Minillik məişət mədəniyyətimizin göstəricisi – Ordubad buzxanası

158

Naxçıvan ölkəmizin tarixi abidələrlə zəngin diyarıdır. Xalqımızın mədəni irsini, özünəməxsus adət-ənənələrini, tarixi keçmişini özündə yaşadan bu аbidələr sırasında buzxanalar xüsusi yer tutur. Araşdırmalara əsasən vaxtilə Naxçıvan əhalisi buzxanalardan geniş istifadə edib. Burada təbii buz parçaları qədim diyarın kəhriz və bulaqlarından axan sudan hazırlanırdı və yayın qızmar günlərində hər kəsə xoş gəlirdi. Çünki əhali sərin sudan yararlanır, yeyinti məhsullarını, şəxsi azuqələrini xarab olmaqdan, istilərdən qoruyurdu. Buzxanalar elə bu məqsədlə inşa etdirilirdi. Buzxanaların zirzəmiləri qış aylarında kəhriz suyu ilə doldurular və buz halına salınardı. İstilər başlayarkən buzun əriməməsi üçün xüsusi üsullardan istifadə edər, buz sallarının arasına saman tökərdilər. Yay aylarında buzdan istifadə etmək üçün bu işlə məşğul olan adamlar ayaqlarına keçə bağlayaraq buzxanaya girər və buzu buradan çıxararaq insanlara verərdilər. Beləliklə,əhalinin buza olan tələbatını bu yolla ödəyərdilər. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də buzxana binaları ilə tanınıb və zəmanəmizədək üç buzxana gəlib çatıb. Onlardan biri də Ordubad şəhərindəki buzxanadır.

Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi regionda ticarət məqsədilə inşa olunan obyektlərdən biri olub. Şəhərin mərkəzində, şəhərin qədim hissələrindən olan Kürdətal məhəlləsində yerləşir. Araşdırmalar göstərir ki, memarlıq abidəsi XIV əsrdə tikilib, XVIII əsrdə yenidən bərpa edilib. Binanın ümumi sahəsi 166, zirzəmisinin daxili sahəsi isə 89,4 kvadratmetrdir. Bişmiş kərpic və əhəng məhlulu ilə tikilən binanın divarlarının qalınlığı 80 santimetrdir. Bina daxili girişdə böyük otaqdan, ikimarşlı 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Tikilinin ümumi hündürlüyü 11,32 metrdir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı hər biri 2,9 metr məsafədə yerləşdirilməklə iki qonşu tağın arasında çatma tağ-tavan şəklində həll edilib. Bu halda hörgü cərgələri daşıyıcı tağa perpendikulyar vəziyyətdə düzülüb. Kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağ-tavanın konstruksiyası dəyişilir. Bütün binanın mərkəzi oxu, tağların baş xətti boyunca xırda tavanlarla tamamlanır. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvarı sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulub, buzxana hissəsinə enən pilləkənlər bərpa olunub. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılıb, divarlar əhəng-gil qarışığı ilə hörülüb. Buzxananın üzərində onun haqqında ən dəqiq məlumat verə biləcək kitabə qalmayıb. Ona görə də abidənin nə vaxt inşa edilməsi məsələsində müxtəlif fikirlər yaranıb. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” kitabından məlum olur ki, müasir Türkiyə alimi Turqay Yazar Ordubadda XVII yüzillikdən etibarən şəhərdəki məhəllə məscidləri və mədrəsə kimi binaların inşa olunması fikrindədir. Ancaq bir qrup tədqiqatçı onun XIV yüzillikdə inşa olunduğunu, XVIII əsrdə bərpa edildiyini yazır.

Qeyd edək ki,  adı­çəkilən buzxana ölkə əhəmiyyətli abidədir. Alimlərə görə, bu abidənin tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərində istifadə edilib.

Hazırda milli mətbəximizin təbliği üçün istifadə olunan bu tikili muxtar respublikamıza gələn qonaqlara tariximizi və mədəniyyətimizi tanıtmaqda mühüm rol ­oynayır.

“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: