İndi hər yerindən duran Naxçıvana tərəf boylana bilməz

Sahil Tahirli yazır

1. 094

Bu, tarixən belə olub: Nə qədər ki, gücün-qüvvətin, topun-tüfəngin yoxdur, hər yerindən duran sənə darğalıq etməyə çalışıb; imkan düşən kimi vurub-yıxıb, itələyib çaya salıb, əlindən çörəyini, Vətənindən torpağını qoparıb. Yox, əksinə, elə ki, gücün-qüdrətin, güclü ordun, dayanıqlı iqtisadiyyatın var, onda hamı öz arşınını buna görə ölçüb. Əsən də, coşan da, dağdan-yamacdan aşan da ətrafında hərlənib-fırlanıb sonra da sakitcə çəkilib öz qınına…

Uzun sözün qısası, dünən Naxçıvanda keçirilən Naxçıvan Qarnizonu Qoşunlarının Xüsusi Təyinatlı Birləşmə və Hissələrinin birgə taktiki-xüsusi təlimi həm ölkə daxilində, həm də yaxın coğrafiyada böyük maraqla izlənildi.

Uğurla başa çatan bu təlimlər heç şübhəsiz, bir neçə cəhətdən xüsusi əhəmiyyət daşıyırdı.

Birincisi:

Azərbaycanın, eləcə də Naxçıvanın ordusu ötən əsrin 90-cı illərində olduğu kimi sınıq-salxaq “Kalaşnikov”ların və ya ov tüfənglərinin ümidinə qalmayıb. İndi hər yerindən duran Naxçıvana tərəf boylana bilməz!

İkincisi:

Ötən 25 il boşa verilməyib. Güclənən Azərbaycan dövləti həm də güclü iqtisadiyyat və modern ordu yaradıb.

Üçüncüsü:

Müasir döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, yüz kilometrlərlə məsafədə yerləşən hədəfləri “şumlamaq” iqtidarında olan zenit-raket və artilleriya kompleksləri, zirehli döyüş maşınları Naxçıvan ordusunun arsenalındadır və “atəş” əmrini gözləyir.

Və nahəyət, dördüncüsü:

İndi Naxçıvanı yüksək VƏTƏNPƏRVƏR RUHLU, od ürəkli, polad biləkli oğullar qoruyur! Bu, dövlət-xalq-ordu birliyinin ötən 25 ildə bizə qazandırdığı ən böyük mirasdır.

Ümumilikdə, min nəfərdən artıq şəxsi heyətin, 80-ə yaxın zirehli texnikanın, 20-dən artıq hava hücumundan müdafiə vasitələrinin, onlarla aviasiya texnikasının bir araya gəldiyi təlimdə qarşıya qoyulmuş vəzifə və tapşırıqların dəqiqliklə və itkisiz yerinə yetirilməsi bir daha təsdiq etdi ki, ordu peşəkarlara etibar edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov:

“Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələri istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordumuz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyə malikdirlər”.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov:

Bu gün Əlahiddə Ümumqoşun Ordusu ən müasir silah, texnika və digər avadanlıqlarla təmin edilib. Keçirilən təlim bunu bir daha təsdiq etdi. Muxtar respublikadakı bütün güc strukturlarının xüsusi təyinatlıları tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi, şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Artıq düşmən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, eləcə də Silahlı Qüvvələrin muxtar respublikadakı digər birləşmə və hissələrinin yüksək döyüş hazırlığından, müasir silah və texnika təminatından qorxur və bunu etiraf edir”.

Təbii ki, ordu quruculuğuna göstərilən xüsusi diqqət və müntəzəm keçirilən hərbi təlimlər heç də iş görmək və ya sadəcə görüntü yaratmaq səciyyəsi daşımır. Biz bu təlimlərin və ordu quruculuğunun real nəticələrini Aprel döyüşlərində və bu ilin əvvəlində Şərur rayonu istiqamətində həyata keçirilən Günnüt əməliyyatında gördük. Günnüt əməliyyatı nəticəsində ordumuzun nəzarəti altına düşən Ermənistanın Areni (Arpa) kəndinin sakinlərinin işğalçı ölkə mətbuatına müsahibələrindən:

“Səhər yuxudan ayılıb gördük ki, əvvəl bizim nəzarətimizdə olan ərazilərdə Azərbaycan əsgərləri post qurub. İrəvandan Qarabağa gedən əsas yolu da nəzarətə götürüblər. Biz görəsən son 30 ildə bir daşı belə daş üstünə qoyulmayan, boşalan kəndlərlə, torpağı mürgü vura-vura qoruyan ordu ilə hara gedirik?! Yəqin, bir səhər də ayılıb görəcəyik ki,  nə kəndimiz var, nə də paytaxtımız. Düşmən güclənir, biz batırıq. Allah axırımızı xeyir eləsin”.

Bəli, ermənilərin bu səmimi etirafları əslində günün reallığıdır. Uçuruma yuvarlanan ordu, günbəgün azalan əhali, iqtidara qarşı hər gün genişlənən etiraz aksiyaları, canlı qüvvə və texnika çatışmazlığı, dərin iqtisadi tənəzzül bugünkü Ermənistanın real mənzərəsidir. İstər bir deyil, beş inqilab edib yeni-yeni Paşinyanlar ortalığa çıxarsalar da, heç nə dəyişməyəcək. Çünki işğalçılıq siyasəti və dağılmış iqtisadiyyatla qəhrəman düzəldib dünyanın gözünə dürtdükləri qaniçən Andronik də qəbirdən durub gəlsə bir şey edə bilməz. İndi reallıqla yaşayan dünya  qaranlıq otaqda qara pişik axtarmaq məramını çoxdan arxivin bir küncünə tullayıb!

Bəs, bizim bugünkü reallığımız nədir? Sədəcə belə ifadə edək: Bütün dünyanın hesablaşdığı güclü Azərbaycan! Ordusunu döyüşə, özünü daha parlaq gələcəyə hazırlayan Azərbaycan!

P.S. Gəlin onu heç vaxt yaddan çıxarmayaq və etiraf edək ki, Allaha dua etməklə donuz darıdan öz xoşu ilə çıxmır! Ona görə də, biz hər gün yox, hər an güclənməliyik. Hərəmiz öz iş və vəzifəmizi daha yaxşı yerinə yetirməklə…

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: