120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?
NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən məlumat verir ki,İbrahim Qafar oğlu Səfiyev 1898-ci ildə Şərurda doğulmuşdur. Atasını üç yaşında itirən İbrahim Səfiyev ilk təhsilini Cəlilkənd məktəbində almış, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur.
İbrahim Səfiyev kiçik yaşlarından rəsmə həvəs göstərmiş, 12 yaşında “Araz balıqçıları” adlı ilk rəsm əsərini çəkmişdir. İki il Moskvadakı Rəssamlıq Akademiyasında oxuyan İbrahim Səfiyev Rusiyadakı 1917-ci il hadisələrinə görə təhsilini yarımçıq buraxıb Naxçıvana qayıdır. Şərurda rəsm çəkib çörək pulu qazanan İbrahim Səfiyev Birinci Dünya müharibəsi illərində Türkiyənin Qafqaz islam ordusunun tərkibində Türkiyəyə gedir və ömrünün sonuna qədər orada yaşayır.
İstanbulda İncəsənət Akademiyasına daxil olan İbrahim Səfiyev 1923-cü ildə buradan məzun olur və Türkiyənin məşhur rəssamı Namiq İsmayılın emalatxanasında işləyir. 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamlarının müsabiqəsində qalib olur və mükafat alır.
İbrahim Səfiyev 1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə başlayır. İkinci Dünya müharibəsinin başlanması ilə hərbi xidmətə çağırılan rəssam orduda qulluğunu tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşaraq həyatını sənətə bağlayır.
Türk rəsm sənəti tarixində özünəməxsus fəaliyyəti ilə tanınan rəssam iki il Münhendə olmaqla, 11 il Avropa ölkələrində yaşamışdır. Roma və Vyana şəhərlərində fərdi və qarışıq sərgilərdə iştirak edir. 1967-ci ilə qədər təkcə Marsiliyada 8 fərdi sərgidə əsərlərini nümayiş etdirir.
Rusiya Rəssamlıq Akademiyasında aldığı təhsil nəticəsində rəssamın əsərlərində rus rəssamlıq üslubu hiss olunur.
İbrahim Səfiyev İstanbulda Oda Kule İş Mərkəzinin sənət salonunda 1983-cü ilin yanvar ayının 4-də yüzüncü fərdi sərgisinin açılışı keçirildikdən sonra axşam saatlarında vəfat etmişdir.
Müxtəlif sənət cərəyanlarına yaxından bələd olan İbrahim Səfiyev yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Görkəmli sənətkar boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr – “Otel” parkı tərəfdən Bursa görünüşü”, “Anadolu sahilinin görünüşü”, “Qarxana rayonu”, “Sultaniyyə məscidindən bir görünüş”, “Mənzərə”, natürmortlar – “Gül vazası”, “Natürmort”, portretlər- “Qadın portreti”, “Portret”, “Qərəzli musiqiçi Hafizin portreti”, “Zərrux xanımın portreti” və s. sənət əsərləri yaratmışdır.
Əsərləri Türkiyə, Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgilərdə nümayiş etdirilmişdir. İbrahim Səfiyev mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989-cu ildə Bakıda keçirilən “Əzizim Vətən yaxşı…” sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R.Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.