Futbol üzrə muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib

129

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatında növbəti turun oyunları olub.

NUHÇIXAN xəbər verir ki, mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası geridə qalan turlarda məğlubiyyətsizlik seriyasını davam etdirib. İlk olaraq Şahbuzda “Batabat” komandasının qapısından 5 cavabsız top keçirən “qırmızı-ağlar” növbəti iki turda “Dübəndi” (Ordubad) və “Sədərək” (Sədərək) komandalarını qəbul edib. Hər iki komandanı “evə” xalsız yola salan Naxçıvan təmsilçisi 5 görüşdən sonra maksimum xalla turnir cədvəlinin lideridir. Eyni zamanda, “Araz-Naxçıvan” cari mövsümdə qapısının toxunulmazlığını qoruyan yeganə komandadır.

Keçirilən növbəti 3 tur ərzində məğlub olmayan daha 3 komanda var: “Arpaçay”, “Babək” və Naxçıvan Dövlət Universiteti (NDU). Şərur təmsilçisi səfərdə “Dübəndi” komandasını məğlub etdikdən sonra (4:0) doğma arenada NDU komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 1:1 hesabı ilə başa çatıb. Bu görüşdə yaddaqalan digər məqam hakim tərəfindən göstərilən 4 qırmızı vərəqə olub. Növbəti görüşdə isə “Arpaçay” “Kəngərli” komandasını 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Babəkin eyniadlı komandası isə universitet komandası ilə səfərdə heç-heçədən (1:1) sonra “Əlincə” (Culfa) komandasını doğma arenada məğlub etməyi bacarıb. NDU komandası isə şahbuzlu həmkarları üzərindəki 3:0 hesablı qələbəyə seviniblər.

Hazırda turnir cədvəlində xal qazanmayan iki komanda var: “Batabat” və “Dübəndi”. Şahbuz təmsilçisindən fərqli olaraq ordubadlı futbolçular rəqib qapısından top belə keçirə bilməyiblər.

Bombardirlər cədvəlinə isə “Araz-Naxçıvan”ın hücumçusu Vüsal Əliyev başçılıq edir. Onun aktivində 6 top var. “Qırmızı-ağlar”ın digər hücumçusu Tağı Seyidov və “Arpaçay”ın futbolçusu İbrahim Əliyev isə 5 topla ikinci və üçüncüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: