollektiv təhlükəsizliyi təmin etmək üçün yaradılan KTMT əsassız erməni iddialarını təmin etməli olan struktur deyil. Burada hər bir üzv dövlətin ilk növbədə kollektiv təhlükəsizliyə verdiyi töhfə əsas sayılır. Bunun fonunda isə KTMT-nin Azərbaycanla maraqlandığı haqqında informasiyalar yayılmağa başlayıb. Belə məlum olur ki, həmin təşkilat öz üzvü Ermənistandan çox Azərbaycana qiymət verir. Məsələnin bu aspektinin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac duyulur.

Qıcıqlanmış ermənilər: İrəvanın həqiqət qorxusu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilmiş zirvə toplantısından erməni nümayəndə heyəti çaşqın və məyus ayrılıb. Orada Ermənistan rəhbərliyinin təklifini açıq və konkret surətdə rədd ediblər. Nikol Paşinyan təşkilatın baş katibi vəzifəsinin Ermənistanda qalmasını istəyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə bəyan edib ki, bu, mümkün deyildir, çünki Ermənistanın cəmi ilyarım vaxtı var ki, onun nümayəndəsi həmin müddətdə heç üzv dövlətlərə səfər edib başa çatdıra bilməz. Bu səbəbdən yerin Belarusa verilməsi daha məqsədəuyğundur.

Baş katib postunun Belarusa verilməsinin səbəbi əlifbada “A”-dan sona “B”-nin gəlməsidir. Ancaq ermənilər əlifba sırasında da “soyqırımı” əlaməti görməyə çalışırlar. Onlar hesab edirlər ki, Belarusla Qazaxıstan əlbir olaraq, Ermənistana qarşı çıxış edirlər. Və bu, guya ki, bütün sahələri əhatə edir, o cümlədən KTMT-də Ermənistanın “möhtəşəm” mövqeyini Minsk-Astana ittifaqı sarsıtmaqdadır.

Doğrusu, ermənilərin öz boylarından çox-çox artıq olan və daha çox yekəbaşlıq məzmunu kəsb edən əsassız iddialarına fikir verməmək də olardı. Onlar hələ də hesab edirlər ki, “Ermənistan” adlanan dövlət var, hətta müstəqildir və onu ermənilər özləri yaradıblar. Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoyur. Ermənistan sırf Rusiya layihəsidir və bu həqiqətdə müasir erməni “dövlətçiliyi”nin bütün incəlikləri ifadə edilir.

Bu səbəbdən Ermənistanın özündən suveren obrazı yaratmağa xidmət edən hər bir addımı gülüşdən başqa bir şey doğurmur. Konkret KTMT ilə bağlı məsələdə isə rəsmi İrəvanın siyasi kursunun növbəti iflaslarından birini müşahidə edirik. N.Paşinyan hakimiyyəti ələ keçirəndən sonra KTMT-nin baş katibi vəzifəsində olan Yuri Xaçaturovu da korrupsioner elan etdi. Buna Moskvanın reaksiyası sərt oldu. Nəticədə, Y.Xaçaturovu həbsxanadan xilas etdilərsə də, Ermənistan onun həmin vəzifədə qalmasını istəmədi. Bütün bunların nəticəsi olaraq KTMT üzvləri, ümumiyyətlə, Ermənistan nümayəndəsinin baş katib postunda qalmasını düzgün saymadıqlarını bildirdilər.

İndi N.Paşinyan nə korrupsiya ilə mübarizə apara bilir, nə də KTMT-də vəzifə statusunu qorumağı bacarır. Buna erməni ekspert və siyasi dairələri neqativ reaksiya veriblər. Xüsusilə respublikaçılar ciddi etirazlarını bildirirlər. Onlar N.Paşinyanın Ermənistanın təhlükəsizliyinə zərər verdiyini deyirlər. Üstəlik, KTMT-də bu təşkilata üzv belə olmayan Azərbaycanın daha çox nüfuz qazanmağa başladığı qənaətindədirlər.

Bunun konkret təsdiqini Prezident İlham Əliyevin bu təşkilatın Astana sammitinə qonaq statusunda dəvət edilməsinə dair informasiyaların yayılmasında görmək olar. Həmin təklifi təşkilat üzvləri dəstəkləyiblər. Ancaq Ermənistan rəsmiləri etiraz ediblər. Çünki bir tərəfdən, KTMT üzvləri N.Paşinyanı ciddi qəbul etmir və onunla sirlərini bölüşmürlər. Digər tərəfdən, ekspertlər bu fikirdədirlər ki, təşkilata üzv olan ölkə başçıları əsas müzakirələrini qeyri-rəsmi tədbirlərdə aparırlar. N.Paşinyanı isə həmin tədbirlərə dəvət etmir və ya onunla fikir bölüşmürlər. Bunun fonunda isə KTMT Prezident İlham Əliyevin tədbirə dəvət edilməsi haqqında məsələ qaldırır.

Əslində, ermənilərin kürkünə birə salan rəsmi-hüquqi proseslər də gedir. Astana sammitində müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusunu müəyyənləşdirəcək addımlar da atılıb. Belə qərara gəlinib ki, KTMT nəzdində müşahidəçi statusunun və təşkilatın tərəfdaşı statusunun hüquqi formalaşdırılması prosesinə başlanılsın. Erməni siyasi və ekspert dairələri bundan narahat olublar. Çünki məsələnin Azərbaycanla bağlı olduğu fikri var.

