Təbiətin dibini-kökünü “qazanlar”… - Sahil Tahirli yazır

130

Baldırğan, çiriş, əvəlik, kəklikotu, uşqun, bolu, cacıq, çaşır, dağ göbələyi, yarpız, nanə… Sayı yüzlərlə olan Naxçıvanın bu əvəzsiz nemətlərinin adı çəkiləndə o adam olmaz ki, ağzı sulanmasın.

Bu diyarın dağlarına yaraşıq, insanlarına şəfa verən bitkilər tarixən süfrələri bəzəyib, dar gündə, çətin anda köməyə çatıb. Naxçıvan mətbəxinə min rəng, min çalar qatıb, milli kulinariyamıza mövsumi və sağlam qidalanma mədəniyyəti gətirib. Nənə-babalarımız bu bitkilərdən təkcə qida yox, həm də cansağlığı aldıqlarına görə onları qoruyub, əzizləyib, hər kolunun, hər qanadının qədrini biliblər. 

İndinin özündə də bu nübar məhsullar Naxçıvanın dükan-bazarlarında dolub daşır, ucuz qiyməti, keyfiyyəti ilə alıcı rəğbəti qazanır, dadı-tamı ilə süfrələri bəzəyir. Diqqət etsəniz, Naxçıvana gələn qonaqlar buradan gedəndə mütləq əllərindəki çantanın birinə Naxçıvan məhsullarını yığırlar. Elə Bakıya, Şəkiyə pay göndərənlər də onlar kimi…

Naxçıvanın balı, pendiri, balığı, meyvəsi, limonu kimi onun dağ pencərlərinin də şöhrəti sərhədlər aşaraq dünyanı dolaşır. Yazda-yayda faraşı, qışda isə qurudulmuşu min bir dərdə dərmandır. Ona görə də bu bitkilər şəhər sakinləri üçün sağlam qida, kənd sakinləri üçün isə sağlamlıqla bərabər, həm də qazanc yeridir.

Bəli, dostlar bu yazdıqlarımın hər biriniz şahidisiniz və belə deyək ki, bu, aysberqin görünən tərəfidir. Bilirəm, o dəqiqə sual çıxır ki, bəs görünməyən tərəfi nədir?!Görünməyən tərəfi odur ki, son vaxtlar bu əvəzsiz nemətləri soyub-soğana çevirən, dibli-köklü çıxarıb axırına çıxan, onlara qənim kəsilən adamlar peyda olub. Təsəvvür edin ki, onlar bilərəkdən və ya bilməyərəkdən kəklikotunu, göbələyi, çaşırı, baldırğanı, uşqunu… o qədər kökündən çıxarıb təlislərə doldururlar ki, belə getsə gələcək nəsillər bu nemətləri yuxusunda filan görəcəklər.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitunun direktoru, akademik Tariyel Talıbovdeyir ki, Naxçıvanda kəklikotunun  7 növü  bitir. Onlardan ikisindən istifadə etmək olar. Digərlərində kamfara birləşmələri çoxdur. Onları daxilə qəbul etmək olmaz, içəndən sonra ürəkbulanma və digər fəsad verə bilər. İndi gəlin, baxaq görək buna kim diqqət edir?! Heç kim, hamı kəklikotunu ağına-bozuna baxmadan yığıb sovurur.

Təbii ki, hər bir bitkinin normal yığılma qaydası var. Dağ kəndlərində ömrünü təbiətlə harmoniyada keçirən insanlar bu qayda-qanunu yaxşı bilirlər. Məsələn, kəklikotunun çiçəkli hissəsi baş barmaqla, göbələyin torpaqdan üstə qalan hissəsi isə bıçaqla kəsilərək yığılmalıdır. Baldırğan gövdəsindən bıçaq və ya qayçıyla kəsilərək yığılmalı, yemişanın, zirincin meyvələrinin hamısı toplanmamalı, heç olmasa gələcək pöhrələr üçün toxumluq və təbiətin qədrini bizdən yaxşı bilən quşlar üçün qida, yem saxlanmalıdır.

Amma təəssüf ki, çoxları bu qaydalara əməl etmirlər. Bellə-kürəklə bu bitkiləri yığıb kisələrə doldurur, yemişan, zirinc ağaclarının “təpəsi”nə paya ilə çırpıb meyvələrini yerə tökür, bar budaqlarını məhv edirlər ki, bu da ən azı vicdansızlıqdı, onun kökünə balta çalmaqdır, bitkinin nəslini kəsməkdir.

Uzağa getmirəm, ötən il Şahbuz rayonunun Kükü kəndində bu mənzərənin şahidi olanda elə bil başıma qaynar su tökdülər. Geniş bir baldırğanlığı təbiətin qoynunda dincəlməyə gələn və ona naxələf çıxan qənimlər rəsmən şumlamışdılar. Təsəvvür edin, bu kənddəki səfalı və gül-çiçəkli “Dərə boğazı”ndabaldırğanları bellə qazıb axırına daş atmışdılar. Belə “şumlamaların” nəticəsidir ki, bu bitki həmin ərazidə tədricən qeybə çəkilir.

Şahbuz rayonunun Yuxarı Qışlaq kəndinin kəfşənlərində isə min dərdə dəva olan uşqunun başına bu cür toy tutmuşdular. Hətta, kəklikotunu da qazıb kökündən çıxarıb aparanlar da az deyil. Təkcə Şahbuzun yox, elə Şərurun, Ordubadın, Culfanın kəndlərində də təbiətə qənim kəsilən, bu əvəzolunmaz nemətlərə divan tutan sakinlər az deyil. Xüsusən də belə yarıtmaz əməllərə qol qoyanlar bitkilərdən bir o qədər də başı çıxmayan, şəhərdə, aran kəndlərində yaşayanlardır. Bir də baxırsan aran kəndlərdən səhərin oğlan çağında bir “QAZ-53” arvadlı-kişili adam gəldi, axşama qədər bellə-külünglə yığdıqları bitkiləri maşına doldurub qayıtdılar. Vallah insaf və vicdan insanda çox yaxşı şeydir, o da ola! İndi belə adamlarla nə edəsən, yaxud nə deyəsən? Düşüncəsi, dünyagörüşü Əliabaddan o tərəfə getməyən bu adamlar fikirləşmirlər ki, axı bu təbii sərvət sabah bizim oğul-uşaqlarımıza şəfa və qida verəcək… Əgər onlar fikirləşmirsə, heç olmasa, biz fikirləşək və gəlin belə adamlara qarşı mübarizə aparaq, yapışıb yaxalarından yeri gəlsə, bir silkələyək.

Əlbəttə, təkcə yaxadan yapışmaqla iş bitmir, bu gün həm də ekoloqların, təbiətşünasların, yerli icra hakimiyyəti orqanlarının, kütləvi informasiya vasitələrinin bu məsələ ilə əlaqədar davamlı maarifləndirmə işləri aparmasına da böyük ehtiyac vardır. Yoxsa bir gün baxıb görəcəyik ki, havada durna tutacam deyə-deyə, əlimizdəki sərçəni də uçurtmuşuq.

Bir sözlə, hər kəs bu məsələlərdə papağını qabağına qoyub fikirləşməlidir ki, əkmədiyimiz, dibinə bir qaşıq su belə tökmədiyimiz bu bitkiləri rahat yığırıq, kimsə bizə mane olmur, yolumuzu kəsib vergi, rüsum istəmir. Bəs onda niyə biz onların axırına çıxırıq?! Nə edək, bu məsələdə də gözümüzü dövlətə dikək?! Axı dünyanın harasında dövlət hər bir adamın başının üstünə bir polis, bir nəzarətçi qoyur, mənim əzizlərim?! Ən böyük nəzarətçi, ən böyük ittihamçı elə hər birimizin vicdanı deyilmi?!

Vicdan demişkən, xatırlayıram ki, 20-25 il bundan əvvəl Naxçıvanda əlinə “Qoşalülə”, “Beşaçılan”, “Qeyka” alanlar dağda-daşda bütün günü kəklik, qaban, dağ keçisi, dovşan dalına düşürdü. Ona görə də qısa zamanda muxtar respublikanın faunasında yer alan nadir heyvan növləri nəslikəsilmək təhlükəsi ilə üz-üzə qaldı, bir qismi isə mərmi səsindən, barıt qoxusundan canlarını qurtarmaq üçün sərhədlərimizdən kənara çıxdılar.

Sonrakı mərhələdə bu sahədə tarixi əhəmiyyətli bir addım atıldı, geniş maarifləndirmə işlərindən sonra 2001-ci ildən muxtar respublikada ova qadağa qoyuldu, bir neçə qoruq və yasaqlıq, təbii parklar yaradıldı. Təbii ki, bu qərar bir qrup dovşan dalına düşənlərin, və ya dovşanqovanların, yemişan ağaclarının altında 3-4 həftəlik qaban balalarını şaqqalayıb közə düzənlərin, sonra da araqla içəri ötürənlərin xoşuna gəlmədi (Bu gün yuxarıda qeyd etdiyim dərman bitkilərinə, dağ pencərlərinə divan tutanlar da həmin qaban kababı ilə günlərini keçirənlərdən fərqlənmirlər). Amma qazanan ana təbiət oldu, onu sevən, göz bəbəyi kimi qoruyan insanlar oldu. İndi Naxçıvanın dağlarında bəbir sürülərinin, muflonların, dağkeçilərinin, cüyürlərin, kəkliklərin sayı-hesabı yoxdu. Vaxt vardı durbinlə axtardığımız, kinolarda gördüyümüz dağ keçiləri indi evimizin qənşərində otlayır.

 Yeri gəlmişkən, 2014-cü ildə Naxçıvanda səfərdə olan və bütün bu gözəllikləri görənÜmumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktoru George Sanadiradze muxtar respublika rəhbərinə göndərdiyi məktubda ova qoyulmuş moratoriumu, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, yerli əhalinin məlumatlandırılmasını, təbiətin gələcək nəsillər üçün qorunub saxlanmasını şövqlə və minnətdarlıqla qeyd etmiş, dünya ekoloqlarına nümunə göstərmişdi.

Təbiəti sevməyən, heç kəsi və heç nəyi sevməz. Baldırğanın, kəklikotunun, uşqunun, çaşırın kökünü qazmaq bizə heç nə verməz. Gəlin, bu gün tamahımıza sahib çıxaq, ona dur deyək ki, sabah tamarzı qalmayaq. Çətin deyil, hər birimiz faunamızı qoruduğumuz kimi, floramızı da qoruya, ona balta çalanlara qarşı mübarizə aparıb nümunə göstərə bilərik. Görkəmli təbiətşünas alimimiz, akademik Həsən Əliyev “Həyəcan təbili” kitabında bunun əhəmiyyətindən belə yazırdı: “Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da biz o qədər qida və şəfa verəcəkdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: