Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda elmi-praktik konfrans keçirib.
NUHÇIXAN xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və varislik” mövzusunda çıxış edib. Qeyd edilib ki, partiyamızın banisi, müstəqil Azərbaycanın xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifliyi ilə Yeni Azərbaycan Partiyasının 6 məşhur prinsipi: müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq və vətənçilik, varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri 1990-cı illərin ortalarından bütövlükdə dövlətin ideoloji bünövrəsi rolunda çıxış etməyə başlayıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxış edib. O, qeyd edib ki, ulu öndərin 1993-cü ilin iyununda ölkəmizə hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu həyata keçirildi. Məhz ümummilli liderimizin siyasi konsepsiyası və dövlətçilik nəzəriyyəsi Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edərək ölkəmizin hərtərəfli inkişafı üçün alternativsiz yola çevrildi.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Naxçıvanda muxtar dövlət quruculuğu və iderəetmə modeli” mövzusundakı çıxışında bildirib ki, 1995-ci ildən sonrakı tarixi mərhələ muxtar respublikanın sosial-iqtisadi, mədəni-mənəvi, ictimai-siyasi inkişafı və intibah dövrü kimi tarixə yazıldı. Bildirilib ki, muxtar respublika Konstitusiyasının, muxtar dövlətin siyasi-hüquqi sisteminin Avropa qitəsində model kimi qiymətləndirilməsi 1995-2018-ci illərdə Naxçıvanda yaranıb formalaşan və artıq beynəlxalq təcrübədə yayılan optimal idarəçilik ənənələrinin nəticəsidir. Bu dövrün siyasi inkişafı, həyata keçirilən uğurlu quruculuq xətti Naxçıvan muxtariyyətinin sosial-siyasi və hüquqi inkişafının əsasını təşkil edir.
Elmi konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyevanın “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, Heydər Əliyev Muzeyinin fond mühafizi Nərmin Cəfərovanın “Əsil siyasət konkret, real iş görməkdən ibarətdir” mövzularında çıxışları dinlənilib.
Çıxışlar mövzularla bağlı slaydlarla müşayiət olunub, konfransın sonunda mövzuya müvafiq film nümayiş etdirilib.
Turab Hacızadə
NTV xəbər