Damaqda müşahidə olunan qanaxmanın səbəbləri

170

Hazırda informasiya əsri olmasına baxmayaraq, hələ də insanlar sadə gigiyena qaydalarına düzgün riayət etmirlər. Bunlardan biri də dişlərə qulluqla bağlıdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin assistenti, stomatoloq Narin Babayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib.

Həkim diş xəstəliklərinin daha çox rast gəlinən patologiyalarının ağız boşluğunun gigiyenası ilə bağlı olduğunu bildirib: “Əfsuslar olsun ki, pasiyentlərin əksəriyyəti dişlərini düzgün təmizləmir. Nəticədə ağızda diş daşları və diş ərpi yaranır. Digər tərəfdən, dişlərə düzgün qulluq olunmadığından, müxtəlif xəstəliklər, diş ətinin iltihabı ilə bağlı problemlər yaranır. Bunlar arasında gingevit, paradantoz, periodontitin adlarını çəkmək olar. Vaxtında müdaxilə olunmasa, bu xəstəliklər xroniki formaya keçərək ömür boyu davam edə bilər”.

N.Babayevanın sözlərinə görə, diş ərpi xüsusi aparatlar və polişenk materiallar vasitəsilə cilalanıb təmizlənir. Prosedur zamanı pasiyentlərə dişlərin düzgün təmizlənməsi qaydaları da öyrədilir. Xəstə prosedurdan altı ay sonra yenidən dəvət olunur. Müayinə zamanı problemin qaldığı müəyyən olunursa, təkrar müalicə tələb olunur.

Stomatoloq xəstələrin diş ətində tez-tez qanaxmaların yaranmasını diş daşları və ərpi ilə əlaqəli olduğunu bildirib: “Əgər bu hallar yoxdursa, onda qanaxma düzgün qoyulmamış plomb və ya qapaqla bağlıdır. Çünki qanaxmalar özbaşına yaranmır, yalnız xroniki sistem xəstəlik zamanı meydana çıxır”.

N.Babayeva bildirir ki, diş əti ilə bağlı problemlərə adətən 25-50 yaş arası insanlarda daha çox rast gəlinir: “Orta yaşda olanlara nisbətən gənclər dişlərinə də yaxşı qulluq edirlər. İnsan yaşa dolduqca qayğıları artır və gigiyena qaydaları da unudulur. Odur ki, valideynlər övladlarına kiçik yaşlardan dişlərinə qulluq vərdişlərini aşılamalıdır. Bunun üçün ilk dəfə uşağa eyni fırçadan iki ədəd alınmalıdır. Bunlardan biri uşağın oyuncaqlarının arasında saxlanılmalıdır və daim oyunlarda istifadə olunmalıdır. Belə olduqda, uşaq dişlərini təmizləməyə həmişə oyun kimi yanaşacaq və şıltaqlıq etməyəcək, bu prosedurdan çəkinib qorxmayacaq. Onu da qeyd edim ki, bəzən valideynlər uşaqlara yaşına uyğun olmayan sərt diş fırçası alırlar. Buna görə dişin mina qatı məhv olur”.

ATU-nun assistenti diş əti ilə bağlı xəstəliklərin qarşısının alınması üçün zəruri profilaktik tədbirlərin görülməsini tövsiyə edir. Bunun üçün o, altı aydan və ya ildə bir dəfə stomatoloq müayinəsindən keçməyin vacib şərt olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: