“Korvet”  həsrəti…

Ülvi Hüseynli yazır

594

İndi gündəlik həyatımızı kompütersiz, telefonsuz, bir sözlə yeni texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. İşdə də, evdə də, yolda da, marşrutda da, hətta dağın başına qalxanda da, dənizdə dincələndə də, yemək yeyəndə də bir vasitə ilə sosial şəbəkələrə yol tapırıq, ya kömpüteri, ya telefonu, ya da planşeti əlimizə alırıq. Bunun yaxşı tərəfləri çoxdu, amma mənfi tərəfləri də var.

Nəsə, söhbətimin mövzusu bu deyil.

Orta məktəbdə oxuyanda ən böyük arzum o vaxtlar həyatımıza təzə-təzə ayaq açan yeni texnologiyaları, xüsusilə də kompüteri öyrənmək idi. Amma dövrün məlum çətinlikləri – müharibə, iqtisadi tənəzzül və bunların yaratdığı sosial problemlər elə etmişdi ki, oxuyub-yazmağa kitab-dəftəri ancaq tapırdıq. Hardan qalsın ki, kompüter öyrənək.

Təhsil aldığım Kükü kənd tam orta məktəbinin kompüter otağında Sovetin son “nailiyyəti” – 1986-cı il istehsalı olan kompüterlər quraşdırılmışdı. Həmin kompüterlərin dəqiq elmi adını bilmirəm, amma məktəbdə hamı onlara “korvet” deyirdi. Lakin mühüm olan kompüterlərin markası deyildi. Mühüm olan o idi ki, kompüter otağının qapısına yekə bir qıfıl vurulmuşdu və həmin otaq bütün şagirdlərin üzünə bağlı idi. Bu otağa daxil olmaq, kompüterlərə əl vurmaq hər şagirdə nəsib olmurdu. Təxəyyülümüzdə o otaq sanki sirli-sehirli bir dünya, fövqəladə bir yer idi. Müəllim informatika dərsində növbə ilə aramızdan bir şagird seçirdi və o şagird kompüter otağında böyük həvəslə “korvet”lərin tozunu təmizləyirdi. Vəssalam. Başqa heç nə etmək olmazdı. Açığı kimsənin cürəti də çatmazdı ki, kompüteri işə salsın. Lakin kompüterin tozunu təmizləməyin özü bizim üçün “böyük nailiyyyət” idi. Çünki ən azından dövrün başa vursa da, həmin “korvet”lər bizdə kompüter deyilən nəsnənin nədən ibarət olduğu haqda azdan-çoxdan təsəvvür formalaşdırırdı.

İnformatika dərslərimizdə yeni texnologiyaları öyrənmək sahəsində gördüyümüz yeganə iş bununla bitirdi. Qalan vaxtımızı isə məktəbin futbol meydançasında top qovmaqla keçirirdik.

İnsafən bir dəfə o kompüterləri işə salıb nə olduğunu bizə göstərdilər. Onda da bir dərs saatı nə qədər əlləşdiksə, çalışıb-vuruşduqsa da, bu “korvet”lərin ağ-qara ekranında yazılanlardan baş çıxara bilmədik.

Bizdən əvvəl məzun olanlar isə bu “korvet”lərdən də bixəbər idilər. Çünki onların vaxtında kompüterlər qıfıllı qapılar arxasında deyil, elə  qutularında qapalı qalmışdı.

Bax beləcə, məktəbimizdə hər kəsin ürəyində bir “korvet həsrəti” var idi.

Bir-neçə il ötdükdən sonra məktəbimizə iki müasir kompüter verildi. Yeni təyinat alan gənc müəllim Məsud Qəhrəmanov həvəslə kompüterin sirlərini şagirdlərə öyrədir, insafən biz də azdan-çoxdan nəsə öyrənirdik. Məktəb illərində kompüter texnologiyası ilə bağlı nə öyrəndiksə, Məsud müəllimin və verilən təzə kompüterlərin sayəsində öyrənmiş olduq.

Bütün bu sadaladıqlarım 20-25 il bundan əvvəl müşahidə etdiklərimdir. Aydın məsələdir ki, bu gün muxtar respublikada şagirdlər üçün kompüter, internet, ümumiyyətlə yeni texnologiyalar o qədər əlçatan və asandır ki, bəlkə də bayaqdan sadaladıqlarım çoxuna gülünc gəlir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təhsilin inkişafı sahəsində gördüyü işlərin nəticəsidir ki, indi bütün məktəblər ən yeni tədris bazasına malik olmaqla yanaşı, həm də kompüterlərlə, internetlə, informasiya texnologiyaları ilə təmin edilib. Hələ bir az da irəli gedilib, müasir elektron lövhələr quraşdırılıb.

Faktlara diqqət yetirək:

-Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən möhtəşəm binalar məktəblər üçün tikilib. Ən ideal şərait təhsil müəssisələri üçün yaradılıb.

-Muxtar respublikanın ümumtəhsil məktəblərində 5500 kompüter, 600-dən çox elektron lövhə quraşdırılıb. Hər 9 şagird bir kompüterlə təmin edilib.

-İstər şəhərdə, istərsə də kənddə gənclər üçün eyni təhsil imkanları yaradılıb.

– Ümumtəhsil məktəbləri ilə muzeylər arasında distant təhsil şəbəkəsi qurulub, interaktiv dərslər keçirilir, video-konfranslar təşkil olunur.

-Şagirdlər artıq informatika dərslərində yeni texnologiyaları öyrənir, dünyəvi biliklərə yiyələnir, təhsil sahəsindəki yeniliklərlə tanış olurlar.

-Sürətli internet təminatı bir çox sahədə rahatlıq yaratdığı kimi, təhsil sistemində də yenilik və tərəqqiyə rəvac verib. İndi dünyanın o biri başında yaşayan da muxtar respublikaya gəlmədən Naxçıvan Dövlət Universitetində ali təhsil alır. Universitetdə İnformasiya sistemləri ixtisası tədris edilir.   

-Dəqiq elmələrə, yeni texnologiyalara tələbat nəzərə alınaraq bu sahə üzrə ixtisasların tədrisinə və ixtisaslı kadr hazırlığına diqqət artırılıb. 

Nəticə

Bu günlərdə Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərində oldum, yeni istifadəyə verilən məktəblərdə kompüter otaqlarını, elektron lövhəli sinifləri gördüm. Kompüter otağının da, elektron lövhəli sinflərin də qapısı açıq idi. Şagirdlər kompüter öyrənir, interaktiv dərslər keçirilirdi. Ən son texnologiyalara əsaslanan kompüterlərin, elektron lövhələrin və yaradılan digər təhsil şəraitinin kollektivdə yaratdığı minnətdarlıq hissini duymamaq, onlarla birlikdə qürurlanmamaq, fəxr etməmək əldə deyildi. Etibarlı gələcəyimiz üçün görülən bu işlər mənim kimi bir çoxlarının “korvet” həsrətinə də son qoyub.

Artıq “korvet” kimi, şəraitsiz və dərsliksiz soyuq siniflər də, qapısı qıfıllı informatika kabinələri və idman zalları da yalnız yaddaşımızın bir küncündə yaşayır… Keçmiş keçmişliyində qaldığı kimi, müasir həyatın və gözəl gələcəyin qədrini bilməkdən ötəri həm də yaxşı bir meyardır…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: