Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

117

Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

(Davamı)

SSRİ və Azərbaycan yazıçıları III Qurultayından sonra Azərbaycan Yazıçılar İttifaqı və Naxçıvanda yaşayan şair və yazıçılara öz qayğısını xeyli artırdı. Ittifaqın 1-ci katibi, xalq yazıçısı Mehdi Hüseyn, xalq şairi Süleyman Rüstəm, Məmməd Rahim, xalq yazıçısı Süleyman Rəhimov, yazıçı Əli Vəliyev, Qəzənfər Musayev, şair  Osman  Sarıvəlli, Ələkbər Ziyatay, Əli Kərim,İslam Səfərli, tənqidçi Məmmədcəfər Cəfərov, İslam İbrahimov, Məsud Əlioğlu  dönə-dönə  Naxçıvanda yaşayan yazıçılara  yaradıcılıq köməyi göstərdilər. Bu  bir növ ənənəyə çevrildi.    

Azərbaycan Yazıçılar və şairlərin iştirakı ilə muxtar respublikanın rayonlarında təşkil edilən ədəbi gecələr, zəhmətkeşlər  tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılandı. Ədəbi gənclikdə yaradıcılığa ciddi münasibət yarandı. Ona görə də 1962-ci  ildən etibarən öz poetik nəfəsi olan yaradıcı gənclərin yeni bir dəstəsi filial ətrafına toplanmağa başladı. Filial bu istedadlı gənclərin yaradıcılığına düzgün istiqamət vermək üçün Naxçıvan və Ordubad şəhərlərində ədəbi birliklər yaratdı. Müntəzəm olaraq onların əsərlərinin müzakirəsini təşkil etdi. Bundan başqa, Azərbaycan LKGİ  Naxçıvan Vilayət Komitəsi ilə birlikdə 10 dekabr 1962-ci ildə yazıb-yaradan istedadlı gənclərin 1-ci Respublika müşavirəsi keçirildi.  Müşavirədə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinin məsul katibi  Müzəffər Nəsirli “Sov.İKP XXII qurultayının ədəbiyyat haqqında qərarı və yazıçıların qarşısında duran vəzifələr”  haqqında məruzə etdi. Şair Hüseyn Razi gənc şairlərin şeirləri, filologiya elmlər namizədi İzzət Maqsudov dram əsərləri,  ədəbiyyat müəllimi Adil Salmanov gənc yazıçıların hekayələri  haqqında geniş və məzmunlu məruzə etdilər. İstər məruzədə, istərsə də çıxışlarda gənclərimizin ədəbi yaradıcılığının çatışmayan cəhətləri aşkara çıxardı. Müşavirə poeziya gecəsi ilə yekunlaşdırıldı ki, gənclər öz yeni əsərləri ilə çıxış etdilər.  ( bax. “Şərq qapısı” qəzeti. N-294(7276) 15/12-1962 –ci il)

1962-ci ildən başlayaraq Vilayət  Partiya Təşkilatının Azərbaycan Yazıçılar İttifaqının köməyi ilə Naxçıvanda ədəbi həyat daha da canlanmağa başladı.  Azərbaycan ədəbi tənqidin diqqətini cəlb etdi. İstər yaşlı, istərsə də gənc yazıçılar, şairlər səmərəli yaradıcılıqla məşğul oldular, ədəbi qüvvələrin  əsərlərindən  ibarət “Naxçıvan baharı”  almanaxı (1961),  şair Müzəffər Nəsirlinin “Araz sahilində” (1962), Hüseyn Razinin “Ana məhəbbəti” (1961) ,  Hüseyn İbrahimovun “Şirin xatirə” (1963).  Məmmədəli Tarverdiyevin  “Naxçıvan mayakları” (1963)  kitabları nəşr edilib oxuculara çatdırıldı, Naxçıvanlı  müəlliflərin əsərləri oxucular tərəfindən rəğbətlə  qarşılandı. 

1963- cü ildə Azərbaycan xalqı böyük romantik şair Hüseyn Cavidin yubileyini  təntənəli sürətdə keçirdi. Həmin il Hüseyn Mehdinin başçılığı ilə bir qrup ədəbiyyat və incəsənət xadimləri,  Cavidin həyat yoldaşı Müşkinaz Cavid, Cəfər Cabbarlının həyat yoldaşı Sona Cabbarlı da  Naxçıvana gəldilər. Mart ayının birində Naxçıvan teatrının  binasında Hüseyn Cavidin anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubileyi keçirildi.  Yubiley iclasında yazısı H. İbrahimovun məruzəsindən sonra Mehdi Hüseyn, Məmmədcəfər Cəfərov, xalq artisti  Rza Əfqanlı, şair Müzəffər Nəsirli və başqaları çıxış etdi. Naxçıvan Dövlət Dram Teatrının  artistləri “Şeyx Sənan”və  “Səyavuş”  əsərlərindən parçalar göstərdilər.  1963-cü ildən başlayaraq Naxçıvanda yaşayan yazıçı və şairlərin sənətkarlığı  təkmilləşməyə başladı.  Onların mövzu dairəsi genişləndi, gündəlik publisist əsərlər deyil, öz yaradıcılığında janr müxtəlifliyinə diqqəti artırdılar.

Hüseyin İbrahimovun “Sabahın sorağında” romanı, Əliyar Yusiflinin “Vicdan əzabı”, Kəmalə Ağayevanın “Məhsəti”, Hüseyn Razinin “Odlu diyar”,  Həsən Fətullayevin “Vüqarlı gözəl”,  Məmmədəli Tarverdiyevin  “Kölgəli dağ”  dram əsərləri,  şair Müzəffər Nəsirlinin “Bacılar”, “Qafqaz oğulları”, “Partizan Əfruz” , gənc şair Zeynal Vəfanın “Atlı” poeması kimi ədəbi əsərlər yarandı.

Naxçıvanda ədəbiyyatın inkişafında başlıca amil muxtar respublika zəhmətkeşlərinin 1964-cü ildə Naxçıvanın  muxtariyyatının  40-cı ildönümünü  keçirmək üçün ciddi hazırlıq aparması oldu. Partiya və Sovet dövlətinin qayğısına cavab olaraq muxtar respublikanın zəhmətkeşləri coşqun əmək  fədakarlığı göstərdikləri kimi, yaradıcı ziyalılarımız da bu xalq bayramını  yeni -yeni əsərlərlə qarşılamağa çalışdılar. Onların respublikamızın inqilabı keçmişindən, müasir həyatından,  kolxoz tarlalarının  əmək qəhrəmanlarından bəhs edən əsərləri “Azərbaycan” jurnalında, “Ədəbiyyat və incəsənət”  qəzetində çap edildi. Əsərlərdən nümunələr rus və digər dillərə tərcümə olundu.  1964 -cü ildən yazıçıların və  gənc qüvvələrin əsərlərindən ibarət Azərbaycan və rus dillərində “Araz üzərində şəfəq”   almanaxı  nəşr edilib oxuculara çatdırıldı. 1965-ci ildə muxtar respublikanın zəhmətkeşləri öz şanlı 40 illiyini təntənə ilə  bayram etdi.  Bu da Naxçıvanda yaşayan yazıçıların həyatında əlamətdar hadisə oldu, onların ədəbi yaradıcılığının rəngarəng olmasına kömək etdi, yeni ədəbi əsərlər yaratdılar. Hüseyin İbrahimovun “Sabahın sorağında” romanı,  Kəmalə Ağayevanın “Baharın sözü” , Müzəffər Nəsirlinin “Laləli dağlar”,  Hüseyn Razinin “Ömür yolları”, Əlyar Yusiflinin “Dağlar yaraşığı”, Əhməd Mahmudun “Yağış gəlir”  , Məşkur Əkbərin “Qaynar bulaqlar”, Həsən Fətullayevin “Ürəklər bir vuranda”  şeir və hekayə kitabları əlamətdar günə Naxçıvanda yaşayan  yazıçı və şairlərin yaradıclıq hədiyyəsi oldu.

1965 -ci ildə iyul ayının 14 də Bakıda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının  incəsənət  və ədəbiyyat həftəsi keçirilməsi Naxçıvanda yaşayan yazıçıların öz yaradıcılığıma daha da ciddi və tələbkar yanaşmaları  üçün faydalı amil oldu. Məhz buna görə də şairə Kəmalə Ağayevanın “Məhsəti”, şair dramaturq Hüseyn Razinin “Odlu diyar”  pyeslərinin Bakı şəhərinin  səhnə təcəssümü  yüksək bədii zövqə malik olan paytaxt tamaşaçılarının  da rəğbətini  qazandı. Mətbuatda çıxış edən teatrşünaslar, professor Cəfər Cəfərov, teatrşünas Cabir Səfərov, şair Adil Babayev,  Inqilab Kərimov Tələt Əyyubov və başqaları həmin əsərlərin səhnə təcəssümünə yüksək qiymət verib, Azərbaycan Dövlət Bədii Dram Teatrının repertuarına salınmasını belə məsləhət gördülər. Naxçıvanda yaşayan şairlərin paytaxtın əfsanəvi Neft Daşlarında,  neft mədənlərində, Volodarski adına tikiş fabrikində, Sumqayıt kimyaçılarının klubunda, Mərdəkan Mədəniyyət sarayındakı çıxışları, demək olar ki, zəhmətkeşlər tərəfindən böyük hərarət və rəğbətlə qarşılandı. 1965 -ci ilin iyul ayının 21-də İncəsənət və ədəbiyyatı həftəsinin bağlanmasına həsr edilmiş təntənəli gecədə xalq yazıçısı Mirzə İbrahimov, sovet hakimiyyəti illərində Naxçıvanda yaranıb  çiçəklənmiş  incəsənət və ədəbiyyata yüksək qiymət verib dedi ki, bu həftə  yalnız naxçıvanlıların deyil, bütün Azərbaycan xalqının sevinci, dərin hörmət və rəğbətinə səbəb olmuşdu. Biz Naxçıvan incəsənət və ədəbiyyat işçilərinə  yeni- yeni nailiyyətlər arzu edirik. ( “Şərq qapısı” qəzeti N- 346,  23 İyun. 1965 -ci il).

Həmin təntənəli gecədə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Naxçıvan incəsənət və ədəbiyyat sahəsində çalışan qabaqcıl işçilərdən bir qrupuna, o cümlədən, artistlərdən Zəroş Həmzəyeva, Baxşı  Qələndərli, Ə. Məmmədov, Mirhəsən Mirişli, Füruzə Əlixanova, Kazım  Hüseynov, Rza  İsfəndiyarlı, A. Babayev və sairlərdən Kəmalə Ağayeva , Müzəffər Nəsirli fəxri fərmanla təltif olundular.   

Naxçıvan incəsənət və ədəbiyyat işçilərinin Bakıda verdiyi bu imtahandan sonra Azərbaycan KP   Naxçıvan Muxtar Respublikasında  incəsənət və ədəbiyyatı daha da inkişaf etdirmək üçün bir çox faydalı tədbirlər həyata keçirdi. 1966-cı ildə yaradıcı ziyalıların Respublika müşavirəsi keçirildi. Vilayət partiya komitəsinin 1-ci katibi H.X.  İbrahimov yoldaş bu müşavirədə geniş məruzə ilə çıxış edib vəziyyəti təhlil etdi. İncəsənət və ədəbiyyat sahəsindəki qüsurları göstərdi. Bu müşavirə muxtar respublikada incəsənət və ədəbiyatın  daha da inkişafı üçün faydalı oldu, yeni ədəbi qüvvələrin yetişməsi üçün imkan yaratdı.  Müşavirədən sonra ədəbi gəncliyin bir çoxunu Azərbaycan oxucuları  tanınmağa başladı. Ədəbi yaradıcılığa qəlbən bağlandılar. Bir çox şeir həvəskarlar isə bu çətin və məsul işin öhdəsindən gələ bilmədikləri üçün qələmi yerə qoyudular. Yalnız qəlbən ədəbiyyata bağlı olan gənclər  müvəffəqiyyət qazanmağa nail oldular. Odur ki, Naxçıvanda yaşlı şair və yazıçılarla birlikdə öz poetik nəfəsi olan, yaradıcılığa ötəri baxmayın istedadlı gənclər öz ədəbi yaradıcılıqlarını davam etdirirdilər. 1965 – ci ildən başlayaraq istər yaşlı, istərsə də ki gənc  yazıçı və şairlər,  Azərbaycan oxucularının və ədəbi ictimaiyyətin  diqqətini cəlb edən,  bədii cəhətdən daha kamil roman, hekayə və şerlər yazırdılar. Ayrı-ayrı yazıçıların  şeir və hekayə kitabları “Azərnəşr” və “Gənclik”  nəşriyyatı tərəfindən nəşr olundu. Naxçıvan filialı ətrafında Elmira Qasımova, Adil Qasımov, Sənubər Kərimova, Altay Tağızadə, Zeynal Vəfa, H. Fərəcoğlu, Əbülfəz Naxçıvanlı,  Muxtar  Qasımzadə, Həsən Əliyev kimi şairlər,  Novruz Əliyev, Həmid Arzulu, Fəttah Səmədoğlu, Murtuz Hüseynov, Lətifə Əhmədova kimi gənc nasirlər toplandılar. 

                                                                                                          Ardı var

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: