UEFA Avropa Liqasının finalçıları məlum olub

74

 

Futbol üzrə UEFA Avropa Liqasının finalçıları məlum olub.

NUHÇIXAN xəbər verir ki, mayın 3-də keçirilən yarımfinal görüşlərində qələbə qazanan İspaniyanın “Atletiko Madrid” və Fransanın “Marsel” klubları finala vəsiqə əldə ediblər.

Yarımfinal mərhələsinin maraqla gözlənilən əsas oyununda “Metropolitano” stadionunda Madridin “Atletiko” klubu Londonun “Arsenal” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun taleyini bir qol həll edib. Belə ki, matç “Atletiko”nun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu birinci hissənin sonuncu dəqiqəsində madridlilərin heyətində Dieqo Kosta vurub. Komandalar arasında Londondan keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatdığından iki oyunun nəticəsində qalib gələn Dieqo Simeonenin yetirmələri finala yüksəliblər.

Digər yarımfinal görüşü isə Avstriyadakı “Red Bull Arena”da keçirilib. Qarşılaşmada avstriyalılar 2:1 hesabı ilə qalib gəlsələr də, ilk oyunda məğlub olduqları (0:2) üçün turnirlə vidalaşıblar. Oyunda hesabı matçın 53-cü dəqiqəsində Amadu Haidara açıb. Qarşılaşmanın 65-ci dəqiqəsində “Marsel”in heyətində Bouna Sarrın avtoqolu hesab arasındakı fərqi artırıb – 2:0. Qalibi müəyyənləşdirmək üçün oyunun əlavə vaxtında – 115-ci dəqiqədə künc zərbəsindən sonra Rolando “Marsel”in finala yüksəlməsini təmin edən qolu “Zalsburq”un qapısından keçirib – 2:1. Bu qol görüşdə sonuncu olub. İki oyunun nəticəsinə əsasən, 3:2 hesabı ilə qalib gələn Fransa təmsilçisi finala vəsiqə qazanıb.

UEFA Avropa Liqasının final matçı mayın 16–da Fransanın Lion şəhərində oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: