Qars müqaviləsi və Naxçıvanın statusu məsələsi

1. 038

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsindən 97 il ötür. Qars müqaviləsi ilə Тürkiyə və Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələləri həll оlundu. Bu müqavilənin əsas müddəaları Mоskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsi idi.

“Böyük Ermənistan” yaratmaq üçün bir sıra torpaqlara iddialı olan ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. 1918-1920-ci illərdə ermənilər Naxçıvanda soyqırımlar törətmiş, lakin əhalini tabe edə bilməmişdilər. 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilədə isə  Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur Ermənistana güzəşt edilmişdi.

1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti yaradılmışdır. Bu münasibətlə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etmişdir. Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatı Naxçıvan və Zəngəzurun müsəlman əhalisinin güclü narazılığına səbəb olmuşdur. Naxçıvan əhalisi diyarın Azərbaycandan qoparılmasına ciddi etiraz etmişdir. Bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılanmışdı. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərmişdir. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski burada yerləşən türk nümayəndələri ilə münasibətləri normallaşdıraraq onlarla birgə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başlamışdır.

Behbud ağa Şahtaxtinskinin keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirmişdi. Ermənistan Respublikası Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyib 1920-ci il 28 dekabr bəyanatı ilə Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdığını, daşnakların ona qarşı ərazi iddialarından imtina etdiyini bildirdi.

Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alaraq, Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qalmışdı. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruriləşdirmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs vermişdir.

Naxçıvanın Ermənistana güzəştə gedilməsinə qarşı çıxan Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etməliyik. Onun Rusiya Xalq Komissarları Sovetinin sədri V.I.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Behbud ağa Şahtaxtinskinin təklifləri V.I.Lenini maraqlandırmış və o, məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.

Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Nümayəndə heyətinə əvvəlcə Bəkir Sami bəy, sonra isə Yusif Kamal bəy rəhbərlik edirdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi ilə nəticələndi. Müqavilə 16 maddə və 2 əlavədən ibarət idi. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul etmişdi. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Müqavilənin şərtlərinə görə, Azərbaycan onun protektaratını üçüncü dövlətə verə bilməzdi. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.

Moskva müqaviləsinə görə Naxçıvanın sərhədləri (1 C) əlavəsində göstərilən şəkildə müəyyən edilmişdi: Ararat stansiyası (8930-3080) – Saray bulaq dağı (8071) – Kömürlüdağ (8839) – Sayatdağı (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8160) – yüksəklik (8022) – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi.

Moskva müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. Bu müqavilə Azərbaycanın bütovlüyünü qorumuş və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirmişdir.

Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapmışdır. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə istəyirdi ki, üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalasın. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi, Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etmişdir.

Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənub Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılmışdır. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orsonikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bildi. Qeyd etməliyik ki, Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvan ölkəsinin mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi ora ezam etmişdi.

Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilmişdir. Açılışda Kazım Qarabəkir paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış etmişlər. Qars danışıqları çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif edirdi. Kazım Qarabəkir paşa bunu belə əsaslandırırdı ki, “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik”.

RSFSR-in nümayəndəsi Y.Qanetski bir ümumi müqavilənin bağlanmasında israr edirdi və xeyli sayda dəlillər gətirirdi. Əslində isə Y.Qanetskinin gətirdiyi dəlillər Rusiyanın bu respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi.

Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzalamışdır. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu.

Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək,  “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və [nəhayət] keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhəddində (qurtarır)”.

Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etmişdir. Qars müqaviləsi müddətsiz imzalanmışdır. Bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir.

Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən 657 kvadrat kilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin təqribən 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.

Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilmişdir. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilmişdir. Müstəqillik dövründə isə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Bu Konstitusiyada Naxçıvan Muxtar  Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır” şəklində təsbit olunmuşdur. Son illərdə muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni həyatında çox böyük uğurlar qazanılmışdır.

Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanımış, Qars müqaviləsi ilə ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atmış, lakin bu gün də belə Naxçıvan iddialarından əl çəkməmişdir. Naxçıvanı ələ keçirmək istəyən, bunun üçün hər cür vasitələrdən istifadə edən, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”, – deyən ermənilərin qarşısına Qars müqaviləsi ilə sədd çəkilmişdir.

Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılması naminə ümummilli liderimiz Heydər Əliyev mühüm siyasi fəaliyyət göstərmişdir. Hələ 1991-ci il yanvar ayının 11-də ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması ilə yanaşı, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdır.

Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də Naxçıvanın muxtariyyət statusu daim diqqət mərkəzində olmuş, ulu öndərimizin müəllifi olduğu Kon­stitusiyamızın 134-cü maddəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit edilmişdir. Ulu öndəri­miz Naxçıvanın muxtariyyət statusu əldə etməsinin və Qars müqaviləsinin imzalanmasının mühüm tarixi əhəmiyyət daşıdığını bildirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Mos­kva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir  sənəddir”.

Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və beynəlxalq Qars müqaviləsinin 90-cı ildönümünə həsr olunmuş konfransdakı məruzəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi, “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

İsmayıl Hacıyev

 AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: