Fövqəladə Hallar Nazirliyinin əməkdaşları taktiki-xüsusi təlim keçiriblər
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Yanğın təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə təlimin keçirilməsinin məqsədi “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, istehsal sahələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi, fövqəladə hallarda işçilərin və maddi vəsaitlərin yanğından mühafizəsinin təşkili üzrə rəhbər heyətin və mülki müdafiə qüvvələrinin praktiki bacarığının təkmilləşdirilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkilindən ibarət olub.
Təlim zamanı “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, FHN-nin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.
Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.