Zəngilan rayonu 25 ildir ekoloji terrora məruz qalır

120

Zəngilan rayonu Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 730 kavdratkilometr, əhalisi 40 min nəfərdən çox olan Zəngilan rayonu 25 il əvvəl-1993-cü il oktyabrın 29-da erməni işğalçıları tərəfindən zəbt olunub.

NUHÇIXAN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

Vaxtilə Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 santimetr, hündürlüyü 8 metr, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 santimetr, hündürlüyü 20 metr, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 santimetr, hündürlüyü 30 metr, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə isə diametri 60 santimetr, hündürlüyü 12 metr, yaşı 160 il olan bir palıd ağacı pasportlaşdırılaraq qorunub.

Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var.

Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir. Belə ki, Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi, və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirib. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və s. qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq material kimi daşınıb.

İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər. Meşə Təsərrüfatı İdarəsinin inzibati binası yandırılıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə məhv edilib.

Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törədib, həmin meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılaraq daşınıb.

Bu gün də ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır. İşğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: