Daşkənddə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib

150

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, Bakıdakı “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin dəstəyi ilə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, universitetdə keçirilən tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və idarə heyətinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə gül və çiçəklər düzüblər. Sonra onlar AMM-in təşəbbüsü ilə universitetdə yaradılan Nizami Gəncəvi İrsinin Tədqiqi Mərkəzi ilə tanış olub və foyedə təşkil edilən “Qürurumuz – yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab və əl işləri sərgisinə baxıblar.

Tədbir çərçivəsində AMM-in, “Kaspi” qəzeti və eyni adlı təhsil şirkətinin layihəsi ilə Daşkənddə özbək dilində işıq üzü görən Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim edilib.

Açılış mərasimində çıxış edən universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov Azərbaycan və özbək xalqları arasında tarixi dostluq əlaqələrindən danışıb, AMM-in layihəsini yüksək qiymətləndirib. O, dahi Hüseyn Cavidin əsərlərinin Özbəkistanda həmişə maraqla qarşılandığını qeyd edib, şairin yaradıcılığından bir sıra özbək mütəfəkkirlərinin bəhrələndiyini söyləyib. Rektor ötən əsrin əvvəllərində özbək maarifçilərinin Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə etdiklərini, bu əsərlərin Daşkənd və Səmərqənddə səhnələşdirilərək xalqın maariflənməsinə töhfə verdiyini bildirib.

AMM-in direktoru Samir Abbasov qədim zamanlardan Dədə Qorqud, Manas, Alpamış, Koroğlu kimi eposlar yaradan, Nizami Gəncəvi, Əlişir Nəvai, Füzuli, Nəsimi, Babur, Hüseyn Cavid kimi şəxsiyyətlər yetişdirən xalqlarımızın öz mədəniyyəti, ədəbiyyatı ilə qürur duyduqlarını vurğulayıb.

Hüseyn Cavid irsinin Azərbaycanda geniş araşdırıldığını qeyd edən S.Abbasov ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi dramaturqun nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, habelə Prezident İlham Əliyevin Sərəncamı ilə ədibin 135 illik yubileyinin ölkəmizdə və dünyanın müxtəlif yerlərində geniş qeyd edilməsini ədəbiyyatımıza böyük qayğı kimi dəyərləndirib: “Cavidin zəngin fəlsəfi irsi, ölməz əsərləri yaşayır və yaşayacaq, şairin poeziyası və dramaturgiyası dünya romantizm ənənələrindən bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə əbədi olaraq yazılıb”.

Özbəkistan ədəbiyyatının tanınmış siması, akademik Bəxtiyar Nazarov qardaş Azərbaycanla ədəbi əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu qeyd edib, Hüseyn Cavid irsinin daim araşdırılmasına, öyrənilməsinə ciddi ehtiyac duyulduğunu vurğulayıb.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva romantizm cərəyanının nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə açan Hüseyn Cavidin yaradıcılığında xalqın milli məfkurəsini – türkçülük ideyalarını qorumaq və yaşatmaq kimi böyük missiyaların olduğunu qeyd edib. Vurğulayıb ki, milli məfkurəyə sıx bağlı olan Hüseyn Cavid türk xalqlarının birliyi, maariflənməsi yolunda yorulmadan çalışıb, ədəbiyyatımıza möhtəşəm qəhrəmanların obrazlarını gətirib. O, “Peyğəmbər” pyesində yaratdığı Peyğəmbər obrazı ilə bu mövzuda əsər yazan bütün sənətkarları üstələyib.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamran Əliyev XX əsr Azərbaycan romantizmi haqqında məruzə edərək, görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığının poetik fikirlərlə zəngin olduğunu vurğulayıb. Professor Hüseyn Cavid yaradıcılığında Qərb və Şərq obrazlarının qarşılaşdırılmasının bir məqsədə xidmət etdiyini, Şərqin bu gününü və gələcəyini xilas etmək olduğunu söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin tərcümə bölməsinin rəhbəri, dosent Adxambey Olimbeyov, professor Nurbay Cabbarov, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayev, filologiya elmləri doktoru Azər Turan, şair-tərcüməçi Babaxan Şərif və başqaları çıxış edərək zəngin və rəngarəng məzmuna malik olan Hüseyn Cavidin yaradıcılığında ədəbi-bədii, tarixi, dini, fəlsəfi yanaşmadan danışıblar.

Hüseyn Cavidin zəngin irsinin hər zaman öz aktuallığını qoruyub saxladığını qeyd edən alimlər, romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaradan dramaturqun yaradıcılığına nəzər salıblar. Onlar böyük ədibin ayrı-ayrı əsərləri, dramlarındakı qəhrəmanları haqqında söhbət açaraq deyiblər ki, Hüseyn Cavid tarixə həm də özbək xalqının böyük strateq və hökmdarı Əmir Teymurun ölməz obrazını yaradan sənətkar kimi düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: