10 noyabr – Dünya Elm Günüdür

134

10 noyabr – Dünya Elm Günüdür.

NUHÇIXAN xəbər verir ki, Dünya Elm Günü bu il “Elm insan hüququdur” devizi altında qeyd olunur. Bu mövzu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə və UNESCO-nun elmi-tədqiqat sahəsində çalışanların statusu haqqında Tövsiyəsinə (1974, 2017-ci illər) həsr edilib. Builki mövzu hər kəsin elmi fəaliyyət göstərmək və elmin cəmiyyət həyatında yaratdığı rifahdan bəhrələnmək hüquqlarını dünya ictimaiyyətinə xatırladır.

UNESCO-nun baş direktoru Odri Azule Dünya Elm Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, son on ildə elmi tərəqqinin yüksək inkişaf tempi insanların yaşayış şəraitində köklü dəyişikliklər yaradıb. Elmin inkişafı və onun nailiyyətləri insan həyatının bütün aspektlərini müəyyənləşdirir. İnnovasiyaların tətbiqi cəmiyyətin inkişafı qarşısında yeni imkanlar açır, insanların sağlamlığını daha da yaxşılaşdırır, məişət şəraitini asanlaşdırır. Elmi tərəqqi iqtisadi inkişafın və maddi rifahın daha da yaxşılaşdırılması amilinə çevrilib.

Odri Azulenin müraciətində elmi nailiyyətlərin bəşəriyyətin ümumi sərvəti olması və hər kəsin bu nailiyyətlərdən istifadə etmək hüququ vurğulanır.

Qeyd edək ki, elm gününü beynəlxalq səviyyədə qeyd etmək ideyası ötən əsrin ortalarında meydana çıxsa da, ilk dəfə elm və sülh həftəsi 1986-cı ildə bir QHT-nin təşkilatçılığı ilə keçirilib. Bu təşəbbüsün uğurla nəticələnməsi təşkilatçıları bunu ənənəyə çevirməyə həvəsləndirib. 1988-ci ildə BMT-nin Baş Assambleyası beynəlxalq elm və sülh həftəsinin təşkili barədə qətnamə qəbul edib.

2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyasında Dünya Elm Gününün keçirilməsi qərarı rəsmən elan edilib və 2002-ci ildən etibarən bu tarix dünyanın əksər ölkələrində qeyd olunur. Burada əsas məqsəd elmin rolunu beynəlxalq və milli səviyyədə yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahələrində mühüm nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahələrinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahələrində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahələrində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin çoxalmasına münbit şərait yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: