NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müssisələrinin qız tələbələri arasında badminton üzrə muxtar respublika birinciliyi keçirilib. “10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunan yarış Naxçıvan Dövlət Universitetinin İdman Zalında reallaşıb.
Yarışda Ali və orta ixtisas təhsili müssisələrindən 5 komandanın tərkibində 40-a yaxın tələbə mübarizə aparıb. Birincilik gənclərdə badmintona maraq yaratmaq və bu sahədə kütləviliyin artırılması məqsədi daşıyıb.
Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda Naxçıvan Dövlət Universitetindən Nazlıcan Çakır bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb. Komandanın digər üzvü Şəlalə Əsgərova ikinci, Naxçıvan Universitetinin təmsilçisi Fatma Həmzəyeva isə üçüncü olub.
Qeyd edək ki, “Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş idman yarışlarının qaliblərinə noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək mükafatlandırma mərasimində diplom və hədiyyələr təqdim olunacaq.
Emil Səmədov