Azərbaycanın uğurları: Astanadan müsbət siqnallar

Doğrudan da, bir neçə vaxtdır ki, Rusiya ekspertləri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ən azından müşahidəçi statusu ilə qatıla bilməsi ehtimalından bəhs edirlər. Bir sıra Azərbaycan KİV-lərində də bu barədə pozitiv informasiyalar yayılır. Rəsmi olaraq isə heç bir fikir bildirilməyib və ya bəyanat verilməyib. Bəzi millət vəkilləri isə mövqelərini ifadə ediblər. Real vəziyyət necədir?

Azərbaycan müstəqil xarici siyasət yeridən və daim milli maraqları öndə tutan dövlətdir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət quruculuğu kursundan zərrə qədər də kənara çıxmır. Sürətlə dəyişən şərtlər daxilində belə müstəqil və suveren Azərbaycanın maraqları ilk sırada dayanır. KTMT-yə daxil olmaq Azərbaycanın milli maraqlarına cavab verirmi? Bu sualın cavabını ölkə rəhbərliyi hər kəsdən yaxşı bilir. Milli dövlətçiliyə uyğun olan hər bir səmərəli addımı atmaq olar. Lakin rəsmi bir açıqlama yoxdur.

Onu da deyək ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindəndir. Bu məntiqlə ölkənin hansısa siyasi-hərbi struktura daxil olması sadə məsələ deyil. Bunu biz Bakının NATO və ya Avropa İttifaqı ilə münasibətlərində uzun müddətdir ki, müşahidə edirik. Rəsmi Bakı Aİ-yə özünün əməkdaşlıq prinsiplərini təqdim etdi və hazırda onlar üzərində iş gedir. Hansı səbəblərdən eyni yanaşma digər təşkilatlara, o cümlədən KTMT-yə göstərilməsin? Buna görə də Azərbaycan mətbuatında kimlərsə qəti fikir bildirməzdən öncə ölkənin milli maraqlarını düşünməlidirlər.

Bizcə, KTMT məsələsində daha vacib olan başqa məqamdır. Məsələ ondan ibarətdir ki, təşkilata üzv olmayan Azərbaycana təşkilatın üzvü olan Ermənistandan daha çox hörmət edirlər. Azərbaycanı onun sıralarında görmək istəyirlər, Ermənistanın isə təşkilatda üzvlüyü əhəmiyyətsiz hesab olunur. Bunun səbəbi nə ola bilər?

Fikrimizcə, burada başlıca səbəb Azərbaycan rəhbərliyinin ardıcıl, sistemli və qətiyyətli surətdə siyasət yeritməsi ilə bağlıdır. Son 15 ilə nəzər salsaq, görərik ki, daxili və xarici siyasətin bütün prioritet istiqamətlərində rəsmi Bakı son dərəcə səmərəli kurs həyata keçirib. Azərbaycan dövlət olaraq inkişaf edib, müstəqillik daha da möhkəmlənib. Çoxlu sayda beynəlxalq layihələrdə Azərbaycan təşəbbüskar və əsas iştirakçı kimi fəaldır. Nəqliyyat-logistika layihələrində Bakının xüsusi yeri vardır. Uzaq Çindən tutmuş Rusiya və İran da daxil olmaqla Avropaya qədər geniş bir məkanda Azərbaycanın sosial-iqtisadi, mədəni, geosiyasi, enerji və s. təhlükəsizlik məsələlərində rolu daim yüksəlir. Belə bir dövləti hansı beynəlxalq təşkilat öz tərkibində görmək istəməz?

Bunun fonunda Ermənistan səbatsız, ziddiyyətli və uğursuz xarici siyasəti ilə yadda qalıb. N.Paşinyan hakimiyyətə gəldikdən sonra isə bu proses daha da dərinləşib. Artıq Moskva, Astana və Minsk İrəvanı etibarlı tərəfdaş və ya müttəfiq hesab edə bilmirlər. Çünki N.Paşinyan sözdə onlarla birlikdə olduğunu deyir, lakin kadr siyasəti və konkret addımları ilə fərqli məqsədlərə malik olduğunu göstərir. Üstəlik, ABŞ-ın Ermənistandakı səfiri deyir ki, onlar ermənilərin siyasi islahatlar aparmasına çox kömək edirlər. Uzun müddətdir ki, Rusiyanın havadarlığına sığınmış bir ölkə ağasını dəyişmək qərarına gəlibsə, onun hansı təşkilatda hörməti ola bilər? Bu da mümkün deyildir.

Deməli, Azərbaycana və Ermənistana olan münasibətlərdə fərqlərin olması təsadüfi deyil. Hər bir şeyin öz konkret səbəbi vardır. Astana sammiti KTMT-Ermənistan münasibətlərində yeni bir dönəmin başlanğıcı ola bilərmi? Tamamilə mümkün ssenaridir. Lakin bu yeniləşmənin konkret məzmunu, bizcə, aydın deyil. Şübhə yoxdur ki, KTMT üzvləri öz maraqlarını kənara qoyub rəsmi İrəvanın şıltaqlığı ilə oynamayacaq. Bu təşkilatın seçimi məlumdur. Ermənistan seçim etməlidir. Əgər Ermənistan əvvəlki qaydada qeyri-sabit, təcavüzkar siyasətini davam etdirəcəksə, cəzasını alacaq.

Başqa ssenari ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edir və eyni zamanda, qonşu dövlətlərə olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkir. Bu halda Ermənistan xilas ola bilər. Erməni siyasi liderləri Ermənistanın xilas olmasını istəyirlərmi? Bu suala cavab aydın deyil.

Newtimes.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: