XİN: Paşinyanın Frankafoniyada səsləndirdiyi yalan fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə ziddir

162

Ermənistan baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankafoniya təşkilatının açılışındakı çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir.

NUHÇIXAN xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışındakı çıxışını şərh edərkən bildirib.

“Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir”, – deyə bəyanatda bildirilir.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin işğalına son qoyacaq və zor gücü ilə öz evlərindən qovulmuş azərbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki evlərinə və mülklərinə təhlükəsiz və ləyaqətlə geri dönməsini təmin edəcək real addımlar atılmayanadək Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinin irəli aparılmasına dair bütün bəyanatları yalnız söz olaraq qalacaq.

Ermənistan öz öhdəliklərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun davranmalı, münaqişənin tezliklə sülh yolu ilə həlli və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunların qısa zamanda çıxarılması üçün nəticəyə yönəlik danışıqlarda konstruktiv şəkildə iştirak etməlidir. Yalnız bundan sonra bölgədə davamlı sülh təmin oluna bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: