Üç yaşında çiçəkləri solan qusmaniya

165

Yüzlərlə yerüstü və epifit bitkinin hibridlərini özündə birləşdirən qusmaniyanın adı 1802-ci ildə ilk dəfə onu təsvir edən məşhur ispan botaniki Anastasio Qusmanın şərəfinə verilib. Orijinal görkəmə malik olan bitkinin vətəni Mərkəzi və Cənubi Amerikanın tropik meşələri hesab olunur.

NUHÇIXAN xəbər verir ki, əsasən meşələrdə, bəzən isə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə olan dağ yamaclarında torpaqda və epifit bitki kimi ağacların üstündə bitən qusmaniya adətən həyatının ikincı və üçüncü illərində çiçəkləyir.

Qusmaniya ışıqsenən bitki olduğu üçün ilboyu otağın yaxşı işıqlanan hissəsinə qoyulmalıdır. Şərqə və ya qərbə baxan pəncərənin qabağına qoyulanda daha yaxşı inkişaf edir. Tropik bitki olduğuna görə isti və rütubətli havanı sevir. İlin fəslindən asılı olmayaraq, bitki üçün yüksək rütubət tələb olunur. Ona tez-tez durğun su çiləmək və ya dibçəyi nəm çınqılın üstünə qoymaq lazımdır.

Qusmaniyanın kökləri dərinə inkişaf etmədiyi üçün onu dayaz və geniş dibçəyə əkmək məsləhətdir. Lakin bitkinin ömrü qısa olduğuna görə onun dibçəyini dəyişdirməyə demək olar ki, ehtiyac qalmır. Çünki qusmaniya üç yaşına qədər çiçəkləyir və çiçək solanda ana bitki də ölür. Onu əsas kolun yanında əmələ gələn yeni bitkiləri ayırmaqla və kolu bölməklə çoxaltmaq olur. Ayırmaq üçün çox iti bıçaqdan istifadə olunmalıdır. Kəsik hissələrə torf səpilir və dibçəyə əkilir. Bitki özünü tutana qədər kölgədə saxlamaq və mütəmadi su çiləmək lazımdır.

Qusmaniya unlu qurd, tor gənəsi ilə zədələnə bilər. Bunun qarşısını almaq üçün bitkinin yarpaqları sabunlu su ilə silinməlidir. Bitki çiçəkləyəndən sonra məhv olanda onu atmağa tələsmək lazım deyil. Bir neçə həftə sonra yaranan təzə pöhrələr onu yeniləyə bilər. Çiçəkləmə dövrünü başa vurmasına baxmayaraq, pöhrələr əmələ gəlmirsə, çiçək zoğunu kəsmək lazımdır, çünki yetişən toxumlar cavan pöhrələrin inkişafını ləngidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: