Noyabrın 1-də Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsil sisteminin yenidən qurulmasının və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasının uğurla həyata keçirildiyini söyləyib. Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülür. Beş ildir ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir.
Sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.
IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsidir.