Ermənilər bu dəfə Naxçıvanla sərhəd olan Almalı və Yelpin kəndlərinin problemlərini gündəmə gətiriblər

457

NUHÇIXAN-ın əldə etdiyi məlumata görə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən kəndlərində əhalinin güzəranı getdikcə ağırlaşır. Qəribə də olsa, ermənilərin ümid yeri indi Azərbaycan əsgəridir.

Vəziyyət o qədər ağırlaşıb ki, Ermənistanda nəşr olunan “Haykakan jamanak”(“Erməni vaxtı”) qəzetində “Biz atışma olandan-olana yada düşürük” başlıqlı məqalə yayımlanıb. Məqalə Vayotsdzor vilayətinin sərhədyanı Xndzorut (Almalı) yaşayış məntəqəsindən bəhs edir. Sözügedən yaşayış məntəqəsi Naxçıvan (Kəngərli-Babək istiqaməti) sərhədindən 1000 – 1200 metr məsafədə yerləşir. Yaşayış məntəqəsi Naxçıvanla 42 kilometr sərhədə malikdir. 514 sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqaviləli hərbi qulluqçudur. Kənddə heç başqa iş də yoxdur.

“Haykakan jamanak” qəzetinə müsahibəsində kəndin icra nümayəndəsi Hunan Ohanyan deyib ki, son zamanlar düşmənin irəliləməsi biz tərəfdə də olub. Ancaq Areni ilə müqayisədə azdır. Atışma dayanıb, ancaq hərdən olur. Kəndin bir nömrəli problemi işsizlikdir. İcra nümayəndəsi israr edir ki, əgər belə davam etsə, iş yeri problemi həll edilməsə çoxları kəndi tərk edəcək: “Yeni hökumətə ümidimiz var, sərhədyanı kənd kimi Xndzoruta diqqət ayrılacağını düşünürük. Bizim yolların hansı vəziyyətdə olduğunu gördünüz. Elə bu bərbad yollara görə çoxları kənddən getmək istəyir”.

Kənddə kasıb ermənilər maldarlıq, əkinçilik və arıçılıqla məşğul olurlar. Yolların bərbad vəziyyətdə olması səbəbindən kənd sakinləri öz məhsullarını satmaqda çətinlik çəkirlər. Tədarükçü şirkətlər də kəndə gəlmək istəmirlər. Kənd icmaları birləşdirildikdən sonra Xndzorut yaşayış məntəqəsi  Zaritap kənd  icmasına daxil edilib. Ancaq Xndzorutdan nə Zaritapa, nə də vilayət mərkəzinə ictimai nəqliyyat işləmir.  Kənd qazlaşdırılmayıb, dəfələrlə aidiyyatı qurumlara müraciət edilib, amma nəticə olmayıb. Heç qaz olsa da, sakinlər isinə bilməyəcək, çünki onların sosial vəziyyəti qazdan istifadə etməyə imkan vermir. Kəndin sərhədə yaxın əkin sahələri atəş məsafəsində olmasına görə becərilmir. Bu ərazilərin bir qismi minalıdır.

Kənd məktəbində 97 şagird təhsil alır, onların 14-ü birinci sinifdir. Məktəb direktoru Hamlet Ohanyan deyir ki: “Əsas problem boş müəllim ştatlarıdır. Riyaziyyat və rus dilli ixtisası üzrə müsabiqə elan edilməsinə baxmayaraq illərdir müraciət edən yoxdur. Yol uzaq, əməkhaqqı isə azdır, müəllimlər gəlib burada işləmək istəmirlər”. Hökumətin sərhədyanı kəndə diqqətsizliyindən narazı olan kənd  sakinləri bir-biriləri ilə zarafatlaşaraq deyirlər ki, “Türklər (azərbaycanlılar) bir az çox atəş açsa, bizə də  diqqət ayırarlar”.

Ermənistanda son illər məktəb və müəllim problemi az qala ölkənin dərdinə çevrilib. Hökumətdən bu istiqamətdə heç bir kömək ala bilməyən zavallı ermənilər öz problemlərini sosial şəbəkələrdə paylaşmaqla təskinlik tapırlar.

Almas Muradyan adlı erməni öz “Facebook” səhifəsində yazır: “Yelpin kəndindən savayı 1 sentyabr Ermənistanın bütün kəndlərində qeyd edilib. Artıq oktyabr ayı  olmasına baxmayaraq Yelpin məktəbliləri məktəbə gedə və özlərinin konstitusion təhsilalma hüququndan istifadə edə bilmirlər. Buna səbəb hansısa bir qrup təriqətçinin kəndə nüfuz etməsidir. Özlərini həqiqi möminlər adlandıran bu qrup məktəbdə müəllim işləyən   əqidədaşları vasitəsi ilə digər məktəb müəllimlərini də cəlb edərək, bütün kəndi bir-birinə qatıblar”.

Qeyd edək ki, Vayotsdzor vilayətinin Yelpin kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhəddə yerləşir.

Ermənistanın Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan isə öz “Facebook” səhifəsində vilayətin məktəb direktorlarına müraciət edərək, əvvəlki kimi işləməməyə və iş üçün elan edilmiş açıq müsabiqələrə müraciət etmiş vətəndaşları əsassız rədd etməməyə çağırıb: “Əgər sizə elə gəlirsə, əvvəlki kimi işləyəcəksiniz və vakant yerlərə görə elan edilmiş açıq müsabiqələrə müraciət etmiş vətəndaşları “boş yerə müraciət edirsiniz, bu yerlər qubernatorluqdan tapşırılıb” deyə rədd edə bilərsiniz, onda tamamilə  yanılırsınız. Bu yol sizi yaxşı yerə aparmır. Bütün belə hallar ciddi cəzalandırılacaq, rüşvət götürənləri  isə nə gözlədiyini  demək istəmirəm. Ayılın və pedaqoji fəaliyyətlə məşğul olun, ali ideyalara xidmət edin. Unutmayın ki, gələcək nəsillərin  xoşbəxt gələcəyi  sizdən asılıdır”.

Bir sözlə, işğalçı Ermənistanın sosial problemləri o həddə çatıb ki, hamı- istər sıravi vətəndaş, istərsə də qubernator belə giley-güzar edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: