Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Ordubad rayonunun Yuxarı Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə qeyd olunub ki, aparılan təhlillərə görə Ordubad rayonu üzrə 17837 uşaq var. Bunların da 161-i sağlamlıq imkanları məhdud uşaqlardır. Göstərilən rəqəm ümumi uşaqların 0,90 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaq var ki, bu uşaqların da 8,31 faizi Ordubad rayonunun payına düşür. Sağlamlıq imkanları məhdud 161 uşaqdan 109-u anadangəlmə, 52-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır. Bu uşaqlardan 64 nəfəri qız, 97 nəfəri isə oğlandır.
Ordubad rayonunun Yuxarı Əylis kəndi üzrə 2 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların 1-i anadangəlmə, 1-i isə sonradan qazanılma sağlamlıq imkanı məhdud uşaqdır. 1 anadangəlmə sağlamlıq imkanı məhdud uşaqda sinir sisteminin xəstəlikləri, sonradan qazanılma sağlamlıq imkanı məhdud uşaqda isə qan dövranı sistemi xəstəliyi aşkar edilib.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən lazımi həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv
sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq , həmçinin Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, gözün və gözün əlavə aparatının xəstəlikləri, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumatlar da verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.