XVI yüzillikdə Azərbaycan türkcəsində yazıb-yaratmış və Bağdadda yaşamış bir sıra şair və ədiblərimiz vardır ki, onların həyat və yaradıcılığı, yazılı irsi bu günə qədər hələ də tədqiq edilməyib.
NUHÇIXAN xəbər verir ki, bu baxımdan yazıçı-publisist, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “Avropa” nəşriyyatında yeni çapdan çıxmış “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı xüsusi əhəmiyyət kəsb edir. Bağdadda yaşamış Azərbaycan şair və ədiblərindən bəhs edən kitab üç bölmədən ibarətdir. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçilər filologiya elmləri doktoru, professor Yaqub Babayev və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Kitabda XVI əsr şeirinə damğasını vuran söz ustadları Məhəmməd Füzuli (Füzuli Molla Məhəmməd Bağdadi), Əhdi Bağdadi, Ruhi Bağdadi, Şəmsi Bağdadi (Əhdinin atasıdır), Hüsni Bağdadi, Rindi Bağdadi (Hüsni Bağdadinin oğlu, Əhdinin isə əmisi oğlu), Zöhdi Bağdadi (Rindinin oğlu, Hüsninin nəvəsi, Şəmsinin nəticəsi və nəhayət Əhdinin əmisi nəvəsi), Muradi Bağdadi (Əhdinin kiçik qardaşı), Həsiri Şirvani, Şahi, Eşqi, Hüzni Bağdadi, Elmi Bağdadi, Kəlayi Bağdadi, Zaeyi Bağdadi, Zehni Bağdadi, Zəmiri və Fəzli Mövlana (Füzulinin oğlu) kimi azərbaycanlı sənətkarların həyat və yaradıcılıqları tədqiqata cəlb edilib.
Əsərdə qeyd edlir ki, XVI əsrin əvvəllərindən Bağdadda Azərbaycan poeziyası aparıcı rola malik olub. Füzuli ədəbi məktəbini tamamilə yeni poetik məzmunda, yeni məna və bədii dəyərlərlə davam etdirən azərbaycanlı sənətkarların bütöv bir nəsli bu dönəmdə Bağdadda yetişib. Bu sənətkarlar Füzuli irsini kor-koranə təqlid etmir, əksinə, Azərbaycan klassik şeir ənənələrini yaşadır, dövrün gətirdiyi yeni poetik ab-havadan da kənarda qalmırdılar. Azərbaycanın böyük şəxsiyyətləri sırasında dayanan tənqidçi, mətnşünas, folklorçu və ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizi (1030-1109) “Nəzmiyyə” Akademiyası açılan zamandan oraya dəvət edilib və 40 il Şərqin bu nəhəng elm ocağında çalışıb. XV əsrdə Bağdad Ağqoyunlu dövlətinin hakimiyyəti altında idi. Şah İsmayıl Səfəvinin 1508-ci ildə Bağdadda hakimiyyətini möhkəmləndirməsi buraya azərbaycanlı sənətkarların axınını daha da gücləndirdi. Azərbaycan ədəbiyyatının bir hissəsinin Bağdadda formalaşması göründüyü kimi, heç də təsadüfi deyildi.
Kitabda “Divan”ı bu günümüzə gəlib çatmış Ruhi Bağdadinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb. Qeyd olunur ki, Ruhi Bağdadi 1544-cü ildə Bağdadda hərbçi ailəsində doğulub. O, gənc yaşlarından atasını itirsə də, mükəmməl təhsil ala bilib, ərəb və fars dillərini dərindən öyrənib. Onun yaşadığı dövr çox gərgin və ağır müharibə illərinə düşüb. Ruhi ömrünün son illərini Şamda yaşayıb və 1606-cı ildə orada vəfat edib.
Ruhi bütün yaradıcılığında Füzuli və Nəsimi irsindən qidalanıb. Davamçılarından Ruhi qədər Füzuli ədəbi məktəbinə yaxın ikinci bir sənətkar demək olar ki, yoxdur. Ruhinin “Divan”ı 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1 məşhur tərkibənd, 1 tərcibənd, 3 müəşşər, 2 müsəmmən, 7 müsəddəs, 1 müxəmməs, 94 tarix, 2 mürəbbe, 3 dəyişən beytli mənzumə, 1 müəmma, 1115 qəzəl, 8 təxmis, 28 rübai və 26 qitədən ibarətdir.