Bu yerlərdə limon sarı…

199

Çay süfrəsini onsuz təsəvvür etmək mümkün deyil. Lakin, bu ətirli sitrus meyvəsi ilə çay içərkən şəkərdən istifadə etmək məsləhət görülmür.

Limon təkcə dadına görə sevilmir…

NUHÇIXAN xəbər verir ki, tarixi mənbələrə əsasən limonun əsl vətəni Hindistandır. Sonralar bu meyvə Hindistanın Himalay dağlarından Mesopotamiyaya, oradan da İtaliyaya aparılıb. X əsrdə ərəblər limonu Fələstində yetişdiriblər. Xaç yürüşləri zamanı limon yenidən Fələstindən Avropaya qayıdıb.

Limonu Azərbaycana lap qədim zamanlardan gətirməyə başlayıblar. Bütün sitrus meyvələri kimi, o da yalnız Lənkəran və Astara rayonlarında yetişdirilir.

Ölkəmizə sonradan gətirilsə də, limonun faydalı olduğu dərhal başa düşülüb. Möhkəm qabığı onu hər fəsildə saxlamağa imkan verir. Qabıq həm də limonun tərkibindəki vitaminlərin uzun müddət saxlanılması üçün sipər rolu oynayır.

XI əsrdə İbn Sina ürək xəstəliyinin müalicəsində limonun əvəzsiz dərman olduğunu yazırdı. O, limonu hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş xəstələrə yeməkdə istifadə etməyi məsləhət görürdü.

Limon müasir dövrün geniş yayılan təzyiq, xolesterin və laxtalanma kimi qan xəstəliklərində tez və təsirli nəticə verən vasitə kimi istifadə edilir. Kulinariya, ətriyyat və kosmetologiyada da limonun istifadəsi geniş yayılıb. Limon kosmetologiyada ağardıcı vasitə kimi istifadə olunur. Onun köməyi ilə sızanaq izlərini və yaydan qalan piqment ləkələri aradan qaldırmaq olur. Bu bitkinin tərkibi C vitamini ilə zəngin olduğuna görə orqanizmdə olan şlak və toksinlərin təmizlənməsində xüsusi rol oynayır. Dirsəklərdə olan quruluq və qaralma zamanı da limondan istifadə olunur. Həftədə iki-üç dəfə bu meyvəni ortadan iki yerə bölüb həmin nahiyəyə sürtməklə problemi aradan qaldırmaq mümkündür. Limonun qabığının dişə sürtülməsi ağardıcı təsir göstərir. Diş məcununa bir qədər limon şirəsi və soda əlavə edilməsi də dişlərin ağarmasına, diş dibinin möhkəmlənməsinə səbəb olur.

Otaq şəraitində yetişdirilən limonun xüsusi növləri var. Bu bitki yalnız yaz və yay aylarında iki-üç dəfə boy atır, qışda isə istirahət edir. Növündən asılı olaraq limon ildə bir dəfədən dörd dəfəyə qədər meyvə verir. Bitkinin yarpaqları otaqdakı havanı müxtəlif mikroblardan təmizləyən fitonsidlər buraxır. Limonun xoş ətri müsbət təsir göstərir, stressdən azad edir, yaddaşı yaxşılaşdırır, iş qabiliyyətini artırır. Ona görə də evdə yetişdirmək üçün güclü ətrə malik limon növləri seçmək lazımdır.

Limon ağacının yaxşı vəziyyəti yarpaqların sağlam və təzə olması ilə müəyyən edilir. Hər yarpağın ömrü iki-üç ildir. Vaxtından əvvəl yarpaqların tökülməsi isə hansısa bir xəstəliyin əlamətidir. Ciddi qayğıya ehtiyacı olan və bununla belə o qədər də böyüyüb boy atmayan limon ağacı yaxşı qulluq ediləndə otaq şəraitində 70, açıq şəraitdə isə 100 ildən 200 ilə qədər yaşayır.

Bir çox içkilərə və xörəklərə dad verən limonun maraqlı bir xüsusiyyəti var. Turş dadına baxmayaraq onun tərkibində bəzi şirin meyvələrdə olduğundan daha çox şəkər var. Halbuki bəzi xalqların mətbəxində bu bitkidən iştahaçıcı turşu kimi istifadə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: