Şeirimizin axan Arazı

407

“Mənim şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, – deyirdi şair. Kağız-qələmi hamıdan, hər şeydən yaxın bilirdi özünə. O kağız-qələm ki, ona böyük şöhrət gətirən əsərlərin meydana gəlməsinə vəsilə oldu, onu el şairinə, xalqın söz ustadına çevirdi. Bütün sirlərini kağız-qələmə dedi, şeirlərinə tökdü şair. Hər sözündə, söhbətində bir qəlb dünyası yaratdı, xalqının heykəlini ucaltdı. Ustadlar deyib axı “bir qəlbin tarixi bir xalqın tarixi qədər qədim və zəngindir”. Şairimizin də qəlbindən axıb-gələn söz-sənət dünyası xalqımızın varlıq dünyası kimi heykəlləşdi. Onun haqqında görkəmli tədqiqatçılarından olan akademik İsa Həbibəyli yazırdı ki, şairin sənəti onun özünün və mənsub olduğu xalqının qeyri-adi tərcümeyi-halıdır. Buna görə də şair özü “Şair dostum, çaldığın saz, Eldən ayrı səs ucaltmaz” – deyərək yaradıcılığın meyarını el həqiqətlərinə söykənməkdə görürdü…

Bəli, bu şair xalqının sevimli söz ustadlarından biri olan Xalq şairi Məmməd Arazdır. O Məmməd Araz ki, Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yerə və mövqeyə malikdir. O Məmməd Araz ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə vətəndaş qeyrətli ədəbiyyat yaradıb, milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq şöhrət qazanıb. Azərbaycan-türk ədəbiyyatında Araz şairi olaraq tanınıb.

Görkəmli söz ustadı Məmməd Araz (1933-2004) Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. Bəlkə də şeirlərindəki təb, şeriyyətindəki axıcılıq, şirinlik şairin vətəninin ecazkarlığından doğurdu?! Bəlkə də elə vətəninin çaylarının, bulaqlarının şırıltısı idi onun misralarındakı söz axımına, qafiyə çalxımına çevrilmişdi! Yam-yaşıl düzlər, barlı-bəhərli ağaclar onun şeirlərindəki dəyərə və gözəlliyə dönüşmüşdü. Bəlkə də yaşıllıq sarıdan yoxsul, amma vüqarlı, qürurlu, əzəmətli görünən vətən dağları idi onun şeirlərinə vüqar, əzəmət və qürur gətirən. Bəlkə elə elinin, obasının min illərlə aşıb-gələn Əshabi-Kəhf  imanının gücü idi onun yaradıcılığında sözə bu qədər iman var idi!.. Bəli, onun sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bütün qüdsiyyəti ilə əks olunurdu. Məmməd Araz şeirinin hər sətri, hər misrası, hər obrazı, hər detalı vətən müqəddəsliyini ifadə edirdi. Şairin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, ağac, dərə, dağ, quş, heyvan, ot – bir sözlə: hər xilqət Vətən əzəməti, el sevgisi, yurd müqəddəsliyini ifadə və təcəssüm etdirirdi. Prof. Yaşar Qarayev doğru deyirdi: “Məmməd Arazın şeiri düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın şeirdə ifadəsidir”.

İstedadlı qələm sahibi Məmməd Arazın yaradıcılığında vətən sevgisi, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də qurtarır. “Ürəyimsiz kəlmə yazan deyiləm”, – deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”– deyən ədib üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, – deyə vətəndaşlıq konsepsiyası irəli sürmüşdür. Buna görə də:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim

Xəzanımdır, xəzanımdır, xəzanım,

– deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir.  Qətiyyətlə demək olar ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan əbədiyaşar sənətkarlardan biri də “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” deyərək öz poeziyası ilə qələmini milli ideallar, dövlətçilik və ərazi bütövlüyü uğrunda mücadilədə silaha çevirən görkəmli söz ustadı Məmməd Arazdır. “Mənim yurdum hardan başlar?- ürəyimin kandarından…” – deyən şairin yaradıcılığında Azərbaycan bütün mənəvi böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir Dünyadır, Kainatdır. Onun yaradıcılığında Azərbaycan öz əxlaqı, mənəviyyatı, dərin ruhi-mənəvi aləmi, zəngin dəyərləri və s. ilə bir baxış qibləgahı, dünyagörüşü, özünəməxsus bir dünyadır:

Azərbaycan…! Qayalarda bitən bir çiçək…

Azərbaycan, çiçəklərin içində qaya…

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Doğru deyilib ki, “Məmməd Araz yaradıcılığında Araz mövzusu qırmızı xətlə keçir”. Şairin yaradıcılığında əsaslı, aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil edən Araz mövzusu eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, təxəllüsünə çevrilib. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və b. kimi şeirləri, “Araz axır” poeması məhz Arazla ayrı bölünmüş vətənin bütövlük həsrətinə həsr olunub. Bu əsərlərdə paralanmış Azərbaycanın dərin nisgili yer alıb. Buna görə də: “Qələm gəldi əlimə – Araz gəlir dilimə”, – deyə Araz mövzusu şairin sənət kredosu və yaradıcılığının baş mövzusuna çevrilməklə bütün sənət idealını özündə cəmləşdirir. “Mən Arazın səsiyəm” deyən şair həm də ona görə “Böyük Azərbaycan”çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycançılıq məfkurəsi ilə yaşadığını əks etdirməyə nail olmuşdur. Çünki şair Araza təkcə bir çay kimi deyil, həm də tarix kimi, bütöv Azərbaycanın açarı, bütöv vətən idealının rəmzi kimi baxır. Buna görə də şairin yaradıcılığında Araz çox zaman obrazlaşır: Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır və dil açıb danışır. Bu baxımdan Araz onun yaradıcılığında həm Azərbaycandır, bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin ayrılıq dərdi, həsrətidir, həm də bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur.

Məmməd Araz həm də milli istiqlalımızın önəmli simalarından biridir. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi çoxsaylı şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz mövzusu ilə vətənin bütövlüyü ideyası istiqamətində bir çox milli məsələlər işıqlandırıldığı kimi, XX əsrin axırlarında xalqımızın bəxtinə yazılan Qarabağ problemi də vətəndaşlıq yanğısı ilə əks etdirilmişdir. Xalq şairi öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini də gətirmiş, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırmışdır. Əsərlərində qüvvətli mübarizə idealı olan Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində mübarizə əzmini qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim. Neçə “səni”, neçə “məni” xilas edim”, – deyə babalardan gəlmə döyüş və mübarizə qeyrətini, vətən sevgisi və fədakarlığını nümayiş etdirmişdir. Xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və b. əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. Xalq şairi Məmməd Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə də bir ideala – Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət etmişdir. Elə “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən” kimi motivlər – arzu və dualar üzərində qurulmuşdur. Xalq şairi Məmməd Araz milli istiqlal tariximizdə oynadığı rola görə idi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini də məhz bal-şəkər ana dilində yazıb. Onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə Azərbaycançılığın dərslik kitabını yazmışdır. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və dolğun, dəqiq sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti olaraq Məmməd Araz sənətkarlığının səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin: “Dolular qırımlı, daşlar döyənək, Sən kimə gərəksən, mən kimə gərək” və yaxud: “Haray durnam, qatarımı itirdim, Havar çəkdim, havarımı itirdim. Dalğasında avarımı itirdim”, habelə: “Keçməzliyə keçid olan Çəhlimlərin açarını”, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında olan kimi elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməllik göstəriciləridir. Ana dilinin belə kamil işlənməsi və təcəssümünə görə onun yaradıcılıq dilinə xüsusi qiymət verən tədqiqatçılar, o cümlədən yazıçı Sabir Rüstəmxanlı da haqlı olaraq yazırdı: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. …Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. Yazıçı Anarın bu fikirləri də ifadə və tutum baxımından daha dəqiqdir ki: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”.

Xalq şairi Məmməd Arazın yaradıcılığını müdrik lider Heydər Əliyev də çox sevirdi. Buna görə də hələ sağlığında şair ulu öndər Heydər Əliyevin qayğısı ilə əhatə olunub. “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur”, – deyə dahi lider onun yaradıcılığına ən yüksək qiyməti vermişdir. M.Araz müdrik liderimizin qayğısı və himayəsi ilə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdir. Bu görkəmli söz ustadının indi də xatirəsi əziz tutulur. Görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalanmışdır.  Şairin vətəni Naxçıvanda da Ali Məclis Sədrinin təsdiqlədiyi tədbirlər planına əsasən onun 80 illik yubileyi böyük təntənə ilə qeyd edilmiş, doğma kəndi Nursuda Ev muzeyi yaradılmış, “Naxçıvan” jurnalının bir nömrəsi və “Məmməd Araz: taleyi və sənəti” kitabı ona həsr olunmuş, əsərləri yenidən çap edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Xalq şairi Məmməd Araz yaradıcılığı haqqında demişdir: “Məmməd Araz poeziyası misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsuludur. O, müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaşdır”.

Bəli, Məmməd Araz sənəti bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Ədibin xalqa bağlılığına, ana dilinə, xalq ədəbiyyatına, xalq müdrikliyinə, hikmətinə bələdçiliyinə görədir ki, onun əsərləri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Bu mənada Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında liman salan bir gəmidir.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: