Dövlət müstəqilliyimiz daimidir, əbədidir

574

Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir.

Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən  işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir.

Dahi şəxsiyyət 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda və məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edildi. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.  Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrildi.

Belə bir tarixi məqamda – 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.  Xalqımız şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına müstəqillik qazandı. Lakin bu, müstəqilliyi qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi. Təəssüf ki, müstəqilliyimizin ilkin mərhələsində – 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. …

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı.

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı.

Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndərin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizlə bağlı həqiqətlər dünya ictimayətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

Bu gün ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyri-neft sektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmış, ümumi daxili məhsula bərabər səviyyədə  valyuta ehtiyatarı yaradılmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial problemlərin uğurlu həlli nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsinə endirilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Bu tədbirlər nəticəsində  Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.

Bu gün dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan öz dövlət müstəqilliyini mühüm tarixi nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.                                       

Müstəqilliyin bəhrələrindən Naxçıvan Muxtar Respublikasına da xeyli pay düşüb. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq tədbirləri, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı, əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması buna parlaq sübutdur. Əgər 1 yanvar 1996-cı il  tarixə muxtar respublikada 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 442-yə çatdırılmışdır. Muxtar respublikada 3819,1 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulmuş, 103 körpü tikilmişdir. Elm və təhsil müəssisələri üçün 213 yeni bina inşa olunmuşdur. 481 mədəniyyət, 280 səhiyyə ocağı tikilmiş və ya yenidən qurulmuşdur. Bir rayon yaradılmış, 4  qəsəbə, 149 kənd mərkəzi istifadəyə verilmişdir. 6671 istehsal, xidmət və digər infrastruktur sahələri yaradılmışdır. 2017-ci ildə və 2018-ci ilin ötən dövründə 4461 yeni iş yerləri açılmışdır ki, onların 98 faizi və ya 4371-i daimi iş yerləridir.

Son 15 ildə 14 dəfə muxtar respublikaya səfər edən, 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublikaya son səfəri zamanı demişdir: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər yerində ­görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Burada aparılan işlər çox yüksək qiymətə layiqdir“. 

Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hazır olsun”. Bunun üçünsə, ilk növbədə, ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: