Aşağı Buzqov kəndindəki yeniliklər pensiyaçıları da razı salıb

357

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fondun  Babək rayon şöbəsi pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün öz fəaliyyətini günün tələblərinə uyğun şəkildə qurub. Rayon ərazisindəki bütün pensiyaçıların pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alması üçün hər cür şərait yaradılıb. Bundan başqa əmək pensiyaçıları plastik kartlardan istifadə edərək müxtəlif kommunal xidmətləri elektron qaydada ödəmək imkanı da əldə ediblər. Ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və  Naxçıvan şəhərinə getmədən rahat şəkildə pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb. Belə ki, pensiyaçıların ərizələri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə  Fondunun Babək rayon şöbəsi ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin  Babək rayon filialı arasında müqavilə imzalanıb. Məhz bunun nəticəsidir ki, rayon ərazisində pensiyalarını poçt şöbələri vasitəsilə almaq istəyənlərin sayı gündən-günə artır.

Bu günlərdə  rayonun Aşağı Buzqov kəndində yeni məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Müasir infrastruktur bu kənddə də əmək pensiyalarının poçt şöbəsi vasitəsilə verilməsinə əlverişli şərait yaradıb.

Kənd sakini 70 yaşlı Zəhra Quliyeva da yaradılan bu şəraitdən öz razılığını bildirir. Yaşa görə əmək pensiyaçısı olan Zəhra nənə qeyd edib ki,  kənddə poçt şöbəsi vasitəsilə pensiya ödənişinin həyata keçirilməsi yaşlı pensiyaçıların işini xeyli asanlaşdırıb. İndi hər kəs pensiyasını vaxtlı –vaxtında və necə deyərlər “evin içində” alır.

Zəhra Quliyeva Aşağı Buzqov kəndində olan əmək pensiyaçıları adından, onlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin pensiyalarının vaxtlı-vaxtında ödənildiyinə görə dövlətimizə və muxtar respublika rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: