Bu gün Birinci Dünya müharibəsinin başa çatmasından 100 il ötür

110

Noyabrın 11-də bəşər tarixində ən qanlı müharibələrdən olan Birinci Dünya müharibəsinin başa çatmasının 100 ili tamam olur. 1918-ci il noyabrın 11-də saat 11-də Fransanın Kompeyn meşəsindəki zirehli qatarda Almaniya imperiyası ilə Antanta dövlətləri arasında atəşkəs müqaviləsinin imzalanması ilə Birinci Dünya müharibəsi rəsmən başa çatdı.

NUHÇIXAN xəbər verir ki, Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları, Bolqarıstandan (1915-ci ildən) və digər dövlətlərdən ibarət ittifaq dövlətləri ilə Böyük Britaniya, Fransa, Rusiya, Serbiya və onların müttəfiqlərindən ibarət Antanta dövlətləri arasında baş verən ilk dünya müharibəsində ümumilikdə 70 milyon insan səfərbər olunub. Dünyada 40-dan çox dövlətin qoşulduğu bu müharibədə təxminən 10 milyon insan həlak olub, 50 milyondan çox insan yaralanıb və itkin düşüb.

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin qələbəsi ilə başa çatıb. Müharibə nəticəsində dünyanın siyasi xəritəsi xeyli dəyişdirildi, yeni dövlətlər yarandı. Bu dövlətlərdən biri də 1918-1920-ci illərdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti idi.

İlk dünya savaşı böyük dövlətlər arasındakı ixtilafları həll etmədi. Nəticədə ondan daha böyük və qanlı olan İkinci Dünya müharibəsi (1939-1945) baş verdi.

Müharibə edən dövlətlərdən birinin – Rusiya imperiyasının tərkibində olan Azərbaycan da özündən asılı olmadan müharibəyə cəlb edilmişdi. Əlverişli coğrafi mövqedə yerləşən, zəngin təbii sərvətləri ilə tanınan Azərbaycan böyük dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq şəkildə göstərirdi. Müharibədə Almaniyanın tərəfində iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.

Rusiyada yaşayan müsəlmanların, o cümlədən azərbaycanlıların rəsmən orduya çağırılmamalarına baxmayaraq, yüksək təbəqəyə məxsus şəxslərdən könüllü olaraq ordu sıralarına 200-dən çox azərbaycanlı qoşulmuşdu. Bunlardan 200 azərbaycanlı zabit Birinci Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər.

General-leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə 10-cu ordunun komandanı olmuşdu.

General-leytenant Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. General 1915-ci ildə 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi.

General-leytenant Hüseyn xan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan “Müqəddəs Georgi” ordeninin dörd dərəcəsinə layiq görülmüşdü.

İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov müharibə dövründə “İlya Muromets -16″ təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.Qayıbov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdu.

Müharibə illərində Azərbaycanlı gənclərdən ibarət “Tatar süvari alayı” təşkil edilmişdi. Qorxmaz döyüşçülərdən ibarət olan bu alay “Vəhşi diviziya” adlandırılırdı.

Birinci Dünya müharibəsi Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafına, əhalinin sosial durumuna mənfi təsir göstərdiyindən əhali arasında sosial gərginlik artmış, bir neçə yerdə ciddi etirazlar baş vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: