Türkiyə KİV-ləri Anadolu jurnalistlərinin Naxçıvana səfərindən yazıb

244

Türkiyənin bir qrup media nümayəndəsi Naxçıvanda səfərdə olub. Türkiyə Jurnalistləri Konfederasiyasının sədr müavini, Şərqi Anadolu Jurnalistlər Federasiyasının rəhbəri Firudin Fazil Özsoyun rəhbərlik etdiyi jurnalistlərin Naxçıvan səfəri ilə bağlı Türkiyənin nüfuzlu qəzet və dərgiləri, xəbər agentlikləri məlumat yayıb. Milliyet.com.tr, haberler.com,tr, haber7.com.tr, güvenqazete.com.tr, beyazqezete.com.tr, diyadinnet.com.tr, sondakika.com.tr. saytlarında məlumat verilir ki, Şərqi Anadolu Jurnalistlər Federasiyasının üzvləri Türkiyənin İğdır şəhərində keçirilən toplantılarından sonra Naxçıvana da səfər ediblər. İlk olaraq Möminə Xatın türbəsi, Xan sarayı, Açıq Səma Altındakı Muzeyi ziyarət ediblər. Tarixi Naxçıvanqalada keçirilən bal festivalına qatılan jurnalistlər Naxçıvanda istehsal edilən məhsulların nümayiş olunduğu Biznes Mərkəzində olublar. İstehsalla bağlı məlumat əldə ediblər. Səfər çərçivəsində Naxçıvan Muxtar respublikası Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və digər media qurumlarının təmsilçilərinin Anadoludan olan  jurnalistlərlə görüşü də Türkiyənin mediasında yer alıb. Görüşdə ikitərəfli yaradıcılıq əlaqələri və iş birliyinin müzakirə olunduğu, faydalı əməkdaşlıq üçün hər iki tərəf üçün  yaxşı imkanların mövcudluğu qeyd edilib. Naxçıvanda yeni fəaliyyət göstərən Nuhçıxan İnformasiya Agentliyinin Şərqi Anadolu Jurnalistlər Federasiyasına üzv olması üçün gələcək planlara  da toxunulub. Türkiyənin KİV-ləri onu da qeyd edir ki, Naxçıvanlı media təmsilçiləri muxtar respublikada olan xəbərləri davamlı olaraq qonşu ölkənin media qurumlarında geniş ictimaiyyətə çatdırmaq üçün maraqlı olduqlarını və bu işə həmişə hazır olduqlarını qeyd ediblər.

Şərqi Anadolu Jurnalsitlər Federasiyasının rəhbəri Firudin Fazil Özsoysa Naxçıvanı və buranın insanlarını çox sevdiyini qeyd edib. Hətta bu istiqamətdə əməkdaşlıqda bir qədər gecikdiklərini vurğulayıb. Təkliflərin ən qısa zamanda Türkiyənin Jurnalistlər Konfederasiyasında müzakirə edilərək həll olunacağını və bu istiqamətdə əlindən gələni edəcəyini bildirib.

Görüşdə çıxış edən Ağrı Jurnalistlər Birliyinin sədri Əlaəddin Arslan, İğdır Jurnalistlər Birliyinin sədr müavini  İsmayıl Aras gələcəkdə əlaqələrin müntəzəm şəkildə qurulacağına inandıqlarını bildiriblər.

Qonaqlar həmiçin Naxçıvan Dövlət Televiziya və Radiosu, Şərq qapısı qəzeti, Naxçıvan Dövlət  Universitetinin televiziya və radiosunun imkanları ilə tanış olublar. Türkiyəli jurnalistlərin səfəri Duzdağ Fizioterapiya xəstəxanasını gəzməklə sona çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: