Naxçıvanda keçirilən festival qonaqları valeh edib

194

Naxçıvan şəhərində keçirilən növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı öz zənginliyi ilə yaddaqalan oldu. Budəfəki festival həm də Azərbaycanın digər bölgələrindən olan qonaqların, xarici ölkələrdən gələn turistlərin çoxluğu ilə diqqəti cəlb etdi. Fürsətdən istifadə edib şəhərimizin qonaqlarının Naxçıvan haqqında, həmçinin keçirilən festival haqqında təəssüratlarını öyrəndik.

Bakı şəhər sakini Rasim Qarayev bildirdi ki, Naxçıvan yeraltı və yerüstü təbii sərvətləri, təbiət və tarixi abidələri ilə dünyada tanınan qədim diyardır. Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Əshabi-Kəhf”, Gəmiqaya, Əlincə qalası və saymaqla bitməyən abidələr qədim tariximizin Naxçıvandakı yadigarlarıdır. Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, Naxçıvanda qədimliklə müasirlik vəhdət təşkil edir. Bu mənim Naxçıvana ilk səfərimdir. Açığını deyim ki, uzun illər blokada şəraitində qalan Naxçıvanın bu qədər inkişaf edəcəyini düşünməzdim. Bu gün Naxçıvan şəhərini tam başqa büsatda gördüm. Naxçıvanın təbiəti, onun yaşıllıqları, bir-birindən möhtəşəm tikililəri məni heyran etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu qədim oğuz-türk yurdu, sözün əsl mənasında, bir gülüstana çevrilib. Naxçıvana səfərimizi elə vaxta saldıq ki, məhz bu gün – “Ailə təsərrüfatı məhsulları” festivalının keçirildiyi gün burada olduq.  Budur, artıq biz də bu gözəl festivalın iştirakçısıyıq. Festival çox gözəl təşkil olunub. Belə festivallar həm də Naxçıvana turist axınına səbəb olur. Böyük inamla deyirəm ki, mən Naxçıvandan ən xoş təəssüratlarla ayrılacağam.

Ağdam rayonundan olan Osman Məmmədov da Naxçıvana olan heyranlığını gizlədə bilmədi. Qonaq deyir ki, bu diyarın gözəlliyi, barədə çox eşitmişdim. Şükür ki, hərbi xidmətdə olan oğlum Eminin yanına gəldik və bu qədim diyarı görmək bizə də qismət oldu. Qədimliyi saxlanmaqla yenilənən bu oğuz-türk yurdu nadir gözəllikləri ilə bizi valeh etdi. Naxçıvanda müşahidə etdiyimiz bu böyük inkişaf, əslində, burada yaşayan insanların da səviyyəsinin çox yüksək olduğunu göstərir. Burada hara getdiksə, gülərüzlə, sevinclə qarşılandıq. Burada olduğumuz dövrdə “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi isə lap yerinə düşdü. Naxçıvan mətbəxi, kənd təsərrüfatı haqqında geniş məlumat aldıq.

Bərdə rayonundan Naxçıvana qonaq  gələn Asif Quliyev isə bunları dedi, – Bu gün bu qədim qalada – Naxçıvanqalada gördüyümüz hər bir şey bu diyarın ulu tarixindən, onun qədimliyindən xəbər verir. Həqiqətən də, Naxçıvanın tarixi abidələrinin çox maraqlı tarixi var. Naxçıvanın milli-memarlıq abidələri çox möhtəşəmdir. Qədim Naxçıvan diyarı öz müasirliyi ilə də göz oxşayır. Bu diyarda çox gözəl infrastruktur yaradılıb, kəndlər və şəhərlər abadlaşdırılıb. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlılığı və səliqə-sahmanı insanı valeh edir. Bu gün iştirakçısı olduğumuz “Ailə təsərrüfatı məhsulları” festivalı da bu gözəlliklərin bir parçasıdır. Mən özüm də ailə təsərrüfatı sahibiyəm. Təsərrüfatımızdan yaxşı məhsul əldə edirik. Ancaq, təəssüf ki, məhsullarımızı bu cür nümayiş etdirmək, satışın təşkil etmək imkanımız yoxdur. Bu mənada, Naxçıvanda görülən bu işlərin əvəzi yoxdur. Bu, əsl rəhbər qayğısının ifadəsidir. Qayıdanda bütün bunlar haqqında yaxınlarıma danışacağam. Yəqin ki, nə vaxtsa bizim rayonda da bu cür festivallar, məhsul bayramları keçiriləcəkdir.

Ayxan Hüseynli

“Nuh yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: