Coğrafiya İnstitutunun alimləri iqlim dəyişiklikləri ilə bağlı tədqiqatlar aparırlar

106

İqlim dəyişmələri müasir dövrdə cəmiyyəti narahat edən ən mühüm problemlərdən biridir. Hazırda ölkəmizdə temperaturun və yağıntının dəyişməsi prosesi öyrənilir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov AZƏRTAC-a müsahibəsində bu institutda müvafiq istiqamətdə aparılan tədqiqatlar barədə məlumat verib.

Bildirib ki, kompleks təhlilləri ehtiva edən araşdırmalarda həm geoloji, həm də tarixi dövrlərin iqlim dəyişmələri nəzərə alınır. Geoloji dövrdəki dəyişmələrə uzun müddət ərzində baş verən dəyişikliklər aid olunur. Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə meyilliliyinin dəyişməsi, Yerlə Günəş arasında məsafənin azalması və ya çoxalması, atmosferin ümumi sirkulyasiyasında dəyişiklik bu qəbildəndir. Bütün bunlar qlobal iqlim dəyişikliyinə gətirib çıxarır. Tədqiqatlarda iqlim dəyişmələrinin antropogen və təbii amillərinin təsiri ətraflı təhlil edilir. Təbii amillərə əvvəl qeyd edilən amillər və kütləvi vulkan püskürmələri aiddir. Kütləvi vulkan püskürmələri zamanı atmosferə böyük miqdarda toz daxil olur ki, onlar yerə düşən Günəş şüalarının qarşısını ala bilir və Yerdə böyük ərazilərdə temperaturun soyumasına gətirib çıxarır. Bunlar son nəticədə buzlaşmalarla nəticələnə bilir. Bu, vulkanların iqlim dəyişmələrinə ən böyük təsiridir.

Son dövrlərdə iqlimin dəyişməsinə antropogen amillərin – insan fəaliyyətinin böyük təsir etdiyini deyən alim bildirib ki, iqlim dəyişmələri havanın orta temperaturunun yüksəlməsində, atmosfer yağıntılarının miqdarının azalmasında, dünya okeanı səviyyəsinin yüksəlməsində və suyun temperaturunun qalxmasında, təbii fəlakətlərin sayının və intensivliyinin artmasında özünü aydın şəkildə büruzə verir. Xüsusilə son 150 ildə Yer kürəsində sənayeləşmənin sürətlə artması iqlim dəyişmələrinə antropogen təsirin ən bariz nümunəsidir. Sənayeləşmənin yüksəlməsi atmosferə atılan qazların miqdarının artmasına səbəb olur. Nəticədə Yer Günəşdən böyük miqdarda istilik alır, lakin onu atmosferə ötürə bilmir. Buna səbəb həmin karbon, kükürd və digər qazların atmosferin aşağı qatında – troposferdə müəyyən bir təbəqə yaratmasıdır. Həmin təbəqəyə elmdə “istixana effekti” deyilir. Bu zaman yer aldığı istiliyi atmosferə ötürərkən həmin təbəqənin təsirilə istilik yenidən yerə doğru qayıdır və bu, atmosferdə temperaturun yüksəlməsinə səbəb olur. Temperaturun yüksəlməsi, ilk növbədə, yer səthindən buxarlanmanın çoxalması ilə nəticələnir. Buxarlanma çoxalırsa, torpağın əkin qatı quruyur və rütubət çatışmazlığı yaranır. Rütubət çatışmazlığı isə öz növbəsində məhsuldarlığın aşağı düşməsinə və ərzaq məhsullarının azalmasına səbəb olan amildir. Sənayenin sürətlə inkişafı parnik qazlarının qlobal miqyasda artması ilə nəticələnib. Bu da iqlim dəyişikliyinə səbəb ola bilər.

M.Həsənov bu prosesə qarşı görülən tədbirlər barədə də məlumat verib. Xatırladıb ki, BMT tərəfindən iqlim dəyişmələri üzrə Beynəlxalq Hökumətlərarası Ekspert Qrupu yaradılıb. Qrupun son məlumatına görə, 1880-ci ildən 2015-ci ilədək, təqribən 125-130 il ərzində Yer kürəsinin ümumi temperaturu 1 dərəcəyədək yüksəlib. Bu, ilk baxışda kiçik rəqəm olsa da, bunun səbəb olduğu dəyişikliklər özünü aşkar göstərir. Yer kürəsində orta temperatur bir qədər də, yəni daha 2-3 dərəcə yüksələrsə, onda planetdə çox böyük dəyişikliklər baş verə bilər.

“BMT-nin iqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasına və Kioto protokoluna əsasən dünya ölkələri atmosferə atılan karbon qazının – zərərli qazların miqdarını ən azı 1992-ci il səviyyəsinə endirməli və o səviyyədə saxlamalıdırlar ki, dünyada havanın temperaturunun yüksəlməsinin qarşısı alınsın. Bu protokol əslində 2012-ci ilədək yerinə yetirilməli idi. Lakin hələ də öz həllini tapmayıb. 2010-cu ilə nisbətən 2030-cu ildə atmosferə atılan karbon qazının miqdarının 45 faiz azaldılması tələb olunur ki, iqlim şəraiti heç olmasa indiki səviyyədə qalsın”, – deyə alim bildirib.

M.Məhərrəmovun sözlərinə görə, iqlimin dəyişməsi bütün dünyanın problemi olduğu üçün Azərbaycanda da müşahidə edilir. İnstitutda aparılan araşdırmaların nəticələrinə görə, son on ildə ölkəmizdə həm temperaturun yüksəlməsi, həm də yağıntıların azalması qeydə alınır. Bu, düzənlik və dağlıq əraziyə malik Azərbaycanda hündürlük qurşaqlarının sərhədlərinin dəyişməsi ilə nəticələnə bilər. Məsələn, meşələrin aşağı sərhədi yuxarı qalxa bilər, əkin sahələrinin müəyyən qədər su ilə təmin olunması zəifləyə bilər. Bunlara qarşı yalnız Azərbaycanda deyil, bütün dünyada adaptasiya tədbirləri həyata keçirilməlidir. Adaptasiya tədbirlərinə, ilk növbədə, atmosferin çirklənməsinin qarşısının alınması, meşə sahələrinin mühafizəsi, süni meşələrin salınması prosesləri aiddir. Bu işlər indiki dövrdə aparılmasa, gələcəkdə bu proses daha da çətinləşəcək və bəlkə də qeyri-mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: