“Volkswagen” konserninin dizel avtomobillərinin utilizasiyası üzrə yeni proqram işə salınır

184

Almaniyada “dizel qalmaqalı”nın səbəbkarı bu “qalmaqalın” labüd nəticələri ilə mübarizənin yeni mərhələsinə qədəm qoyur. NUHÇIXAN xəbər verir ki, “Volkswagen” konserni Almaniya şəhərlərində dizel avtomobillərinin hərəkət etməsinə qadağalar qoyulmasının qarşısını almaq üçün oktyabrın 18-də işlənmiş dizel avtomobillərinin utilizasiyası üzrə ikinci irimiqyaslı proqramın işə salındığını elan edib.

Detalları konsernin proqrama qoşulan törəmə firmaları VW, “Audi”, “Seat” və “Skoda” açıqlayıblar. Bu kampaniyaya tənqidi yanaşanların fikrincə, konsernin bu addımı yeni maşınlara tələbatı stimullaşdırmaq məqsədi daşıyır. Buna baxmayaraq, işlənmiş avtomobillərin utilizasiyası havanın daha təmiz olmasına real şəkildə kömək edə bilər.

Konsernin məlumatına görə, utilizasiya ilə bağlı mükafatların ödənilməsinin 2017-ci ilin avqustundan 2018-ci ilin iyununadək davam edən birinci mərhələsi nəticəsində “Volkswagen” işlənmiş qazlarında zəhərli maddələrin miqdarı xüsusilə yüksək olan (ekoloji standartları avro-1-dən avro-4-dək olan) 210 mindən çox köhnə dizel avtomobilini dövriyyədən tam çıxarmağa ( yenidən satmaq üçün deyil, məhz lom yerinə işlətmək üçün) müvəffəq olub. İndi bu proqram bərpa olunur.

Proqrama görə, köhnə markalı dizel avtomobili sahibləri öz avtomobillərini bütün Almaniya ərazisində “Volkswagen”ə daxil olan şirkətlərə təhvil verərək “ekoloji mükafat” alırlar. Yəni onlar güzəştli qiymətlərlə yeni, yaxud yaxın günlərdə qeydiyyata düşmüş, dizel, benzin və ya elektrik mühərriki ilə işləyən köhnə avtomobil əldə edirlər. Güzəştli qiymətlərin məbləği isə maşının markasından və konkret modelindən asılıdır.

“Audi” şirkətindən bildiriblər ki, bu brendin ekoloji standartı avro-6 olan yeni avtomobilini alarkən güzəştli qiymət avtomobilin modelindən asılı olaraq 3-10 min avro arasında dəyişir. “Seat” 2,5 min avrodan tutmuş (“Ibiza” modeli) 8 min avroyadək güzəştli qiymət təklif edir. VW markalı kommersiya minik avtomobillərinin sahibləri 4-8 min avroya ümid bəsləyə bilərlər.

Havanın çirklənmə səviyyəsi xüsusilə çirkli olan 14 şəhərin və onlara bitişik kənd rayonlarının sakinlərinə, daha doğrusu, həmin bölgələrdə yaşayan, ekoloji standartları avro-4 və avro-5 olan köhnə dizel avtomobillərinin sahiblərinə ünvanlanmış təklif “Volkswagen”in işə saldığı proqramın prinsipcə yeni elementidir.

Onlara yeni avtomobil alarkən təhvil verdikləri avtomobilin bazar qiymətini nəzərə almaq və üstəlik, həmin məbləğə “mübadilə üçün mükafat” əlavə etmək təklif olunur. “Audi”nin güzəştli qiymətləri avtomobilin modellərindən asılı olaraq 9 min avroya çata bilər, “Volkswagen” kommersiya avtomobillərinin satışı zamanı 7 min avroya qədər güzəştə getməyə hazırdır.

Konsernin və onun törəmə şirkətlərinin saytlarında göstərilir ki, Federal Avtomobil Nəqliyyatı İdarəsi bütün potensial namizədlərə bu şəkildə mübadilə barədə rəsmi məktub yollayacaq. Bu məktub işlənmiş avtomobil sahiblərinə müvafiq salonlarda avtomobillərini mübadilə etmək hüququ verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: