Gənclər Ordubad muzeylərini gəziblər
Muxtar respublikada turizmin inkişaf etdirilməsi məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, ekskursiyanın təşkil olunmasında məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq muxtar respublikanın təbliğində gənclərin fəallığını artırmaqdır. Muzeylərdə keçirilən bir saatlıq müddət insanların bilik, bacarıq və vərdişlərinin, elmi və bədii təfəkkürlərinin, dünyagörüşlərinin, estetik zövqlərinin formalaşmasına xidmət edir. Bu mənada muzey gəzintiləri təxirəsalınmaz tədbirlərdən biridir. Gənclərin gəzintiləri Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyindən başlayıb. Muzeyin direktoru Muzeydə olan eksponatlar haqqında gənclərə geniş məlumat verib. Sonra gənclər kimyaçı alim Yusif Məmmədəliyevin, pedaqoq, şair-publisist Məmməd Tağı Sidqinin və yazıçı, ədib Məmməd Səid Ordubadinin Ev muzeylərini gəzib orada olan eksponatlarla yaxından tanış olublar. Muzey bələdçiləri Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini verən şəxsiyyətlər haqqında danışıblar.
Ekskursiya Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Ekskursiyada 20 nəfər gənc iştirak edib.